Məhkəmə qərarları › İş №3(3-6)-1798/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1798/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1798/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Azərbaycan Republikası DIN Bakı şəhəri BPI-nin X1 Idarəsinin nümayəndəsi nümayəndə1 və barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştrakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-in 327.1ci maddəsi ilə inzibati xətalara dair iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Republikası DIN Bakı şəhəri BPI-nin X1 Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN-nin Bakı şəhər DYPI tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verərək, qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-ci il tarixində idarə etdiyi, “Changan Qiyuan Q07 Plug-in hibrid” markalı ** VN *** dövlət nişanlı avtomobil ilə Cəfər Xəndan küçəsində hərəkət edərkən yol patrul xidməti inspektoru tərəfindən dayandırılıb. Avtomobilini saxlayan inspektor ona qayda pozuntusunun nədən ibarət olmasını normal qaydada izah edə bilməmişdir. Bundan sonra bütün prosesual qaydaları pozaraq, inspektor IXM 327.1. maddəsinə əsasən (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) inzibati xəta haqqında protokol tərtib etmişdir. O belə bir qayda pozuntusuna yol verməyib və fikrinə görə həmin yolda bunu etmək ümumiyyətcə mümkün deyil. Inzibati xəta haqqında protokol ilə razı olmadığı üçün ##.##.2026-cı il tarixində “Asanpay” dövlət portalında şəxsi elektron kabineti vasitəsilə həmin inzibati xəta haqqında protokoldan şikayət verib. Səlahiyyətli orqan IXM 57,126.2 və 126.3.-cü maddələrinin tələblərini pozaraq barəsində qərar qəbul etmişdir. Inzibati orqan qərar qəbul edərkən ona heç bir sübut təqdim edə və qayda pozuntusunu sübuta yetirə bilməmişdir. Protokolda göstərilmiş yolda əks istiqamətə çıxmadan manevr edərək yol hərəkəti qaydasını fiziki olaraq pozmaq mümkün deyil. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol tamamilə absurd və qanunsuzdur, inspektor tərəfindən əsas olmadan şablon şəklində yazılmışdır. Lakin işin mahiyyətinə varmayan yuxarı səlahiyyətli vəzifəli şəxs R X3 inzibati xəta haqqında protokolu yazan inspektor kimi şablon və əsassız qərar qəbul etmişdir. Baxmayaraq ki, dərhal ##.##.2026-cı il tarixində elektron kabinet vasitəsilə şikayət edərək məhkəmədə hüquqlarının müdafiəsi üçün qərarın surətini ona hər hansı yolla verilməsini tələb edib, səlahiyyətli orqan IXM 57, 57-1 maddələrinin bütün tələblərini pozaraq bu günə qədər inzibati xəta haqqında qərarı qanunvericiliklə nəzərdə tutulmuş qaydada ona nə poçt vasitəsilə göndərib, nə elektron kabinetə yerləşdirib, nə rəsmi qeydiyyatda olan elektron poçtuna göndərib. Buna baxmayaraq inzibati xəta haqqında cərimənin üzərinə hər gün qanunsuz olaraq dəbbə hesablanmaqdadır. “Vətəndaşların müraciəti haqqında” qanunun tələbləri kobud şəkildə pozan səlahiyyətli orqandan, “asanpay”, “e-polis", 102, 902 çağın mərkəzlərinə dəfələrlə etdiyi şikayətlərə və müraciətlərə bu günədək bir dənə olsun belə cavab ala bilməyib. Inzibati orqanlar və məhkəmə instansiyaları arasında yaranmış bu prosessual yubanmalar və mərkəzi informasiya sistemindəki icraatın dayandırılmaması səbəbindən, xəbəri olmadan cərimə məbləğinin üzərinə dəbbə pulu hesablanmış və IXM-in 150.11-ci maddəsinə əsasən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar tətbiq edilmişdir. Məhdudlaşdırma tətbiq edilən nəqliyyat vasitəsi ailəsinin, xüsusən də azyaşlı övladlarının məktəbə və gündəlik ehtiyaclarının qarşılanması üçün istifadə etdiyi vasitədir. Nəqliyyat vasitəsinin qanunsuz olaraq saxlanılması və cərimə meydançasına qoyulması haqqında qərar onun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnmiş, eyni zamanda Konstitusiyanın 60-cı maddəsi ilə təmin edilmiş məhkəmə müdafiəsi hüququnu faktiki olaraq məhdudlaşdırmışdır. Nəqliyyat vasitəsinin cərimə meydançasında qalaraq əlavə maddi və mənəvi zərərə səbəb olmasının qarşısını almaq üçün o yaranmış bürokratik çıxılmaz vəziyyətdə inzibati cəriməni məcburiyyət qarşısında ödəməli olmuşdur. Lakin, xüsusilə vurğulamaq istəyir ki, cərimənin onun tərəfindən ödənilməsi heç bir halda inzibati xətanı törətməyi barədə hüquqi iqrar (etiraf) kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası IXM-in 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, onun təqsirinin qanuni qüvvəyə minmiş qərarla sübuta yetirilməmişdir. Ödəniş yalnız qanunsuz və disfunksional işləyən mexanizmlərin yaratdığı təzyiqin aradan qaldırılmasına yönəlmiş zəruri addım olmuşdur. O özünü heç bir halda inzibati xəta törətmiş şəxs hesab etmir, barəsində tərtib olunmuş inzibati xəta haqqında qərar əsassızdır, qanunsuzdur və birmənalı olaraq ləğv edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə şikayətin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-nin 53-cü maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Bakı şəhəri BPI-nin X1 Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Republikası DIN Bakı şəhəri BPI-nin X1 Idarəsinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun çüxış edərək təmin olunmasını, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarının ləğv edilməsini və ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) verilmiş apellyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən məhkəməyə təqdim edilmiş video-görüntüyə məhkəmə iclasında baxış keçirilmiş, lakin həmin video görüntüdə IXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini-əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasının məhz Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə etdiyi “Changan Qiyuan Q07 Plug-in hibrid” markalı ** VN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi törədilməsini, eyni zamanda həmçinin IXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini-əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasını müəyyən etmək mümkün olmamışdır. ”Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 51.2-ci maddəsinə əsasən relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin, sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunun 51.3-cü maddəsinə əsasən ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə iclasında təqdim edilmiş video-görüntüyə baxış keçirilən zaman IXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini - əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasının məhz Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə etdiyi “Changan Qiyuan Q07 Plug-in hibrid” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi törədilməsini, eyni zamanda IXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini - əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasını müəyyən etmək mümkün olmamışdır. Iş üzrə digər sübut olmamışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərar ləğv edilməli və əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Iş üzrə toplanmış sübutları, işdə iştirak edən şəxslərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış, qanuni və əsaslı olaraq Qərardan şikayət verən orqan (şəxs) barəsində Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərarı ləğv etmiş və əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam vermişdir. Inzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar