Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1801/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlu, məhkəmə iclasının katibi X2 oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqdim edilmiş materiallardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 469-1-ci maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq işçisi Rəsulzadə Ajda Zübeyir qızının ## ###### 2026-cı il tarixdə iş yerində yıxılaraq xəsarət alması zamanı işəgötürən «xxxx» MMC tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığortalanmadığı aşkar edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, hüquqi şəxs qismində 5000 (beş min) manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan narazı qalan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqdi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmədə qeyd etdikləri nüanslara diqqət yetirməmiş və buna görə də istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsi qənaitinə gəlinmişdir. Halbuki, cəmiyyət tərəfindən Rəsulzadə Ajda Zübeyir qızının icbari sığorta haqqı ödənilmiş lakin 0.04 qəpik borcları qalmışdır. Bu borc isə daha sonra ##.##.2026-cı il tarixli ödəniş tapşırığı ilə ödənilsədə müvafiq təşkilat bu ödənişi vaxtında hesaba oturtmadığı üçün bu ödəniş nəzərə alınmamışdır. Buna dair ödəniş tapşırığı şikayətə əlavə edilir. Məhkəmə qərarının 1-ci vərəqinin 3-cü abzasında qeyd edilir ki: “Məhkəmənin iclaslarında iştirak edən "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, onun protokola münasibətdə etirazı yoxdur. “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icbari sığorta ödənişləri üzrə 0.04 qəpik borcu olduğu üçün Rəsulzadə Ajda Zübeyir qızının sığortası sistem tərəfindən qeydiyyata alınmamışdır. Bu pozuntuya bilavasitə məsul şəxs MMC-nin mühasibi kimi özü olmuş, hüquqi şəxsin bu pozuntuda hər hansı iştirakı olmamışdır. O, qeyd olunan halın məhkəmə tərəfindən nəzərə alınmasını və inzibati tənbehin tətbiq edilməməsini xahiş etmişdir. Halbuki, o qalıq borc olan 0.04 qəpiyin də ödənildiyini məhkəmənin diqqətinə çatdırmışdlr. Lakin məhkəmə bu halı öz qərarında əks etdirməmişdir. inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində deyilir: “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə". Məhkəmənin nəzərinə çatdırırlar ki, Məcəllənin müvafiq maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərəfindən törədilmədiyi üçün barələrində inzibati tənbeh verilməsi qanunsuzdur. Sığorta haqqı iki dəfəyə ödənilsədə bunu onlar icra etmişlər. Sığorta edən təşkilat ödənişləri vaxtında icra etməyibsə bunun günahkarı onlar deyil. Məhkəməyə təkrarən təqdim etdikləri "Atəşgah Həyat” Sığorta təşkilatının ##.##.2025-ci il tarixli Elektron Qaməsindən görünür ki, Rəsulzadə Ajda Zübeyir qızının sığorta haqqı 151 manat 20 qəpik təşkil edir. Əvvəlki sığorta müqaviləsi üzrə 0.04 qəpik borcları olduğu üçün sığorta şirkəti müqavilənin keçməsi üçün borcun ödənilməsini onlara bildirmişdir. Onlar isə bu 0.04 qəpik borcu 151 manat 24 qəpik ödəməklə ümumi şəkildə ödəmişlər. Həmin dövr üçün Rəsulzadə Ajdanın sığorta haqqı olan 151.20 qəpik tam ödənildiyi halda hansı səbəbdən biz cərimə olunmalıdırlar, Binəqədi rayon Məhkəməsi işi tam və ətraflı araşdırmamış, qanunun tələbini kobud şəkildə pozmuşdur. 0.04 qəpik borcun hansı dövrə aid olmasını belə müəyyən etməyən məhkəmə sığorta haqqını ödədikləri halda sığorta olunmadıqları qənaitinə gəlmişdir. Məhkəmə Qətnaməsinin 2-ci vərəqinin sonuncu abzasında məhkəmə qeyd edin “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissənin tələbinə görə işəötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir”. Məcəllənin tələbini pozmaqları qənaitinə necə gəlinib? Axı tərəflərindən 2025-2026-cı il üzrə sığorta şirkətinin elektron qaiməsi üzrə 151.20 manat əvəzinə 151.24 manat ödənilmişdir. Məhkəmənin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X6 şikayətin məzmununa oxşar çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində səlahiyyətli orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi İXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Hüquqi şəxsin iddiasına görə, 0.04 qəpik borcu olduğu üçün Rəsulzadə Ajda Zübeyir qızının sığortası sistem tərəfindən qeydiyyata alınmamışdır. Şikayətin dəlillərini işin materialları ilə yoxladıqda aşağıdakılar müəyyən edilir. İş materiallarından görünür ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti və Rəsulzadə Ajda Zübeyir qızı arasında ##.##.2025-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o ofis menecer vəzifəsinə işə qəbul edilmişdir. “Respublika Təcili və X7 Mərkəzi” PHŞ-nin ##.##.2026-cı il tarixli, **-*-**/*-***/**** nömrəli məktubundan görünür ki, ##.##.2026-cı il tarixində saat 17:18-də “Respublika Təcili və X7 Mərkəzi” PHŞ-in Mərkəzi Çağrı Xidmətinə (103) Xətai rayonu, Babək plaza A mərtəbə 10 ünvanına Ajda adına (35 yaş) “yıxılıb” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Xətai TTTYS bölməsinin həkimi Gülşən Şahbazova icra edərək, xəstə X8 (32 yaş) “Təpəsinin səthi travması” diaqnozu qoymuş, müvafiq yardım göstərilmişdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1.1-ci maddəsinə əsasən, hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar; - 4.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri bu Qanuna əsasən icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar; - 7.2.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq sığortalının vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissənin tələbinə görə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Həmin Məcəllənin 12-ci maddəsinin j bəndinə əsasən işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək işəgötürənin əsas vəzifələrindən biridir. Göründüyü kimi, qanunvericilik istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin edilməsinin işəgötürənin əsas vəzifələrindən biri kimi müəyyən etdiyi halda Rəsulzadə Ajda Zübeyir qızı ilə ##.##.2025-ci il tarixdə əmək müqaviləsi bağlandıqdan 1 aydan çox müddət keçdikdən sonra (##.##.2026-cı il tarixdə) icbari sığorta olunmadığı müəyyən olunmuşdur. Bundan başqa, şikayət müəllifi 0.04 qəpik borcu ##.##.2026-cı il tarixli ödəniş tapşırığı ilə ödənildiyini, müvafiq təşkilat bu ödənişi vaxtında hesaba oturtmadığı üçün bu ödəniş nəzərə alınmadığını bildirsə də, apellyasiya şikayətinə əlavə olunan AZ********** nömrəli ödəniş tapşırığından görünür ki, ödəniş tapşırığı X1 tərəfindən ##.##.2026-cı il tarixdə imzalanmışdır. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-nin 2-ci maddəsi). İXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin 469-1-ci maddəsinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1801/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1801/2026
22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver