Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1705/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Cengiz İnşaat Sanayii Ve Ticaret Anonim Şirketi” nin Azərbaycan Respublikasındakı Filialının vəkili Bakı şəhəri ** saylı Vəkil Bürosunun müdafiəçisi Vəkil və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhəri İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) “Cengiz İnşaat Sanayii Ve Ticaret Anonim Şirketi” nin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 539.3-cü maddəsi ilə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Hacıyeva Mətanət İsfəndiyar qızı) “Cengiz İnşaat Sanayii Ve Ticaret Anonim Şirketi” nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmamasına görə xitam verilmişdir. Həmin qərardan X4 Xidmətinin hüquq idarəsi şikayət verib, onun ləğv edilməsini, “Cengiz İnşaat Sanayii Ve Ticaret Anonim Şirketi” nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, səlahiyyətli orqan X2 şikayəti əsasında araşdırma aparılması ilə əlaqədar “Cengiz İnşaat Sanayii Ve Ticaret Anonim Şirketi” nin Azərbaycan Respublikasındakı Filialına göndərdiyi ## ###### 2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli məktubunda qeyd edilmiş sənədlərin 7 iş günü müddətində təqdim edilməsini tələb etmiş, lakin həmin filial məktubda göstərilmiş sənədləri tələb edilən müddətdə səlahiyyətli orqana göndərməmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X1 verilmiş şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişlər. Apellyasiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Cengiz İnşaat Sanayii Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının vəkili Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil izahatında birinci instansiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlilinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İXM ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş üzrə səlahiyyətli orqan inzibati xəta haqqında protokolu birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayətin dəlilində göstərdiyi hal üzrə tərtib etmişdir. Səlahiyyətli orqanın “Cengiz İnşaat Sanayii Ve Ticaret Anonim Şirketi” nin Azərbaycan Respublikasındakı Filialına ünvanladığı ## ###### 2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli məktubundan görünür ki, həmin orqan göstərilən Cəmiyyətdən X2 aid olan işə qəbul əmri, bununla bağlı onun ərizəsi, iş vaxtının uçotu tabelləri, əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surətləri, sonuncunun müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair ətraflı cavab məktubunun 7 iş günü ərzində səlahiyyətli orqana göndərilməsini tələb etmişdir. İş üzrə birinci instansiya məhkəməsi qəbul etdiyi qərarında gəldiyi müvafiq nəticəni iş materialları ilə səlahiyyətli orqanın ## ###### 2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli məktubunun filiala poçt və ya elektron kabineti vasitəsilə çatdırılmasının sübut edilməməsi, beləliklə də həmin Cəmiyyətin əməlində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması ilə əsaslandırmışdır. Bunun əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, səlahiyyətli orqanın birinci instansiya məhkəməsinə təqdim etdiyi, yuxarıda göstərilən çıxarışla ## ###### 2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli məktubunun “ASİS” vasitəsilə həmin filialın “ƏMAS”da olan elektron kabinetinə yerləşdirilməsi, bununla da səlahiyyətli orqanın həmin məktubunun göstərilən həmin filiala lazımi qaydada göndərilməsi və həmin filialın bundan məlumatlı olması mübahisəsiz qaydada müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi bu barədə nəticəyə gələrkən, “Cengiz İnşaat Sanayii Ve Ticaret Anonim Şirketi” nin Azərbaycan Respublikasındakı Filialının səlahiyyətli orqan tərəfindən təqdim edilmiş çıxarışda əks olunmuş məlumatları, yəni həmin məktubun onun “ƏMAS”-da olan elektron kabinetinə göndərilməsini təkzib edən hər hansı sübutu birinci və apellyasiya instansiyası məhkəmələrinə təqdim etməməsini də nəzərə alır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə əməl etməklə hesab edir ki, “Cengiz İnşaat Sanayii Ve Ticaret Anonim Şirketi” nin Azərbaycan Respublikasındakı Filialının səlahiyyətli orqana ## ###### 2026-cı il tarixli, *-**- */*-****/**** nömrəli məktubunda göstərilmiş sənədləri 7 iş günü ərzində göndərməməsi əməlində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətini səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərilmiş məzmunda yaratmışdır. “Cengiz İnşaat Sanayii Ve Ticaret Anonim Şirketi” nin Azərbaycan Respublikasındakı Filialının elektron kabineti vasitəsilə həmin məktubdan vaxtında məlumatlı olmaması göstərilən inzibati məsuliyyətini istisna edən hal kimi nəzərə alına bilməz. Göstərilənlərə əsasən iş üzrə “Cengiz İnşaat Sanayii Ve Ticaret Anonim Şirketi” nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Buna görə də filial həmin maddə ilə müvafiq inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci madəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən “bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; Məhkəmə hesab edir ki, “Cengiz İnşaat Sanayii Ve Ticaret Anonim Şirketi” nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olsa da, inzibati xəta haqqında protokol tərtib edildiyi tarixədən dörd aydan artıq müddət keçdiyindən, bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin müəyyən olunmuş faktiki hallarına əsasən qənaətini “Cengiz İnşaat Sanayii Ve Ticaret Anonim Şirketi” nin Azərbaycan Respublikasındakı Filialı ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisənin törədilməsində təqsirli olsa da, qanunun qeyd olunan normalarına əsasən həmin xətanın törədildiyi vaxtdan, 4 ayadək müddət keçdiyindən onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməməlidir. Məhkəmənin qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiyini, yəni birinci instansiya məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığını, onun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasların olduğunu göstərir. Qanunun qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən “Cengiz İnşaat Sanayii Ve Ticaret Anonim Şirketi” nin Azərbaycan Respublikasındakı Filialının yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə təqsirli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. “Cengiz İnşaat Sanayii Ve Ticaret Anonim Şirketi” nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1705/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1705/2026
18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver