Məhkəmə qərarları › İş №3(3-6)-1660/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1660/2026

11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1660/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Mirzəyeva Şəlalə Namiq qızının katibliyi ilə, Şikayətçi “ARCHİCO” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, “ARCHİCO” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən “ARCHİCO” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 müraciəti əsasında MMC-yə *-**-*/*-****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktub göndərilərək müvafiq sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, bu günədək sənədlər tam təqdim edilməmişdir. Belə ki, son haqq-hesabın hesablanmasına dair sənədlərin surəti təqdim edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarına əsasən “ARCHİCO” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və “ARCHİCO” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati məsuliyyətə cəlb olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və nəticədə əsassız qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ARCHİCO” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən “ARCHİCO” MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, № *-**-*/*- ****/**** nömrəli məktubun məzmunundan görünür ki, qeyd olunmuş müvafiq sənədlərin (əmək müqaviləsinin surəti, son haqq-hesabın hesablanması və ödilməsini təsdiq edən sənədlərin surəti, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, Həmkarlar İttifaqı Təşkilatına müraciət və HİT-in razılığı və.s), vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu), 7 iş günü ərzində X3 Xidməti Bakı şəhər idarəsinə təqdim edilməsi tələb olunmuşdur. “ARCHİCO” MMC tərəfindən X3 Xidmətinin Bakı şəhər idarəsinin ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli sorğusuna cavab olaraq ünvanlanmış ##.##.2026-cı il tarixli, ***/** nömrəli məktubunun məzmunundan görünür ki, X2 ilə əmək qanunvericiliyi çərçivəsində əmək müqaviləsi bağlanılmış, işçinin öz xahişi ilə əmək qanunvericiliyinə uyğun xitam verilmişdir. Müraciət edilən məktubla X2 dair (əmək müqaviləsinin surəti, son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, əmək müqaviləsinə xitam verilməsinə dair sənədlər, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu və s.) sənədlərin təqdim edilməsi tələb edilmişdir. Həmin sənədlər Xidmətin Bakı şəhər idarəsinə göndərilmişdir. Lakin şikayətçi X2 şikayət ərizəsi səlahiyyətli orqan tərəfindən təqdim edilmədiyindən hüquqi şəxs şikayət ərizəsi ilə tanış ola bilməmiş və vətəndaşın müraciətində qeyd olunan məsələlərə dair münasibət bildirmək qeyri-mümkün olmuşdur. ****** №-li qaimənin surətindən görünür ki, “ARCHİCO” MMC tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidmətinə ünvanlanan məktub ##.##.2026-cı il tarixdə Xidmətin əməkdaşı “Cəfərova” adlı şəxs tərəfindən qəbul edilmişdir. “ARCHİCO” MMC tərəfindən X3 Xidmətinin Bakı şəhər idarəsinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubuna cavab olaraq ünvanlanmış ##.##.2026-cı il tarixli, ***/** nömrəli məktubunun məzmunundan görünür ki, X2 ilə əmək qanunvericiliyi çərçivəsində əmək müqaviləsi bağlanılmış, işçinin öz xahişi ilə əmək qanunvericiliyinə uyğun xitam verilmişdir. Bakı şəhər idarəsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən 2026-cı ilin fevral ayında X2 dair zəruri sənədlər (əmək müqaviləsinin surəti, son haqqhesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər - işçinin öz xahişi ilə xitam ərizəsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmr və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi) göndərilmişdir. Şikayətçi F.Qonağovun şikayət ərizəsi hüquqi şəxsə təqdim edilməyi üçün tanış olmaq və müraciətdə qeyd olunan məsələlərə münasibət bildirmək mümkün olmamışdır. Göstərilənlərə əsasən son haqq-hesabın hesablanmasına dair sənədlərin surətlərinin təqdim edilməməsi səbəbi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə etiraz olunur. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Xidmətin Bakı şəhər idarəsinin *-**-*/*-****/**** nömrəli, ##.##.2026-cı il tarixli sorğusu üzrə tələb olunan sənədlər, eləcə də son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti (cədvəl və “xxxx” ASC-yə aid ödəniş tapşırığı) idarəyə ##.##.2026-cı il tarixli məktubla 7 iş günü ərzində göndərilmiş, eyni məktubla vətəndaşın müraciətində qeyd etdiyi məsələyə münasibət bildirilməsinin qeyri-mümkünlüyü izah edilmişdir. Hətta ikinci dəfə “ARCHİCO” MMC X3 Xidmətinin Bakı şəhər idarəsinə ##.##.2026-cı il tarixli ***/** nömrəli məktub göndərməklə dövlət orqanının sorğusuna etinasızlıq və hörmətsizlik nümayiş etdirmədiyini sübuta yetirmiş, barəsində inzibati xəta haqqında protokolun hansı səbəbdən tərtib edilməsinin qeyri-müəyyənliyini səlahiyyətli orqanın nəzərinə çatdırmışdır. Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.11-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq Qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. “ARCHİCO” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar