Məhkəmə qərarları › İş №3(3-6)-1821/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1821/2026

19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1821/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İbiş oğlunun iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) İbiş oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi ##.##.2026-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) İbiş oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) İbiş oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi ##.##.2026-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## ##### 2026-cı il tarixdə saat 11:18-də Qərardan şikayət verən orqan (şəxs) İbiş oğluna məxsus olan “MERCEDES BENZ” minik markalı **-GZ- *** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi Azadlıq prospektində ##.##.2026-cı il tarixli EQ******** saylı protokol üzrə ##.##.2026-cı il tarixində DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən EQ******** nömrəli elektron qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar barədə ona məlumat verilməmiş, qərarın mövcudluğundan məlumatsız olmuş və ##.##.2026-cı il tarixində SMS radar tətbiqində cərimələndiyini görmüşdür. Qərarın DİN BDYP-nə müraciət etdiyi zaman ##.##.2026-cı il tarixində ona təqdim edilmiş və qərarın yuxarı sol küncündə bununla bağlı qeyd öz əksini tapmışdır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli EQ******** saylı protokol üzrə ##.##.2026-cı il tarixli EQ******** nömrəli elektron qərar tamamilə əsassız və qanunsuz olaraq qəbul edilmişdir. Belə ki, qərara əlavə edilmiş fotoşəkillərdən də aydın şəkildə görünür ki, o, qeyd olunmuş “Nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə” xətasını törətməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarına əsasən (hakim Aynurə Sadıqova) şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi ##.##.2026-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) İbiş oğlu apellyasiya qaydasında şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərar işin faktiki hallarına və tətbiq edilməli olan hüquq normalarına uyğun deyil. Məhkəmə inzibati xəta tərkibinin əsas elementini - “yol verilməməsi”nin qanuni məzmununu - araşdırmadan, yalnız “inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş və iş materiallarında olan fotoşəkillərdən görünür ki, “MERCEDES BENZ" minik markalı 90-GZ- 470 dövlət qeydiyyat nişanlı avtomobil piyadaların keçməsi üçün nəzərdə tutulan piyada keçidinə daxil olmuş piyadaya yol verməmişdir. Beləliklə, məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) İbiş oğlunun şikayət ərizəsi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, Qərardan şikayət verən orqan (şəxs) ¡biş oğlu nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsi qaydalarını pozmuş və bu pozuntu inzibati tənbeh vermə haqqında qərara əlavə olunmuş foto-şəkillərlə də təsdiq olunmuşdur.” deyə qeyd etməklə işi mahiyyəti üzrə araşdırmadan fotoda **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyadaların keçməsi üçün nəzərdə tutulan piyada keçidinə daxil olduğunu və guya piyadaya yol vermədiyini hesab etmişdir. Bu yanaşma inzibati məsuliyyətin əsasları, təqsirsizlik prezumpsiyası və sübutların qiymətləndirilməsi qaydaları ilə ziddiyyət təşkil edir. Bu maddə üzrə məsuliyyət üçün yalnız “piyadanın piyada keçidinə yaxın olması” və ya ümumiyyətlə "piyada keçidinin mövcudluğu” kifayət deyil. Səlahiyyətli orqan və məhkəmə konkret olaraq aşağıdakıları müəyyən etməli idi: piyada həmin anda piyada keçidinə daxil olmuşdu, yoxsa hələ keçidə daxil olmamışdı; onun nəqliyyat vasitəsinin hərəkəti piyadanın hərəkətinə real təsir göstərmişdirmi; piyada onun hərəkəti nəticəsində dayanmağa, sürətini azaltmağa/artırmağa və ya istiqamətini dəyişməyə məcbur olmuşdurmu; bu nəticə hansı obyektiv sübutla - xüsusən video görüntü və ya xüsusi texniki vasitənin tam məlumatları ilə təsdiq olunur. Birinci instansiya məhkəməsi bu elementlərin heç birini ayrıca araşdırmamışdır. Məhkəmə qərarında yalnız “fotoşəkillərdən görünür ki, avtomobil piyadaya yol verməmişdir” məzmunlu ümumi nəticə yazılmışdır. Lakin bu nəticə tam hüquqi nəticə hesab oluna bilməz və onun üçün faktiki baza göstərilməlidir. Fotoşəkildə avtomobilin və piyadanın eyni ərazidə görünməsi avtomatik olaraq İXM-in 330.0.1-ci maddəsinin tərkibinin sübut edilməsi demək deyil. Məhkəmə işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan, piyadanın mən keçdikdən sonra hərəkətə başladığını, şəkildə də öz əksini tapdığı kimi hərəkətini dayanmadan davam etdirdiyini, mənim hərəkətimi davam etdirməyimin nəticəsində sürətini, eləcə də hərəkət istiqamətini dəyişdirmədiyini nəzərə almadan, “inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş və iş materiallarında olan fotoşəkillərdən görünür ki, “MERCEDES BENZ" minik markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadaların keçməsi üçün nəzərdə tutulan piyada keçidinə daxil olmuş piyadaya yol verməmişdir. Beləliklə, məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) İbiş oğlunun şikayət ərizəsi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, Qərardan şikayət verən orqan (şəxs) İbiş oğlu nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsi qaydalarını pozmuş və bu pozuntu inzibati tənbeh vermə haqqında qərara əlavə olunmuş foto-şəkillərlə də təsdiq olunmuşdur.” kimi ümumi və heç bir konkret əsası olmayan mövqe ilə şikayətin təmin olunmaması barədə Qərar çıxarmışdır. “Yol hərəkəti haqqında” Qanunun 54-cü maddəsi sürücünün piyada keçidinə yaxınlaşarkən sürəti lazımınca azaltması, piyada keçidə daxil olmuş və ya daxil olmaqda olduqda nəqliyyat vasitəsini dayandırması və piyadaya yol verməsi barədə ümumi davranış qaydası müəyyən edir. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Göründüyü kimi mən də hərəkətim nəticəsində piyadanı təhlükəyə məruz qoymamışam. İnzibati məsuliyyət isə yalnız İXM-də nəzərdə tutulmuş konkret tərkib mövcud olduqda yaranır. Ümumi yol hərəkəti qaydasının mövcudluğu İXM-in 330-cu maddəsinin “yol verilməməsi” anlayışını genişləndirmək və təqsiri sübut edilməmiş şəxsi cərimələmək üçün əsas ola bilməz. Hazırkı iş üzrə təqdim edilmiş görüntülər hadisənin yalnız ayrı-ayrı anlarını əks etdirir. İXM-in 330.0.1-ci maddəsindəki “yol verilməməsi” isə dinamik vəziyyətdir: piyadanın hərəkət trayektoriyası, sürəti, sürücünün hərəkəti və bu hərəkətin piyadaya təsiri birlikdə qiymətləndirilməlidir. Bu isə təkcə statik fotoşəkillə tam müəyyən edilə bilməz. Mübahisələndirilən fotolarda piyadanın məhz mənim hərəkətim nəticəsində dayanması, istiqamətini dəyişməsi, sürətini dəyişməsi və ya təhlükədən yayınması görünmür. Əksinə, görüntülərdən piyada ilə avtomobil arasında birbaşa konflikt vəziyyətinin olmadığı, piyadanın hərəkətinin avtomobilin hərəkəti nəticəsində dəyişdirilmədiyi görünür. Ən azı, bu barədə ciddi şübhə mövcuddur və həmin şübhə İXM-in 8-ci maddəsinə əsasən mənim xeyrimə həll edilməlidir. Birinci instansiya məhkəməsinə təqdim etdiyi şikayətdə xüsusi texniki vasitənin məlumatlarının elektron qərarda göstərilmədiyini, bunun qərarın qanuniliyini şübhə altına aldığını qeyd etmişdir. Məhkəmə bu dəlilə hüquqi qiymət verməmiş, xüsusi texniki vasitənin növünü, yerləşdiyi yeri, sistemə inteqrasiyasını, məlumatların real vaxt rejimində ötürülüb-ötürülmədiyini, video qeydinin saxlanılıb-saxlanılmadığını və qərara əlavə olunub-olunmadığını araşdırmamışdır. Səlahiyyətli orqan məhkəmə iclasında iştirak etməsə də, bu hal sübutetmə yükünü onun üzərinə keçirmir. DYP qərarının qanuniliyini və onun təqsirini təsdiq edən sübutları təqdim etməli olan tərəf inzibati tənbeh qərarını qəbul etmiş orqandır. Məhkəmə həmin orqanın təqdim etmədiyi və ya əsaslandırmadığı sübutları mövcud hesab edə bilməzdi. Mübahisələndirilən hadisə ##.##.2026-cı il saat 11:18-də baş verdiyi iddia edilir, elektron qərar (həmçinin protokol) isə ##.##.2026-cı il tarixli göstərilmişdir. Bu tarix fərqi özü-özlüyündə real vaxt rejimi tələbinin pozulması barədə ciddi şübhə yaradır. Birinci instansiya məhkəməsi bu mühüm məsələni ümumiyyətlə araşdırmamışdır. Halbuki real vaxt rejimi tələbinin pozulması müəyyən edilərsə, qanun birbaşa icraata xitam verilməsini tələb edir. Hazırkı işdə o öz təqsirsizliyini “sübut etməyə” məcbur edilmişdir, halbuki DYP onun konkret əməlinin İXM-in 330.0.1-ci maddəsinin bütün əlamətlərini daşıdığını sübut etməli idi. Yalnız fotoşəkillərin mövcudluğu, bu fotoşəkillərin hadisənin dinamikasını və piyadanın məcburi davranış dəyişikliyini göstərmədiyi halda, təqsirin sübutu sayıla bilməz. Bu səbəbdən inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin mövcudluğu sübuta yetirilməmişdir. Ən azı iş üzrə aradan qaldırılmamış şübhələr mövcuddur və bu şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) İbiş oğlu şikayətini müdafiə edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının və DİN-in Baş Dövlət Yol Polis İdarəsinin ##.##.2026-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə, verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinləyib hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2026-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İbiş oğlu tərəfindən İXM-in 330.01-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün 50 manat inzibati cərimə olunmuşdur. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş və iş materiallarında olan fotoşəkillərdən görünür ki, “MERCEDES BENZ" minik markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadaların keçməsi üçün nəzərdə tutulan piyada keçidinə daxil olmuş piyadaya yol verməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 10-cu bəndinə əsasən piyada keçidi – yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə, yaxud mühəndis qurğusudur. Həmin Qanunun 40-cı maddəsinin III-cü hissəsinə əsasən keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun (nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər. Həmin Qanunun 54-cü maddəsinin İ hissəsinə əsasən əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində sürücü tərəfindən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) İbiş oğlu ##.##.2026-cı il tarixdə saat 11:18-də “MERCEDES BENZ” minik markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi Azadlıq prospektində nizamlanmayan piyada keçidində yolu keçmək istəyən piyadaya yol verməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, sadalanan qanunvericilik normalarının tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) İbiş oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar