Məhkəmə qərarları › İş №3(3-6)-1782/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1782/2026

02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1782/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi nümayəndə1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin nümayəndəsi və vəkili nümayəndə3 iştirakları ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından “xxxx” MMCnin nümayəndəsi və vəkili nümayəndə3 tərəfindən verilmiş şikayətə Bakı apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ##.##.2026-cı ildə Azərbaycan Respublikası Mərkəzi Bankının ##.##.2026-cı il tarixli, *-*-**/*-****/**** nömrəli məktubu ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ##.##.2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim Sahilə Bağırova) “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş 200100.00 ABŞ dolları məbləğində valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi məbləğində, yəni 40.020 (qırx min iyirmi) ABŞ dolları məbləğində (ödəniş gününə manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) cərimə edilmişdir. Qərardan, hüquqi şəxsin nümayəndəsi və vəkili nümayəndə3 apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin barəsində olan inzibati xətaya xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, xarici partnyor “VAN ALİMİNYUM BAKİR DÖKÜM SANAYİ TİCARET “ A.Ş ilə müəssisə arasında ##.##.2023-cü il tarixli SC/VAN/NTN/** nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən 500 MT aliminum külçələrin idxalı razılaşdırılmışdır. Nəticədə , ümumilikdə , 20 ədəd YGB-i üzrə 1.163302,80 ABŞ dolları həcmində 493377 kq (493 t) miqdarında aliminium külçələr ölkəyə idxal edilmişdir. Həmin idxal edilmiş mallara görə tərəfimizdən xarici partnyora ##.##.2023-cü il tarixində 52.455 ABŞ dolları , ##.##.2023-cü il tarixində 100000 ABŞ dolları , ##.##.2023-cü il tarixində 285070 ABŞ dolları, ##.##.2023-cü il tarixində 159278.3 ABŞ dolları, ##.##.2024-cü il tarixində 100000 ABŞ dolları, ##.##.2024-cü il tarixində 1000000 ABŞ dolları, ##.##.2024- cü il tarixində 100000 ABŞ dolları , ##.##.2024-cü il tarixində 65300 ABŞ dolları məbləğində olmaqla ümumilikdə, 963012.15 ABŞ dolları ödəniş edilmişdir. Bununla da müəssisənin xarici partnyora 200290.65 ABŞ dolları ödənilməmiş borcu qalmışdı. Borcun olması faktını “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli məktubu da təsdiqləyir. Daha sonra xarici partyor ilə aramızda ##.##.2024-cü il tarixli SC/VAN/NTN/** nömrəli yeni müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən 300 MT aliminum külçələrin idxalı tərəflər arasında razılaşdırılmışdır. Müəssisənin ilkin müqavilə üzrə borcu olduğu üçün xarici partnyor yeni müqavilə üzrə avans məbləğinin ödənilməsini tələb etmişdi. Bu səbəbdən həmin müqavilə üzrə ##.##.2024-cü il tarixində 200100 ABŞ dolları məbləğində avans ödənişi edilmişdir. Qarşılıqlı öhdəliklərə dair tərəflər arasında ##.##.2024cü il tarixli ** nömrəli qarşılıqlı üzləşmə aktı tərtib edilmiş və qarşılıqlı borc məbləğləri bir daha təsdiqlənmişdir. Lakin vergi orqanının müvafiq qərarlarına əsasən müəssisəyə bir milyon manatdan çox məbləğdə əsassız və qanunsuz vergi məbləğləri hesablanmış , bank hesablarına sərəncam ( həbs ) qoyulmuş və sahibkarlıq fəaliyyətimiz iflic vəziyyətinə düşmüşdür. Bu səbəbdən müəssisənin kreditorlar qarşısında icra edilməmiş öhdəlikləri qalmışdı. Müəssisə 2024-cü ilin sonlarından faktiki olaraq fəaliyyət göstərməmişdir. Halhazırda da müəsisənin fəaliyyəti dayandırılmışdı. Əsassız vergi məbləğləri ilə bağlı mübahisələr davam edir. Sahibkarlıq fəaliyyətimiz faktiki olaraq dayandırıldığına görə xarici partnyora ##.##.2024-cü il tarixli **/**-**** nömrəli yazılı bildiriş göndərilərək ##.##.2024-cü il tarixli SC/VAN/NTN/** nömrəli müqavilənin ləğv edilməsi və 200100 ABŞ dolları məbləğində avans ödənişin geri qaytarılması ondan xahiş edilmişdir. Lakin həmin bildirişə cavab olaraq xarici partnyor tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli məktuba əsasən ##.##.2024cü il tarixli SC/VAN/NTN/** nömrəli müqavilənin ləğv edilməsi razılaşdırılsa da, müvafiq səbəblər göstərilməklə avans ödənişin geri qaytarılmasından imtina edilmişdir. Bu səbəbdən xarici partnyorun tələbi əsasında ##.##.2024-cü il tarixli 01/05- **** nömrəli müqavilə imzalanmaqla tərəflərin qarşılıqlı öhdəlikləri əvəzləşdirilmiş və borclar üzrə öhdəliklərə qarşlıqlı qaydada xitam verilmişdir. Hətta həmin müqavilədən sonra da müəssisənin xarici partnyora borcu qalmaqdadır. Tərəflər arasında imzalanmış qarşılıqlı əvəzləşdirmə barədə müqavilə “Valyuta tənzimi haqqında ” qanunun 14-cü , 17.1 -ci və AR MM-nin 527-ci, 540-544-cü maddələrinə uyğun olaraq hazırlanmış və bu sənədləşmədə hər hansı pozuntu halı mövcud olmamışdı. Aydın olduğu kimi tərəfimizdən məhkəməyə təqdim edilmiş rəsmi sənədlər inzibati xəta haqqında iş üçün əhəmiyyət daşıdığı üçün , onlar sübut hesab edilir. Lakin birinci instansiya məhkəməsi qanunsuz olaraq bu sənədləri sübut kimi qəbul etməmişdir. Digər tərəfdən qarşılıqlı əvəzləşdirmə müqaviləsi təkcə mülki hüquqi baxımdan deyil, həm də valyuta nəzarəti və valyuta tənzimi baxımından da hüquqi nəticə doğuran bir müqavilədir. Belə ki, “Valyuta tənzimi haqqında ” qanunun 17.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında valyuta əməliyyatları həyata keçirən rezident və qeyri-rezidentlər bu Qanunla və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək hüququna malikdirlər. Bu maddənin dizpozisiyası blanket hüquq norması olmaqla valyuta əməliyyatları həyata keçirən şəxsə təkcə həmin qanunla deyil, həm də digər qanunvericilik aktları ilə , o cümlədən Mülki Məcəllə ilə müəyyən edilmiş hüquqlardan istifadə etmək imkanı verir. Bu baxımdan qarşılıqlı borcların əvəzləşdirilməsi mülki hüquqla nəzərədə tutulan və “ Valyuta tənzimi haqqında ” qanunun 17.1-ci maddəsinə uyğun olaraq valyuta tənzimi sahəsində həyata keçirilə bilən bir hüquqdur. Bu hüququn aşağı qüvvəli Qaydalarla məhdudlaşdırılması isə mümkün deyildi. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi və vəkili nümayəndə3 şikayətin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Daha sonra o, qeyd etmişdir ki, şirkətdə ilk növbədə avans ödənişi yox, mallar gəlir və ondan sonra ödənişləri olunur. Həmin mallar üzrə şirkətin ödənilməmiş borcumuz qalmışdır. Müqavilənin nömrəsi və tarixi fərqli olsa da, tərəflər və mahiyyət eynidir. Mallar gətirilmiş və satdıqca xaricdə olan satıcıya pul ödənilmişdir. Sonuncu dəfə qarşı tərəfə borcları olmuşdur. Ödəniş edəndən sonra vergi orqanı ilə problem yaranmış və şirkət işləyə bilməmişdir. Şirkət işləyə bilmədiyinə görə xaricdə olan satıcıya məktub göndərmişlər ki, “Xahiş edirik, avans ödənişi geri qaytarın, çünki biz sizdən mal ala bilməyəcəyik. Bizim fəaliyyətimizi iflic vəziyyətinə salıblar.” Qarşı tərəf də rəsmi qaydada bildirmişdir ki “sizin bizə borcunuz var. Yaxşı, biz bunu sizə qaytardıq. Siz də deyirsiniz ki, bizim bank hesablarımız dondurulub, işləyə bimirik. Bizim pulumuzu necə qaytaracaqsınız? Sizin bizə borcunuz olduğuna görə üzləşmə aktı da var. Mən həmin o ödənişi borca əvəzləşdirirəm, çünki artıq mallar gəlib.” Nümayəndə hesab etmişdir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi yoxdur. Burada dövlətin heç bir maraqlarına xələl gəlməyib. Ona görə ki mal gəlib, pul isə əvəzləşdirilib. Formal səbəblərə əsaslanaraq, məhkəmə 40.000 dollar məbləğində cərimə cəzası təyin etmişdir. İş materiallarında qarşı tərəfin məktub da var. Həmin məktubda da bildirilir ki, şirkətin onlara borcu olduğundan avans yolu ilə pulu qaytamaqdan imtina edirlər. Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi nümayəndə1 şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Belə ki, o, çıxışında qeyd etmişdir ki, hər bir şirkət ölkədən vəsaiti çıxaran zaman Banka müqavilə invoysu verir. Bu müqavilə invoysunun mahiyyəti ondan ibarətdir ki, ödənişin təyinatını qeyd etsin. Yəni pul vəsaitinin ölkədən hansı məqsədlə çıxarıldığı aydın olsun. İş üzrə bağlanılan müqavilə iqtisadi fəaliyyətlə bağlı olan bir müqavilədir. Müqavilənin predmeti, tarixi, malları, dəyəri məlumdur. Bu məqsədlə ölkədən pul çıxırsa, qanunvericiliyin tələbinə əsasən müvafiq malın idxalı tələb olunur. Hər hansı başqa müqavilə ilə idxal olunmuş, dəyəri ödənilməyən malın əvəzləşməsinə yol verilmir. Belə olduğu halda maliyyə intizamı pozulur. Bir müqavilə ilə ölkəyə mal gəlir, pul ödənilmir, başqa bir müqavilə ilə pul ölkədən çıxır dəyəri ödənilmir. Apellyasiya şikayəti verən tərəf deyir ki, “biz onları əvəzləşdiririk”. Qəbul etsək ki, əvəzləşdirilir, sabahı günü pul ölkədən çıxarıldıqda necə olacaq? Belə olduqda məhkəmənin qərarı da ortada qalacaq. Burda texniki səhv yoxdur. Bu iş üzrə mallar idxal olunmayıb. Başqa bir müqavilənin öhdəliyi bu müqavilənin öhdəliyi ilə əvəzləşdirilə bilməz. Şirkət borcunun olduğunu bilə-bilə qəsdən borcu ödəmir, başqa müqavilənin predmetinin avansını ödəyir. Müqavilə üzrə qarşı tərəf də haqlıdır, tərəf özü bunu tənzimləməlidir. Şirkət borcu ödəmək istəyirdisə bəyannamə təqdim edərək borcu dəyərin əsasında ödəyə bilərdi. Qaydalara əsasən, dəyərin ödənilməsi üçün bəyannamə təqdim edilərək keçirilə bilər. Yəni, şirkət bugün də qarşı tərəfə pul ödəmək istəsə, bəyannamə ilə dəyərini ödəyə bilər. Niyə bunun adını avans qoyurlar? Tərtib edilmiş izibati xəta haqqında protokol tamamilə əsaslıdır, birinci instansiya məhkəməsinin qərarı da qanunidir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli Qərarında İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Qanunvericiliyin yuxarıda qeyd olunan normalarını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tədqiq edilmiş sənədlərlə, inzibati xəta haqqında protokolla, habelə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Bununla belə apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi bir sıra hallara diqqət yetirilməklə öz münasibətini bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati tənbeh nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində “müəyyən edilmiş müddətlərdə” anlayışı, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndində müəyyən edilmiş 2 (iki) il müddəti özündə ehtiva edir. İşdə olan sənədlərdən görünür ki, “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixdə 200.100 ABŞ dolları məbləğində vəsait Azərbaycan Respublikasından kənara köçürülmüşdür. Göründüyü kimi, “xxxx” MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin müəyyən etdiyi inzibati xəta, ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 200.100 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin banka təqdim edilmədiyi və qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılması üçün müəyyən edilmiş 2 (iki) illik müddətin ##.##.2026-cı il tarixdə başa çatması ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələbinə əsasən, «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın 4.3.1.3-cü bəndində nəzərdə tutulmuş konkret müddətin (iki ilin) ötürülməsi inzibati xəta faktının subyektə münasibətdə yaranması üçün şərtsiz əsasdır. Protokolu tərtib edən orqan tərəfindən birinci instansiya məhkəməsinə daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC tərəfindən 200100.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ##.##.2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür". Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 200100.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ##.##.2026-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, bilavasitə apellyasiya şikayətinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, hüquqi şəxsin nümayəndəsi tərəfindən irəli sürülən arqumentlər inzibati məsuliyyəti istisna edən hallar kimi qiymətləndirilə bilməz. Belə ki, iş üzrə təqdim edilmiş sənədlərdən görünür ki, tərəflər arasında ##.##.2023 cü il tarixli SC/VAN/NTN/** nömrəli və ##.##.2024-cü il tarixli SC/VAN/NTN/** nömrəli iki ayrı-ayrı müqavilə bağlanmışdır. Həmin müqavilələr fərqli hüquqi əsaslara, fərqli öhdəlik predmetlərinə və fərqli hesablaşma şərtlərinə malik olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ##.##.2023-cü il tarixli müqavilə üzrə mallar faktiki olaraq Azərbaycan Respublikasına idxal edilmiş, həmin idxalı təsdiq edən gömrük bəyannamələri təqdim olunmuşdur. Təqdim edilmiş bəyannamələr üzrə Qrafa 20-də “120” çatdırılma kodu göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2014-cü il tarixli, ***/*** nömrəli sərəncamı ilə təsdiq edilmiş “Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası”na əsasən “120” kodu malın dəyərinin idxaldan sonra ödənilməsinin nəzərdə tutulduğunu göstərir. Bu isə o deməkdir ki, həmin müqavilə üzrə idxal edilmiş mallara görə ödənişin sonradan həyata keçirilməsi hüquqi baxımdan mümkün olmuş və həmin bəyannamələr ödənişlə bağlanmalı olan açıq öhdəliklər kimi mövcudluğunu saxlamışdır. Digər tərəfdən, hazırkı inzibati xəta haqqında iş üzrə icraatın predmeti olan ##.##.2024-cü il tarixli 200100 ABŞ dolları məbləğində köçürmə isə tamamilə başqa ##.##.2024-cü il tarixli SC/VAN/NTN/** nömrəli müqavilə əsasında həyata keçirilmişdir. Həmin ödəniş qabaqcadan ödəniş xarakteri daşımış və bank sənədlərində avans ödənişi kimi rəsmiləşdirilmişdir. Belə ödənişlər üzrə qanunvericiliyin tələbinə görə ödəniş müqabilində mallar ölkəyə idxal edilməli və ya ödənilmiş vəsait geri qaytarılmalıdır. Hüquqi şəxsin sonradan bağlanmış qarşılıqlı üzləşmə aktlarına və əvəzləşdirmə müqaviləsinə istinad etməsi inzibati məsuliyyəti aradan qaldırmır. Çünki tərəflər arasında sonradan əldə edilmiş razılaşma ilkin valyuta əməliyyatının hüquqi mahiyyətini dəyişdirmir. ##.##.2024-cü il tarixində həyata keçirilmiş ödəniş qanunvericiliyin mənasına görə qabaqcadan ödəniş kimi həyata keçirilmiş və həmin tarixdən etibarən Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş vəzifələr hüquqi şəxs üçün yaranmışdır. Hüquqi şəxsin nümayəndəsinin mövqeyindən də aydın olmuşdur ki, ##.##.2023-cü il tarixli müqavilə üzrə şirkətin xarici tərəf qarşısında borcu mövcud olmuşdur və həmin müqavilə üzrə təqdim edilmiş gömrük bəyannamələri açıq qalmışdır. Həmin bəyannamələr üzrə “120” çatdırılma kodu göstərildiyindən, malların dəyərinin sonradan ödənilməsi hüquqi baxımdan mümkün idi. Başqa sözlə, hüquqi şəxs əvvəlki müqavilə üzrə mövcud borcunu istənilən vaxt qanuni qaydada ödəyə bilərdi. Bunun əvəzinə isə yeni müqavilə bağlanaraq ayrıca avans köçürməsi həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi doğru qeyd etmişdir ki, ilkin müqavilədən sonra tərəflər arasında qarşılıqlı tələblərin əvəzləşdirilməsi barədə müqavilənin bağlanması nə malların idxalını təsdiq edən gömrük bəyannaməsi hesab edilə bilər, nə də qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geriqaytarılması faktını təsdiq edir. Qaydaların 4.3.1.3-cü yarımbəndi isə alternativ olaraq yalnız iki halı nəzərdə tutur: ya malların idxalı təsdiq edilməli, ya da qabaqcadan ödənilmiş vəsait geri qaytarılmalıdır. Qanunvericilik həmin öhdəliyin əvəzləşdirmə yolu ilə icra edilməsini bu normanın tətbiqindən azadolma əsası kimi nəzərdə tutmamışdır. Hüquqi şəxs sahibkarlıq fəaliyyəti subyekti kimi xarici iqtisadi fəaliyyətlə məşğul olmuş, müxtəlif müqavilələr bağlamış və beynəlxalq hesablaşmalar həyata keçirmişdir. Bu səbəbdən onun valyuta tənzimi sahəsində qanunvericiliyin tələblərini bilməli və fəaliyyətini həmin tələblərə uyğun qurmalı olduğu gözləniləndir. Sonradan bağlanmış əvəzləşdirmə müqaviləsi tərəflərin mülki-hüquqi münasibətlərini tənzimləyə bilsə də, valyuta nəzarəti sahəsində yaranmış hüquqi öhdəlikləri aradan qaldırmır. Hüquqi şəxsin nümayəndəsinin istinad etdiyi qarşılıqlı tələblərin əvəzləşdirilməsi institutu mülki hüquq münasibətlərinin tənzimlənməsi vasitəsidir və tərəflərin qarşılıqlı borc öhdəliklərinə xitam verilməsinə yönəlmişdir. Lakin hazırkı iş üzrə mübahisə tərəflərin mülki hüquqi münasibətlərindən deyil, valyuta tənzimi və valyuta nəzarəti sahəsində dövlət tərəfindən müəyyən edilmiş imperativ tələblərin yerinə yetirilib-yetirilməməsindən irəli gəlir. Bu səbəbdən tərəflərin sonradan əldə etdikləri razılaşma valyuta nəzarəti məqsədləri üçün hüquqi nəticə doğurmur və qanunla müəyyən edilmiş öhdəliklərin icra edilməməsini qanuniləşdirə bilməz. Hüquqi şəxs ##.##.2024-cü il tarixində yeni müqavilə əsasında avans ödənişi həyata keçirərkən əvvəlki müqavilə üzrə ödənilməmiş borcun mövcud olduğunu bilmişdir. Belə olan halda hüquqi şəxs həmin borcun ödənilməsi üçün əvvəlki müqavilə üzrə açıq qalmış bəyannamələrdən istifadə etmək imkanına malik olduğu halda, yeni müqavilə bağlayaraq ayrıca valyuta köçürməsi həyata keçirmişdir. Sonradan yaranmış hüquqi nəticələrin və risklərin hüquqi şəxs tərəfindən əvvəlcədən qiymətləndirilməməsi onun məsuliyyətini istisna edən hal hesab edilə bilməz. Bundan başqa, iş materiallarından görünür ki, müqavilənin digər tərəfi (xarici hüquqi şəxs) ##.##.2024-cü il tarixli məktubunda 200.100 ABŞ dolları məbləğində vəsaiti geri qaytarmaqdan imtina etdiyini və həmin məbləğin əvvəlki müqavilədən yaranmış borcla əvəzləşdirilməsini təklif etdiyini bildirmişdir. Bu hal onu göstərir ki, hüquqi şəxs ödənilmiş vəsaitin geri qaytarılmayacağı barədə məlumatlı olmuş və qanunvericiliklə müəyyən edilmiş 2 illik müddətin başa çatmasını gözləmədən həmin riskdən xəbərdar olmuşdur. Birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, hüquqi şəxs tərəfindən xarici tərəfə ödənişin qaytarılması barədə müraciət edilməsi və xarici tərəfin həmin tələbi rədd etməsi özlüyündə hüquqi şəxsin qanunvericiliklə nəzərdə tutulmuş öhdəliyini aradan qaldırmır. Əksinə, həmin andan etibarən hüquqi şəxs ödənilmiş vəsaitin geri qaytarılmasının təmin olunması üçün zəruri hüquqi tədbirlər görməli idi. Lakin iş materiallarında hüquqi şəxsin vəsaitin geri alınması məqsədilə məhkəmə və ya arbitraj qaydasında tələb irəli sürməsi, yaxud ödənişin qaytarılmasına yönəlmiş digər təsirli hüquqi vasitələrdən istifadə etməsi müəyyən edilmir. Əksinə, tərəflərsonradan ödənilmiş vəsaitin əvvəlki müqavilədən yaranmış borcla əvəzləşdirilməsi barədə razılığa gəlmişlər. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır ki, apellyatorun dəlillərinə uyğun əks yanaşma qəbul edildiyi təqdirdə, istənilən rezident şəxs xaricə avans ödənişi həyata keçirdikdən sonra sonradan bağlanmış hər hansı mülki-hüquqi razılaşmaya istinad etməklə valyuta nəzarəti mexanizmlərindən yayınmaq imkanı əldə etmiş olardı ki, bu da qanunvericinin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin nail olmaq istədiyi məqsədlərinə zidd olardı. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun ## ###### 2020-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, sahibkarlıq fəaliyyətinin əsasını təşkil edən mülkiyyət hüququ mütləq hüquq deyil və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun (bundan sonra – Konvensiyanın * saylı Protokolu) 1-ci maddəsində dəqiq müəyyən edilmiş məhdudiyyətlərə məruz qala bilər. Həmin maddəyə görə mülkiyyət hüququna müdaxiləyə yalnız aşağıdakı hallarda yol verilir: - qanunla müəyyən edilmişdirsə; - ictimai maraq kəsb edirsə; Göründüyü kimi, mülkiyyət hüququna müdaxilə ilk növbədə qanunauyğunluq tələbini ödəməlidir. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Qaydaların 4.3.1.3-cü yarımbəndi və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müvafiq valyuta əməliyyatına xüsusi nəzarət rejiminin tətbiq olunması və valyuta tənzimi qaydasının pozulmasına görə inzibati hüquqi məsuliyyətin müəyyən edilməsi sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıdığı üçün həmin hüquqi normalar Konstitusiyanın 59 və 79-cu maddələrinin tələblərinə uyğun hesab edilməlidir. Odur ki, şikayətdə qeyd olunan hallar birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar hesab oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslı hesab edir. Bu baxımdan, müəyyən olunmuş işin faktiki halları belə nəticəyə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, “xxxx” MMC-nin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 434.4-cü maddəsi ilə düzgün müəyyənləşdirmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə, “xxxx” MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələblərinə əsasən, inzibati tənteh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həmin inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Apellyasiya instansiyası məhkəməsi “xxxx” MMC-nin barəsində tətbiq edilmiş inzibati tənbehin həddini törədilmiş xətanın xarakterinə və təqsirlilik dərəcəsinə uyğun sayır və hesab edir ki, birinci instansiya məhkəməsi onun barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, qanunvericiliyin tələblərini və işin həqiqi hallarını nəzərə alan apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olmaqla, təyin edilmiş inzibati tənbehin həddinə münasibətdə ədalətlidir. Bu səbəbdən qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134.1.1ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar