Məhkəmə qərarları › İş №3(3-6)-1865/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1865/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1865/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, protokolu tərtib edən orqan2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 580-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından protokolu tərtib edən orqan2, Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasınin İXM-nin 580-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 580-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsi qərara alınmışdır. Həmin qərardan protokolu tərtib edən orqan2, Notariat, qeydiyyat və reyestr baş idarəsi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-104)- ****/**** nömrəli qərarının ləğv edilməsini və "Mədəni İrsin Qorunmasına Dəstək" İctimai Birliyinin Azərbaycan Respublikası İXM-nin 580-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “protokolu tərtib edən orqan2 haqqında Əsasnamə”yə əsasən qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin, bölmələrinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunu öyrənmək, eləcə də qeyri-hökumət təşkilatlarına, o cümlədən xarici dövlətlərin qeyrihökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə münasibətdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada və hallarda nəzarət orqanının funksiyalarının həyata keçirilməsi Ədliyyə Nazirliyinin vəzifələri kimi müəyyən edilmişdir. Həmin funksiyaların "Mədəni İrsin Qorunmasına Dəstək" ictimai birliyinə (bundan sonra – "İctimai Birlik") münasibətdə icrası çərçivəsində ictimai birliyin hüquqi ünvanına göndərilmiş ##.##.2025-ci il tarixli yazılı məlumatda (əlavə olunur) nazirliyin əməkdaşlarına müvafiq köməkliyin göstərilməsi xahiş olunmuşdur. Şikayətə əlavə olunmuş “xxxx” MMC sürətli poçt daşınma xidməti tərəfindən təqdim olunmuş ***/** nömrəli Yol qaiməsinin surətindən görünür ki, sözügedən məktub ictimai birliyin nümayəndələri tərəfindən ##.##.2025-ci il tarixdə təhvil alınmışdır. Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsi üçün tələb olunan sənədlərin təqdim edilməsi ilə bağlı ictimai birliyin nümayəndəsi ilə dəfələrlə əlaqə saxlanılsa da onların təqdim edilməsindən imtina olunmuşdur. Bu səbəbdən də fəaliyyətin öyrənilməsi və nəzarət tədbirlərinin həyata keçirilməsi mümkün olmamış və bununla bağlı ##.##.2026- cı il tarixli akt tərtib olunmuşdur (surəti şikayətə əlavə olunur). Aktda qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlamanın həyata keçirilməsi ilə bağlı müvafiq sənədlərin təqdim edilməsi məqsədi ilə təşkilatın nümayəndəsi ilə dəfələrlə əlaqə saxlanıldığı qeyd edilmiş, lakin zəruri olan sənədlərin yoxlamanın həyata keçirilməsi üçün təqdim edilmədiyi öz əksini tapmışdır. Bu əməldə İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 580-ci maddəsində (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-hökumət təşkilatlarının, xarici qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsinə, yanlış məlumatların verilməsinə görə) nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri olduğu üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin Qeydiyyat və Reyestr İdarəsinin Qeyri-kommersiya qurumları şöbəsinin səlahiyyətli əməkdaşı tərəfindən ictimai birlik barəsində ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda qeyd olunmuşdur ki, QHT-nin fəaliyyətinin onun nizamnaməsinə və qanunvericiliyə uyğunluğunun öyrənilməsi zamanı tələb olunan sənədləri və məlumatları təqdim etməməklə İXM-nin 580-ci maddəsinin tələblərini pozmuşdur. Həmin protokol baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş məhkəmə isə ##.##.2026-cı il tarixli qərarı ilə təqsirliliyin sübuta yetirilmədiyi qənaətinə gələrək icraata xitam vermişdir. Həmin qərar hüquqi baxımdan əsassız olmaqla, qərarda faktiki hallar tam və düzgün qiymətləndirilməmişdir: - İXM-nin 580ci maddəsi üzrə inzibati xəta formal (obyektiv) xarakter daşıyır – niyyətin müəyyən edilməsi tələb olunmur, sənədin verilməməsi faktının özü kifayətlidir. Azərbaycan Respublikası İXMnin 580-ci maddəsi, müvafiq icra hakimiyyəti orqanının sorğusuna cavab verilməməsini, tələb olunan sənəd və məlumatların təqdim edilməməsini inzibati xəta kimi müəyyən edir. Həmin maddənin dispozisiyası xüsusi niyyətin sübutunu tələb etmir – məsuliyyətin yaranması üçün yalnız obyektiv faktın – tələbin icra edilməməsinin – müəyyən edilməsi kifayətlidir. Bu işdə həmin obyektiv fakt – sənədlərin tələb olunmasına baxmayaraq verilməməsi – inzibati xəta haqqında protokolda aydın şəkildə qeyd edilmişdir. Protokol Nazirliyin səlahiyyətli əməkdaşı tərəfindən öz rəsmi vəzifə səlahiyyətləri çərçivəsində, "QHT fəaliyyətinin onun nizamnaməsinə və qanunvericiliyə uyğunluğunun öyrənilməsi" prosesi zamanı – yəni tamamilə qanuni əsasda – tərtib edilmişdir. İctimai Birlik fəaliyyətin öyrənilməsinin qanuna uyğun olmadığını mübahisələndirməmişdir. Belə olan halda məhkəmənin "sübut yoxdur" qənaəti faktiki olaraq qanunun tələbini dəyişdirir: 580-ci maddə üzrə inzibati orqandan əlavə sübut yox, sənəd tələbinin mövcudluğu və onun icra edilməməsi faktının sübutu tələb olunur. Həmin hər iki fakt isə protokolda öz əksini tapmışdır. - İnzibati xəta haqqında protokol müstəqil sübut qüvvəsinə malik rəsmi sənəd olsa da məhkəmə bunu nəzərə almamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, "inzibati xəta haqqında protokol" müstəqil sübut növü kimi müəyyən edilmişdir. Protokol dövlət orqanının səlahiyyətli əməkdaşı tərəfindən, rəsmi prosedur çərçivəsində, imzalanmış sənəd formasında tərtib edilmişdir. Belə bir sənədin hüquqi qüvvəsi onu hazırlayan vəzifəli şəxsin sonradan məhkəməyə gəlib-gəlməməsindən asılı deyildir. Protokolu sübut kimi qəbul etməmək üçün məhkəmə onun məzmununu inkar edən konkret fakt, ziddiyyət və ya qeyridəqiqlik göstərməli idi. Lakin qərarda buna dair heç bir mühakimə yoxdur. Sadəcə olaraq protokolun kifayət etmədiyi qeyd edilmişdir – bu isə İXM-nin 76.1-ci maddəsinin tələblərinə açıq şəkildə zidd olan yanaşmadır. Əlavə olaraq şikayətə əlavə olunmuş ***/** nömrəli Yol qaiməsindəki qeydlər də fəaliyyətin öyrənilməsi və nəzarət tədbirlərinin həyata keçirilməsinə dair məlumatın təşkilata məxsus hüquqi ünvanda təhvil alındığını və məsələ ilə əlaqədar ictimai birliyin məlumatlı olduğunu sübut edir. Həmçinin hazırkı şikayətə ictimai birliyin fəaliyyətinin öyrənilməsinin həyata keçirilməsi üçün müəyyən edilmiş məsul şəxslər tərəfindən tərtib və təsdiq olunmuş ##.##.2026-cı il tarixli akt əlavə olunmuşdur. Həmin aktla ictimai birliyin fəaliyyətinin öyrənilməsinə maneələrin yaradıldığı birbaşa təsdiq olunmuşdur. Təqsirsizlik prezumpsiyasının tətbiqi bu işdə hüquqi əsasdan məhrumdur – prezumpsiya şübhənin mövcudluğunu, bu işdə isə etiraz edilməmiş rəsmi protokol mövcuddur. Məhkəmə İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə istinad etmişdir. Lakin həmin maddələrin tətbiqi üçün mühüm ön şərt mövcuddur: İXM-nin 8.1-ci maddəsi təqsirin "sübuta yetmədiyi" halı nəzərdə tutur; 8.3-cü maddə isə "şübhələrin" cavabdeh şəxsin xeyrinə həll edilməsini müəyyən edir. Bu işdə həmin şərt mövcud deyildir. Mübahisələndirilməyən protokol var, protokolun doğruluğuna dair hər hansı şübhəni doğuran bir hal isə meydana çıxmamışdır. Təqsirsizlik prezumpsiyası inzibati orqanın iddiasını tamamilə boşluğa çıxaran bir mexanizm deyildir – o, mövcud sübutlara dair şübhə yaranan hallarda tətbiq olunur. Mövcud sübutu – protokolu – görməzliyə vuraraq prezumpsiyaya istinad etmək, qanunun məqsədindən kənara çıxmaqdır. Bundan əlavə, İctimai Birliyin nümayəndələrinin məhkəmənin yeri və vaxtı barədə məlumatlı olsalar (həmin şəxslər məhkəmə tərəfindən telefon əlaqəsi yaradılaraq məlumatlandırılmış və hakimə vəkil vasitəsilə təmsil olunacaqları barədə şifahi məlumat vermişlər) da onların hər iki iclasda iştirak etməməsi özlüyündə müdafiə hüququndan könüllü imtina edildiyini göstərir. - Məhkəmə icraata xitam vermək üçün İXM-nin 53.2-ci maddəsinin tələb etdiyi hüquqi əsasları düzgün tətbiq etməmişdir. İXM-nin 109.2-ci maddəsinə əsasən icraata xitam verilməsi, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin mövcudluğunu tələb edir. Məhkəmə 53.2-ci maddəyə "təqsirliliyi sübuta yetirilmədikdə" – istinad etmişdir. "Təqsirliliyin sübuta yetirilməməsi" o halda tətbiq olunur ki, mövcud sübutlar ziddiyyətli olsun, yaxud onlar şübhə doğursun. Mövcud, mübahisələndirilməmiş, rəsmi qaydada tərtib edilmiş protokol isə – İXM-nin 76.1-ci maddəsinə əsasən – sübutdur. Məhkəmə həmin sübutu niyə yetərsiz saydığını əsaslandırmamış, yalnız əlavə sənəd olmadığını qeyd etməklə kifayətlənmişdir. Bu, İXM-nin 53.2-ci maddəsinin tələblərini düzgün tətbiq edilməməsinə dəlalət edir. - İctimai birlik həyata keçirilən fəaliyyətin öyrənilməsinə həmçinin məhkəmə icraatına dair öz mülahizələrini bildirməkdən qəsdən boyun qaçırmışdır İşin materiallarından aydın görünür ki, qanunverciliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılsa da, İctimai Birlik həm Ədliyyə Nazirliyi tərəfindən aparılan fəaliyyətin öyrənilməsi zamanı tələb olunan sənədləri verməkdən imtina etmiş, həm də barəsində başlanılmış inzibati icraat prosesində nə birinci, nə ikinci məhkəmə iclasına gəlmiş, heç bir izahat verməmiş, heç bir etiraz bildirməmişdir. Özünü ictimai birliyin vəkili kimi təqdim edən şəxsin hakimlə əlaqə saxlayaraq növbəti məhkəmə prosesində iştirak edəcəyi barədə vəd verməsi və sonradan ona əməl etməməsi ictimai birliyin inzibati icraat prosesində qəsdən yayınmasının birbaşa göstəricisidir. Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanunun 30-1.3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi üçün maneələr yaradan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar. Bu baxımdan Qanunun bu müddəası QHT-lərin üzərinə dövlət orqanı ilə əməkdaşlıq etmək öhdəliyi qoyur. Həmin öhdəliyin inzibati mərhələdə yerinə yetirilməməsi İXM-nin 580-ci maddəsi üzrə xətanın maddi elementini təşkil edir; məhkəmə mərhələsindəki passivlik isə bu xətanı inkar edən heç bir müdafiə mövqeyinin mövcud olmadığına dəlalət edir. Beləliklə, İctimai Birliyin bütün proses boyu sübutla inkar etmədiyi, etiraz etmədiyi faktlar – inzibati orqanın rəsmi protokolunda əks olunmuş – yeganə etibarlı sübutdur. Məhkəmə həmin sübutu kənara qoyaraq icraata xitam vermişdir ki, bu da işin həqiqi hallarına uyğun olmayan qərardır. Yekun olaraq vurğulanmalıdır məhkəmənin belə yanaşması bu istiqamətdə təhlükəli bir presedentin yaranmasına səbəb olacaqdır. Belə ki, bu qərarın qüvvəyə minməsi ilə bu işdə qanunun düzgün tətbiq edilməməsi nəticəsində İXMnin 580-ci maddəsinin tətbiq sahəsi faktiki olaraq sıfıra endirilir. Belə olan halda barəsində fəaliyyətin öyrənilməsi həyata keçirilən istənilən QHT sözügedən maddənin dispozisiyasında göstərilən əməllərə yol verdikdən sonra inzibati icraatdan qəsdən yayınmaqla həm də inzibati məsuliyyətdən də yayınmağa müvəffəq olacaqdır. Apellyasiya baxışı zamanı iştirak edən protokolu tərtib edən orqan2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə inzibati işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, protokolu tərtib edən orqan2, Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ləğv edilməli və “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 580-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 580-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-hökumət təşkilatlarının, xarici qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsinə, yanlış məlumatların verilməsinə görə - vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: protokolu tərtib edən orqan2, Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinə ünvanlanmış ##.##.2025-ci il tarixli, ***-*/*-**-***/**** nömrəli məktubun surətindən görünür ki, “protokolu tərtib edən orqan2 haqqında Əsasnamə”yə əsasən qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin, bölmələrinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunu öyrənmək, eləcə də qeyri-hökumət təşkilatlarına, o cümlədən xarici dövlətlərin qeyrihökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə münasibətdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada və hallarda nəzarət orqanının funksiyalarının həyata keçirilməsi Ədliyyə Nazirliyinin vəzifələri kimi müəyyən edilmişdir. Həmin funksiyaların yerinə yetirilməsi üçün Nazirliyin nümayəndələri Məhərrəmova Vəfa İsrafil oğlu, X1, X4 və X3 “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinə ezam olunurlar. Əməkdaşlarımıza vəzifələrini yerinə yetirmək üçün müvafiq köməklik göstərməyinizi xahiş edirik. “xxxx” MMC sürətli poçt daşınma xidməti tərəfindən təqdim olunmuş ***/** nömrəli Yol qaiməsinin surətindən görünür ki, sözügedən məktub ictimai birliyin nümayəndəsi “Həmidov” soyadlı şəxs tərəfindən ##.##.2025-ci il tarixdə təhvil alınmışdır. İnzibati xəta haqqında protokoldan görünür ki, «MƏDƏNI İRSIN QORUNMASINA DƏSTƏK” İB tərəfindən QHT-nin fəaliyyətinin onun nizamnaməsinə və qanunvericiliyə uyğunluğunun öyrənilməsi zamanı tələb olunan sənədləri və məlumatları təqdim etməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, protokolu tərtib edən orqan2, Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinə ünvanlanmış ##.##.2025-ci il tarixli, ***-*/*-**-***/**** nömrəli məktub göndərilərək İctimai Birliyin fəaliyyətinin onun nizamnaməsinə və qanunvericiliyə uyğunluğunun öyrənilməsi məqsədilə müvafiq sənədlər tələb olunmuşdur. İş materiallarına əsasən sözügedən məktubun ##.##.2025-ci il tarixdə ictimai birliyin nümayəndəsi “Həmidov” soyadlı şəxs tərəfindən təhvil alınmasına baxmayaraq ictima birliyin fəaliyyətinin onun nizamnaməsinə və qanunvericiliyə uyğunluğunun öyrənilməsi zamanı tələb olunan sənədləri və məlumatları təqdim etməməsi nəticəsində İXM-nin 580-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 580-ci maddəsinin dispozisiyasına əsasən həmin maddədə nəzərə tutulmuş inzibati xətanın törədilməsi həm hərəkət, həm də hərəkətsizlikdə (hazırki işə münasibətdə tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsinə) ifadə olunmuşdur ki, protokolu tərtib edən orqan2, Notariat, qeydiyyat və reyestr baş idarəsi ##.##.2025-ci il tarixli, ***-*/*-**-***/**** nömrəli məktubunun “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyi tərəfindən ##.##.2025-ci il tarixdə təhvil alınması faktı öz təsdiqini tapmış, lakin ictimai birlik tərəfindən müvafiq sənədlərin və məlumatların səlahiyyətli orqana təqdim olunmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Buna görə də apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 580-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi faktı tam sübuta yetirildiyindən həmin maddənin sanksiyası çərçivəsində tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyi barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, protokolu tərtib edən orqan2, Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 580-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və İXM-in 134.1.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: protokolu tərtib edən orqan2, Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 580-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar