Məhkəmə qərarları › İş №3(3-6)-1754/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1754/2026

09.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1754/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN ******* nömrəli protokola dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDIM: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində IXM-in 215.1 və 215.4-cü maddələri ilə ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə inzibati xətaya dair materialın aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə inzibati xətaya dair materiala Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olması əsas gətirilərək, məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün material Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Materialı nəzərdən keçirib hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində IXM-in 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında protokola əsasən ## ### 2026-cı il tarixdə ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus klinikada keçirilmiş yoxlama zamanı lisenziyada göstərilən fəaliyyət növlərindən kənar stomatoloji-cərrahi (implantologiya) fəaliyyətin həyata keçirilməsi, habelə sertifikasiya şəhadətnaməsi olmayan şəxsin praktik tibb fəaliyyətinə buraxılması halları aşkar edilmiş və həmin hərəkətlərə görə MMC barəsində IXM-in 215.1 və 215.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. IXM-in 215.1-ci maddəsində ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 215.4-cü maddəsində isə ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. IXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi şəxs tərəfindən hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. Hazırkı iş üzrə IXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar hərəkət formasında törədilən əməllərlə bağlıdır. Belə ki, lisenziyada nəzərdə tutulmayan tibbi fəaliyyətin həyata keçirilməsi və sertifikasiya şəhadətnaməsi olmayan şəxsin praktik tibb fəaliyyətinə buraxılması müəyyən hərəkətlərin həyata keçirilməsini nəzərdə tutur. Inzibati xəta haqqında protokoldan görünür ki, həmin əməllər ünvan 1 ünvanında yerləşən klinikada keçirilmiş yoxlama zamanı aşkar edilmişdir. Beləliklə protokola əsasən törədilməsi ehtimal olunan inzibati xətaların həmin ünvanda baş verdiyi müəyyən edilmişdir. Odur ki, hazırkı material üzrə törədilməsi ehtimal olunan inzibati xətalar hərəkət formasında törədilən əməllərlə bağlı olduğundan və inzibati xəta haqqında protokoldan həmin əməllərin Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən ünvanda baş verməsi müəyyən edildiyindən materiala Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. IXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında göstərilənləri nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında ## ### 2026-cı il tarixli, MN ******* nömrəli protokola dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar