Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1614/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və Bakı şəhəri Səbail rayonu DYPŞ Yol patrul xidmətinin baş inspektoru X1 iştirakı ilə, ##.##.1963-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Kəpəz rayonu, İsmayıl Hacıbəyov küç ev 42 ünvanında qeydiyyatda olan Haqverdiyev İsmayıl Məmməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Haqverdiyev İsmayıl Məmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Haqverdiyev İsmayıl Məmməd oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında ## ### 2026-cı il tarixli, İXP8024440 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Haqverdiyev İsmayıl Məmməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Haqverdiyev İsmayıl Məmməd oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayonu DYPŞ Yol patrul xidmətinin baş inspektoru X1 apellyasiya şikayətinin əsassız olduğu üçün təmin olunmamasını və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Haqverdiyev İsmayıl Məmməd oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinə üzrlü səbəblər olması ilə bağlı qabaqcadan məhkəməyə məlumat verməmişdir. Məhkəmə gəlməyən tərəfin iştirakı olmadan inzibati xəta haqqında iş üzrə icraata baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ## ### 2026-cı il tarixli, İXP8024440 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Haqverdiyev İsmayıl Məmməd oğlu həmin tarixdə, saat 11:10 radələrində “X2 Mınık” markalı ** YZ *** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün saxlanılmış, daha sonra isə müayinə zamanı onun sərxoş olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Alcovisor- Jupiter X (seriya nömrəsi: 09101549, qeydiyyat nömrəsi: 00045) aparatının ##.##.2026-cı il tarixli (vaxt: 11:08:04) çıxarışdan görünür ki, testin nəticəsində Haqverdiyev İsmayıl Məmməd oğlunun nəfəsində 0,543 promil alkoqol müəyyən edilmişdir. İş materiallarında olan Haqverdiyev İsmayıl Məmməd oğlunun Səbail Rayon Polis İdarəsində yazdığı izahatından görünür ki, o alkoqol sərxoşluğu vəziyyətində avtomobil idarə etməsini etiraf edərək tibbi müayinəyə ehtiyac olmadığını bildirmişdir. Protokol tərtib etmiş şəxs tərəfindən birinci instansiya məhkəmə iclasında təqdim edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “X2 Mınık” markalı, ** YZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Haqverdiyev İsmayıl Məmməd oğlu alkoqol sərxoşluğu vəziyyətində olduğunu etiraf etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Haqverdiyev İsmayıl Məmməd oğlu tərəfindən məhkəmə iclasında təqdim edilmiş “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında ## ### 2026-cı il tarixli, */***** nömrəli protokol”un surətindən həmin tarixdə Haqverdiyev İsmayıl Məmməd oğlunun ayıq vəziyyətdə olduğu əks olunsa da, həmin tibbi müayinə sənədinə etibarlı sübut növü yanaşmayaraq məhkəmə qeyd edir ki, həmin tibbi müayinə protokolunda Haqverdiyev İsmayıl Məmməd oğlunun müayinə olunma saatı ilə bağlı hər hansı qeyd aparılmamışdır. Məhkəmə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarla razılaşaraq qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Haqverdiyev İsmayıl Məmməd oğlunun ##.##.2026-cı il tarixdə avtomobil idarə edərkən sərxoş vəziyyətdə olması iş üzrə yuxarıda qeyd olunan sübutlarla tam təsdiqini tapmışdır. Şəxs tərəfindən təqdim edilmiş tibbi müayinə sənədi isə etibarlı sübut kimi məhkəmə tərəfindən qəbul edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göründüyü kimi, Haqverdiyev İsmayıl Məmməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi iş üzrə tərtib edilmiş protokol, sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin göstəricisi və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Haqverdiyev İsmayıl Məmməd oğlunun məhkəmə iclasında verdiyi izahatı həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Haqverdiyev İsmayıl Məmməd oğlunun bu izahatı inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün vermişdir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Haqverdiyev İsmayıl Məmməd oğlu barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və barəsində qərar qəbul etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Məhz Haqverdiyev İsmayıl Məmməd oğlunun xüsusi texniki vasitəsinin nəticəsi ilə razı olmasını bildirməsi, onun yol-patrul əməkdaşları tərəfindən tibbi müayinəyə aparılması zərurətini aradan qaldırmışdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Haqverdiyev İsmayıl Məmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1614/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1614/2026
08.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver