Məhkəmə qərarları › İş №3(3-6)-1747/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1747/2026

17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1747/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi ilə, İsmayılova Əfsanə Həmzə qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından tələbkar Zərərçəkmiş şəxs İlqar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İsmayılova Əfsanə Həmzə qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə İsmayılova Əfsanə Həmzə qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Zərərçəkmiş şəxs İlqar oğlu apellyasiya şikayəti verərək həmin qərarın inzibati tənbehin növü və məbləği hissəsində dəyişdirilməsini, İsmayılova Əfsanə Həmzə qızına daha ağır inzibati tənbeh tətbiq edilməsini, yaxud maddənin sanksiyası çərçivəsində inzibati həbs tətbiq edilməsini və ya alternativ olaraq maksimum həddə yaxın cərimənin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati tənbehin növü və məbləği ilə razı deyil, məhkəmə işin faktiki hallarını düzgün qiymətləndirmədiyindən təyin olunmuş tənbeh törədilmiş inzibati xətanın ağırlığına uyğun deyildir. İş materialları borclunun sadəcə ödəmə imkanının olmamasını deyil, məhkəmə qərarının icrasından qəsdən yayınmasını və dövlət hakimiyyəti nümayəndəsinin qanuni tələblərinə nümayişkaranə şəkildə tabe olmamasını təsdiq edir. Birinci instansiya məhkəməsi cərimənin niyə məhz 700 manat məbləğində müəyyən edilməsini əsaslandırmamış, daha ciddi inzibati təsir tədbirlərinin tətbiq edilməsinin mümkünsüzlüyünü göstərməmişdir. Halbuki borclunun davranışı məhkəmə qərarlarına və icra prosesinə açıq etinasızlıq nümayiş etdirməklə xarakterizə olunur. Bu səbəbdən hesab edir ki, təyin edilmiş inzibati tənbeh aşkar surətdə yüngüldür və inzibati məsuliyyətin məqsədlərinə uyğun gəlmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmir, məhkəmə iclasın onların iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, işdə iştirak edən şəxsi dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli icra vərəqəsindən görünür ki, İsmayılova Əfsanə Həmzə qızından işin uğurlu nəticəsinə görə 1500 (min beş yüz) manat məbləğində mükafat və ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manatı tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabı vasitəsilə iddiaçı Zərərçəkmiş şəxs İlqar oğluna ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında ## ####### 2025-ci il tarixli qərardan və bildirişdən görünür ki, İsmayılova Əfsanə Həmzə qızı barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. İnzibati xəta haqqında ## ### 2026-cı il tarixli MN ******* nömrəli protokoldan görünür ki, İsmayılova Əfsanə Həmzə qızı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ####### 2025ci il tarixli e-*(***)-****/**** nömrəli icra sənədi üzrə olan borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə İsmayılova Əfsanə Həmzə qızı barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılova Əfsanə Həmzə qızı izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsinə əsasən ondan cəmi 1525 manat pulun ondan alınaraq Zərərçəkmiş şəxs İlqar oğluna ödənilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi üzrə icra sənədi ilə bağlı icra məmuru tərəfindən ona tələbin könüllü icrası ilə bağlı bildiriş verilmişdir. O, məhkəmə çəkişməsindən əvvəl həmin puldan artığını vəkilə ödəmişdir. Ona görə də, hazırkı qətnamə üzrə borcunu ödəməkdən imtina edir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikasının Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli Qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin Qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar”. Məhkəmə belə qənaətə gəlmişdir ki, İsmayılova Əfsanə Həmzə qızının dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, İsmayılova Əfsanə Həmzə qızının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozması öz təsdiqini tapmışdır. Məhkəmə tələbkarın apellyasiya şikayətinə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq şəxsi 700 manat məbləğində cərimə etmiş, tənbeh tədbirinin növünün dəyişdirilməsi və ya barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi üçün əsaslar olmamışdır. Zərərçəkmiş şəxs apellyasiya şikayətində İsmayılova Əfsanə Həmzə qızı barəsində alternativ inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında yalnız cərimə və inzibati həbs növündə tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Eyni zamanda apellyasiya şikayətində qeyd olunanlar zərərçəkmiş şəxsin iddia etdiyi kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati həbs növündə tənbeh tətbiq edilməsi üçün əsas olmamışdır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyası icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə bağlıdır. Qanunverici orqan həmin maddənin dispozisyasını və sanksiyasını müəyyən edərkən apellyasiya şikayətində qeyd olunan halları nəzərə almış və həbs növündə tənbeh tədbiri ilə yanaşı həm də daha yüngül tənbeh növü sayılan cərimə tənbeh tədbiri nəzərdə tutmuşdur. Nəhayət, apellyasiya şikayətində qeyd olunanlar inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi üçün yetərli olmamışdır. Eyni zamanda, apellyasiya şikayətində qeyd edilən hallar inzibati tənbeh növünün ağırlaşdırılması üçün əsas deyil, həmçinin müvafiq inzibati xətanın dispozisiyasında nəzərdə tutulmuşdur və həmin hallara uyğun olaraq tənbeh növləri və həddi müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq İsmayılova Əfsanə Həmzə qızının barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş halları nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş orta həddə cərimə növündə tənbeh tədbiri tətbiq etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsində ## #### 2025-ci il tarixli MŞB/*/-***** saylı Barışıq Sazişinə istinad edilmiş və həmin Sazişdə göstərilmişdir ki, “Tərəflər kimi çıxış edən İsmayılova Əfsanə Həmzə qızı və Həmidov Orxan İlyaz oğlu razılaşırlar ki, birgə nikahlarından anadan olmuş ##.##.2015-ci il təvəllüdlü X1 atası Həmidov Orxan İlyaz oğlunun himayəsində qalacaq, ##.##.2019-cu il təvəllüdlü X3 isə anası İsmayılova Əfsanə Həmzə qızının himayəsində qalacaqdır”. Məhkəmə onun himayəsində bir azyaşlı uşağının olmasını da İnzibati Xətalar Məcəlləsinin 32.1.3-cü maddəsinə əsasən (inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi) məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alır. Beləliklə, məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində müəyyənləşdirilmiş imperativ tələbi pozmayaraq himayəsində on dörd yaşınadək bir uşağı olan (## #### 2019-cu il təvəllüdlü X3) Əfsanə İsmayılovanın barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq etməmişdir və hazırkı apellyasiya baxışı zamanı da onun barasində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada qadağan edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61- 80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, hazırkı apellyasiya baxışı zamanı da İsmayılova Əfsanə Həmzə qızının təqsirli olması təsdiq edilir, buna baxmayaraq barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilmir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı işin faktiki hallarına uyğun, qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar