Məhkəmə qərarları › İş №3(3-6)-1721/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1721/2026

09.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1721/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək məqsədilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 327.7 və 346.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə ## ##### 2026-cı il tarixli, IXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 Idarəsi tərəfindən ## ##### 2026-cı il tarixli, IXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə şikayətin inzibati tənbeh vermə haqqında elektron qərardan verilməsi və şikayətçinin yaşayış yerinin Suraxanı rayonu ərazisində yerləşməsi əsas gətirilərək materialın baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilməsi, habelə inzibati xətanın Yasamal rayonu ərazisində törədilməsi nəzərə alınaraq məhkəmələr arasında yaranmış aidiyyətlə bağlı fikir ayrılığının həll edilməsi üçün materialın Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Materialı nəzərdən keçirib hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.7 və 346.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə dair material baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunmalıdır ki, IXM-in 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası yalnız həmin Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrinə uyğun olaraq çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilən şikayətlərə münasibətdə tətbiq edilir. Iş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında qərar IXM-in 327.7 və 346.4-cü maddələri ilə qəbul edilmişdir. Onlardan 346.4-cü maddə IXM-in 122.1-ci maddəsində sadalanan inzibati xətalar sırasına daxil olsa da, bu hal özlüyündə şikayətə yaşayış yeri üzrə baxılması üçün əsas yaratmır. Belə ki, IXM-in 129.1.3-1-ci maddəsinin tətbiqi üçün inzibati xətanın yalnız IXM-in 122.1-ci maddəsində nəzərdə tutulması kifayət etmir. Bununla yanaşı, inzibati xəta həmin maddədə müəyyən edilmiş qaydada foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməli və bunun əsasında inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmalıdır. Lakin iş materiallarından görünür ki, hazırkı inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməmiş, ## ##### 2026-cı il tarixli, IXP ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında Bakı şəhər X1 Idarəsinin rəisi tərəfindən ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Belə olan halda şikayətin məhkəmə aidiyyəti IXM-in 129.1.3-cü maddəsinə əsasən müəyyən edilməli və şikayətə inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsində baxılmalıdır. Iş materiallarından və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xəta hadisəsi Bakı şəhəri Yasamal rayonu, Zahid Xəlilov küçəsi ərazisində baş verdiyi göstərilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, barəsində inzibati icraat aparılan şəxs tərəfindən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması barədə vəsatət təqdim edilməmişdir. Belə olan halda törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi Bakı şəhərinin Yasamal rayonu ərazisində baş verdiyindən hazırkı materiala məhz Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. IXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.7 və 346.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə ## ##### 2026-cı il tarixli, IXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar