Məhkəmə qərarları › İş №3(3-6)-1766/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1766/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1766/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayev Elnur Natiq oğlunun və onun müdafiəçisi Hacıyev İntiqam Məcid oğlunun iştirakları ilə, İsayev Elnur Natiq oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayev Elnur Natiq oğlunun müdafiəçisi Hacıyev İntiqam Məcid oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İsayev Elnur Natiq oğlunun barəsində Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, İsayev Elnur Natiq oğlu ##.##.2026cı il saat 10:45 radələrində ünvan 1 ünvanında “HYUNDAI İ 20 minik” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə İsayev Elnur Natiq oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi, İsayev Elnur Natiq oğlunun Azərbaycan Respublikasının İXM-in 329.3-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surətinin Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayev Elnur Natiq oğlunun müdafiəçisi Hacıyev İntiqam Məcid oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında protokolda göstərilmişdir ki, guya İsayev Elnur Natiq oğlu ##.##.2026-cı il saat 10:45 radələrində ünvan 1 ünvanında "HYUNDAI 20 minik" markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Nərimanov Rayon Məhkəməsi işin faktiki hallarını araşdırmadan, əsassız olaraq ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı Qərar çıxarmış, nəticədə İsayev Elnur Natiq oğlu 400 (dörd yüz) manat cərimə edilmişdir. Əvvəla inzibati xəta haqqında protokolda və məhkəmənin sözügedən qərarında Elnur İsayevin ünvan 1 ünvanında saxlanıldığı göstərilsə də bu həqiqətə uyğun deyildir. Belə ki, Elnur İsayev sözügedən tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif Prospekti yaxınlığında saxlanılmışdır. Bu faktı avtomobilə quraşdırılmış GPS cihazı təsdiq edir. Həmin cihaz sözügedən vaxtda avtomobilin harada olmasını dəqiqliklə göstərir (disk şəklində məhkəməyə təqdim olunacaq). Lakin Nərimanov RPİ-nin DYPŞ-si tərəfindən Elnur İsayev barəsində ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolunda qanunsuz formada ünvan dəyişdirilmişdir. Digər tərəfdən məhkəmənin qərarında “"Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında" protokoldan görünür ki, ##.##.2026-cı il saat 10:40-da vətəndaş İsayev Elnur Natiq oğlunun spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən onun sərxoşlub vəziyyətinin müəyyən edilməsi üçün "ACE-Z" markalı IN ****** nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində E.N.İsayevin spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. E.N.İsayev izahatında həkimə getməyə ehtiyac olmadığını, alkotestrin "0,5" olan göstərici ilə razı olduğunu, spirtli içki olan pivə qəbul etdiyini səmimi olaraq etiraf etmişdir” ifadələri təhrif olunmuş şəkildə qeyd olunmuşdur. Müvəkkilimi saxlayan Polis əməkdaşları ona idarə etdiyi avtomobillə Nərimanov RPİ-nin DYPŞ-sinə yaxınlaşmasını bildirmişdirlər. Bundan sonra müvəkkilim öz avtomobilini idarə edərək sözügedən orqana yaxınlaşmışdır. Nərimanov RPİ-nin DYPŞ-də polis əməkdaşları Elnur İsayevin adından izahat tərtib etmiş, imza çəkməyəcəyi halda onu buraxmayacaqlarını demişdirlər. Bundan sonra müvəkkilim ailəsi də avtomobildə olduğu üçün məcbur qalaraq imza çəkmişdir. Halbuki müvəkkilim öz ifadəsinə saxlanıldığı gündən əvvəlki gün günorta radələrində sadəcə iki bakal “Pivə” qəbul etdiyini bildirmişdir. Eləcə də ##.##.2026-cı il tarixli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin nəticəsinə dair sənəddə həmin gün saat 10:40-da aparılan müayinə zamanı İsayev Elnur Natiq oğlu alkoqolun qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyəti 0,576 % müəyyən olunduğu göstərilsə də bu da işin hallarına uyğun gəlməməkdədir. Belə ki, ##.##.2026-cı il, saat 10:40-da müvvəkillinin sərxoşluq vəziyyəti 0,576% müəyyən olunduğu halda, həmin gün saat 12:20-də “Respublika Narkoloji Mərkəzi” PHŞ-də aparılan tibbi müayinə zamanı Elnur İsayevin sərxoşluq vəziyyəti 0,000 promill (ayıq) müəyyən olunmuşdur (qoşmaya əlavə olunur). Necə ola bilər ki cəmi bir saat yarım müddətdə Elnur İsayevin sərxoşluq vəziyyəti 0,576 promildən 0,000 promillə enmişdir?! Göründüyü kimi Nərimanov RPİ-nin DYPŞ-nin əməkdaşları müvvəkkilinin sərxoşluq vəziyyəti barəsində qanunsuz şəkildə nəticə müəyyənləşdirmiş, bununla da əsassız protokol tərtib olunmuşdur. ##.##.2026-cı il, saat 12:20 tarixində aparılan tibbi müayinənin nəticəsi Nərimanov RPİ-nin DYPŞ-nin əməkdaşları qəsdən cıraraq məhv edilmişdir. Buna görə də müvəkkili “Respublika Narkoloji Mərkəzi” PHŞ-yə müraciət edərək həmin müayinən nəticəsi ilə bağlı ##.##.2026cı il tarixli arayış əldə etmişdir. Eyni zamanda yuxarıda da qeyd olunduğu kimi Polis əməkdaşları müvəkkilini saxlayarkən ona öz avtomobilini idarə edərək Nərimanov RPİ-nin DYPŞ-nə yaxınlaşmasını bildirmişdirlər. Əgər Elnur İsayevin sərxoşluq vəziyyəti həmin anda 0,576 promill idisə Polis əməkdaşları nə üçün müvəkkilinə belə bir göstəriş verərək avtomobilini idarə etməsini ona həvalə etmişdirlər?! Deyilənlərdən də aydın olur ki İsayev Elnur Natiq oğlu ##.##.2026-cı il, saat 10:40 tarixində saxlanılarkən ayıq vəziyyətdə olmuş, lakin Nərimanov RPİ-nin DYPŞ-nin əməkdaşları qanunsuz formada müvəkkilinin guya sərxoş vəziyyətdə olduğunu əks etdirən protokol tərtib etmişdirlər. ##.##.2026-cı il, saat 10:40-da olan müayinədən sonra Nərimanov RPİ-nin DYPŞ-sinin əməkdaşları protokolu tərtib etdikdən sonra özlərini haqlı çıxarmaq məqsədilə Elnur İsayevin avtomobilini Nərimanov RPİ-nin DYPŞ-sinin qarşısından4-5 saat sonra ** saylı saxlanc yerinə aparmışdırlar. Nərimanov Rayon Məhkəməsi də işin faktiki hallarını yetərincə araşdırmadan, yanlış nəticəyə gəlmiş və nəticədə müvəkkilim barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Qeyd olunanlar həmin qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğunu göstərir. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayev Elnur Natiq oğlu və onun müdafiəçisi Hacıyev İntiqam Məcid oğlu apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçılarının mövqelərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, ##.##.2026-cı il saat 10:40-da vətəndaş İsayev Elnur Natiq oğlunun spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı İN ****** nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində E.N.İsayevin spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. E.N.İsayev izahatında həkimə getməyə ehtiyac olmadığını, alkotestrin “0,5” olan göstərici ilə razı olduğunu, spirtli içki olan pivə qəbul etdiyini səmimi olaraq etiraf etmişdir. ##.##.2026-cı il tarixli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin nəticəsinə dair sənəddən görünür ki, həmin gün saat 10:40-da aparılan müayinə zamanı İsayev Elnur Natiq oğlu alkoqolun qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyəti 0,576 % müəyyən olunmuşdur. “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” ##.##.2026cı il tarixli aktan görünür ki, “HYUNDAI İ 20 minik” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobil ** saylı cərimə meydançasına yerləşdirilmişdir. Birinci instansiya məhkəməsi hazırki işin materiallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında və “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, İsayev Elnur Natiq oğlu “HYUNDAI İ 20 minik” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2026-cı il tarixdə ünvan 1 ərazisində alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həmin sübutlarla müəyyən edilmişdir ki, ##.##.2026-cı il saat 10:40-da İsayev Elnur Natiq oğlunun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı İN ****** nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilərkən onda alkoqolun qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyəti (0,576 %) aşkar edilmiş, şəxs özü izahatı ilə cihazın nəticəsini mübahisələndirməmiş, əksinə razılığını ifadə etməklə və həkim müayinəsindən imtina etməklə spirtli içki qəbul etməsini etiraf etmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, məhkəmə tərəfindən işin bütün faktiki halları araşdırılmamış və gəlinən nəticə inzibati xəta tərkibinin tam sübuta yetirilməsi baxımından əsaslı olmamışdır. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi İsayev Elnur Natiq oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyinin sübuta yetirilməsi baxımından “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokola əsasən onun izahatında həkimə getməyə ehtiyac olmaması, alkotestrin “0,5” olan göstərici ilə razı olduğunu bildirməsi, spirtli içki olan pivə qəbul etdiyini səmimi olaraq etiraf etməsi faktına istinad olunmasına baxmayaraq, apellyasiya şikayətində, eləcə də hazırki apellyasiya baxışı zamanı iştirak etmiş İsayev Elnur Natiq oğlunun irəli sürüdüyü dəlillərə əsasən polis orqanında verdiyi ifadəsində yalnız hadisədən bir gün əvvəl spirtli pivə qəbul etməsi, lakin hadisə günü ümumiyyətlə spirtli içki qəbul etməməsi barədə məlumat verməsini, protokola onun tərəfindən bildirilməmiş ifadələrin əlavə olunduğunu, xüsusilə də protokolun məzmunundakı “həkimə ehtiyac yoxdur”cümləsinin onun tərəfindən yazılmadığını qeyd edərək ##.##.2026-cı il tarixli sözügedən protokolun mötəbərliliyini mübahisələndirmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ##.##.2025-cı il tarixli protokolda saat 10:40-da vətəndaş İsayev Elnur Natiq oğlunun spirtli içki qəbul etməsinin aşkar edildiyi qeyd olunmaqla yanaşı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayev Elnur Natiq oğlu və onun müdafiəçisi Hacıyev İntiqam Məcid oğlu tərəfindən məhkəməyə təqdim olunan ##.##.2026-cı il tarixli **/**/-**** nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 arayışından görünür ki, İsayev Elnur Natiq oğlu ##.##.2026-cı il tarixdə saat 12:20-də sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan müayinədən keçmiş və müayinən nəticəsi 0,000 promildir. (Ayıq) Başqa sözlə, məhkəmə İsayev Elnur Natiq oğlunun ##.##.2025-cı il tarixdə təxminən 1 saat yarım vaxt fasiləsi ilə əvvəlcə “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ##.##.2025-cı il tarixli protokola əsasən saat 10:40-da müayinənin nəticəsi 0,5 promil göstərilməklə sərxoşluğunun müəyyən olunması, daha sonra onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 arayışına əsasən ##.##.2026-cı il tarixdə saat 12:20-də sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan müayinəsinin nəticəsinin 0,000 promil götərilməklə ayıq olmasının müəyyən edilməsi faktını apellyasiya şikayətinin digər dəlilləri ilə əlaqəli surətdə nəzərdən keçirərək İsayev Elnur Natiq oğlunun ona istinad olunan inzibati xətanı törədib-törətməməsi faktının sübuta yetirilməsində işin bütün hallarının araşdırılmadığını qeyd edir. Buna görə də məhkəmə İsayev Elnur Natiq oğlunun “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ##.##.2025-cı il tarixli protokola onun tərəfindən bildirilməmiş ifadələrin əlavə olunması, xüsusilə də protokolun məzmunundakı “həkimə ehtiyac yoxdur”cümləsinin onun tərəfindən yazılmaması, habelə İsayev Elnur Natiq oğlunun öz ifadəsini təsdiq etdiyi hissədə protokolun məzmununda qeyd olunmuş onun hadisə günü deyil, dünən, yəni hadisədən əvvəlki gün üçün spirtli pivə qəbul etməsi, 0,5 promillə razıyam məzmununda ifadə vermiş olması xüsusatlarını nəzərə alararaq iş üzrə əlavə araşdırmanın aparılmasını və protokolun məzmunundakı yazılarla əlaqədar müvafiq ekspertizanın keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd olunan normaların tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayev Elnur Natiq oğlunun müdafiəçisi Hacıyev İntiqam Məcid oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsayev Elnur Natiq oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilsin. İş yenidən araşdırmanın aparılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar