Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1866/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə «xxxx» MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qərarından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, , «xxxx» MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim M.M.Seyidov) ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qərarından görünür ki, «xxxx» MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan, hüquqi şəxsin nümayəndəsi X2, apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə “xxxx” MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edərkən “iş üzrə toplanmış sübutlar ayrı-ayrılıqda, qarşılıqlı əlaqədə və məcmu halında” qiymətləndirildikdə belə nəticəyə gəlmişdir ki, Şahid ##.##.2025-ci il tarixində “xxxx” MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə faktiki olaraq cəlb edilmişdir və bu hal iş materiallarında olan ## ####### 2025-ci il tarixində “xxxx” MMC-də xəstə Hüseynəliyev Yusif üzərində elektro koadilyasiya icra edərək sarğı qoyması barədə Şahid ##.##.2025- ci il tarixli izahatına istinad etmişdir. Eyni zamanda qərarda qeyd edilmişdir ki, Şahid 2015-ci ildən “xxxx” MMC-də 2015-ci ildən həkim dermotoloq kimi fəaliyyət göstərməsinə və ##.##.2025-ci il tarixində xəstə Hüseynəliyev Yusif adlı xəstəni ##.##.2025-ci ildə “xxxx” MMC-yə dəvət edib “xırda əməliyyat” icra etməsi barədə izahatına istinad etmişdir. “xxxx” MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə Əmək Müfəttişliyinin ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokolu tam, obyektiv araşdırılmadığından qanunsuz və əsassız qərar qəbul edilmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən birbaşa sübutlara deyil, dolayı məntiqi ehtimallara (“klinikada mühafizə var, kənar şəxs daxil ola bilməz; MMC-nin xəbəri olmadan bunun baş verməsi real və məntiqli deyil; Klinikada sərbəst hərəkət etməsi faktiki əmək münasibətinə dəlalət edir”) istinad etmişdir. Bu ehtimal və məntiqi nəticədir, amma məhkəmə IXM-niıı 192.1-ci maddəsi üzrə adətən müəyyən edilməli halları: işçini kim işə qəbul edib; əmək funksiyasını kim tapşırıb; əmək haqqı ödənilibmi; iş qrafiki olubmu; faktiki əmək münasibətnin digər əlamətləri varmı? kimi məsələləri deyil, əsasən klinikaya giriş və fəaliyyət göstərmə faktını əsas götürmüşdür. Bundan başqa, məhkəmə “Klinikada fəaliyyət göstərib faktını” “əmək münasibətində olma” kimi qeyd etmişdir. Halbuki bunlar eyni anayış deyildir. Şahid klinikada olması və ya tibbi müdaxilə etməsi faktı mübahisə predmeti deyildir. Mübahisə predmeti həmin fəaliyyətin əmək münasibəti təşkil edib- etməməsidir. Məhkəmə isə əmək münasibətinin zəruri əlamətlərini ayrıca müəyyən etmədən faktiki əmək münasibətinin mövcudluğu nəticəsinə gəlmişdir. Şahid 2015-ci ildən “xxxx” MMC-də həkim dermatoloq kimi fəaliyyət göstərməsini qeyd edir. Şahid 2015-ci ildən”xxxx” MMC-də həkim dermatoloq kimi fəaliyyət göstərməsini qeyd etməsi onun 2025-ci ilin oktyabrında “xxxx” MMC-də əmək münasibətində olması demək deyildir. Şahid izahatı düzgün qiymətləndirilməmişdir. Onun 2015-ci ildən həkim dermatoloq kimi fəaliyyət göstərmsi barədə izahatı ümumi peşə fəaliyyətinə aiddir və həmin tarixdən etibarən fasiləsiz olaraq “xxxx” MMC-də əmək münasibətundə olmasını təsdiq etmir. Şahid “xəstəni klinikaya dəvət edib; elektrokoaqulyasiya aparıb; sarğı qoyub” kimi hərəkətlərin baş verdiyi qəbul edilsə belə, həmin faktlar özlüyündə IXM-nin 192.1-ci maddəsi üzrə əmək münasibətinin mövcudluğunu sübut etmir. Şahid həmin tarixdən (##.##.2025-ci il tarixdən) və ondan sonrakı müddətdə klinikadan əmək haqqı, qonorar və ya başqa ödəniş almamışdır. Lakin məhkəmə Axundovun klinikada tibbi müdaxilənin aparılması. klinikaya sərbəst giriş imkanını, klinikanın fəaliyyətinə inteqrasiya olunma faktlarından əmək müqaviləsi nəticəsi çıxarsa da, əməyin müqabilində ödəniş məsələsini araşdırımamışdır. Şahid ##.##.2025-ci il daxil olmaqla onun adına əmək haqqı ödənilməmiş, bank köçürməsi olmamış, kassa məxaric orderi olmamış, qonaror ödənişi olmamış, vergi və ya DSMF hesabatlarında onun adına ödəniş olmamasını məhkəmə onun “xxxx” MMC ilə faktiki əmək münasibətinin mövcudluğu qənaətinə gəlsə də, əmək münasibətinin əsas əlamətlərindən olan əməyin ödənilməsi məsələsini araşdırmamış, Şahid hər hansı əmək haqqı və ya digər ödəniş verilməsini təsdiq edən heç bir sübuta istinad etməmişdir. Məhkəmə faktiki əmək münasibətinin mövcudluğu nəticəsinə gəlsə də, həmin münasibətin zəruri elementlərini müəyyən etməmiş, Şahid hansı vəzifədə işlədiyini, hansı əmək funksiyasını daimi əsaslarla yerinə yetirdiyini, əməyin necə ödənildiyini və işəgötürənə necə tabe olduğu araşdırılmamışdır. Əmək Müfətişliyi inzibati xətanın törədilməsi faktını ##.##.2025-ci ildə aşkar etsə də, heç bir inzibati araşdırma aparmadan ##.##.2026-cı il tarixdə MN******* saylı protokol tərtib etmişdir. Əmək Müfəttişliyi tərəfindən inzibati xəta protokolu tərtib edilərkən IXM-nin 100-cii maddəsinin tələbləri kobudcasına pozulmuşdur (maddə 100.3, 100.4, 100.5.7). Iş üzrə inzibati tənbeh tədbiri tətbiq olunmasına dair ##.##.2026-cı il tarixli, 3(5-104)- ****/**** №-li qərardan görünür ki, burada söhbət “xxxx” MMC-dən getsə də nə Əmək Müfəttişliyinin araşdırma materiallarından, nə də hakimin qərarından “xxxx” MMC-nin mövcud olub-olmaması, hüquqi statusu, vəzifəli şəxslərin kimliyi və həqiqi statusu araşdırılmamışdır. Tənbeh olunan hüquqi şəxsin barəsində heç bir hüquqi sənəd alınıb öyrənilməmiş və hüquqi qiymət verilməmişdir (Onun hüquqi ünvanı, dövlət qeydiyatma alınması, hansı hüquqi statusda olması).Iş materiallarında və məhkəmə araşdırması zamanı barəsində protokol tərtib edilən hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamış, protokolla tanış edilməmişdir. Iş üzrə sübutetmə vəzifəsi protokolu tərtib etmiş orqanın üzərinə qoyula da, həmin orqan: - əmək müfətişliyi protokol tərtib edərkən yalnız şikayətçini əməliyyat edən həkimin izahatı və xəstə Hüseynovun şikayəti ilə kifayətlənmişdir ki, onların klinika ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, bu fakt klinika işçilərinin, həkimlərin, tibb personalının və rəhbərliyin izahatı ilə araşdırılmamışdır. Əmək Müfəttişliyi tərəfindən inzibati xəta protokolu tərtib edilərkən IXM-nin 100-cü mad-dəsinin tələbləri kobudcasına pozulmuşdur (maddə 100.3, 100.4, 100.5.7). Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə istinad olunan əməl məhkəmə baxışında sübuta yetirilməmişdir. Belə ki, məhkəmədə həkim Şahid “xxxx” MMC-də həkim dennatoloq kimi işləməsi, “əməliyyat” etdiyi xəstənin adına hər hansı sənəd tərtib etməsi, əməliyyatı harada etməsi, xəstənin əməliyyatdan əvvəl tibbi müayindən keçiribkeçirməməsini, şikayətçinin qeyd olunan klinikada həmin tarixdə həqiqətən də əməliyyat olunubolunmaması, olunubsa onun məhz klinikada əməliyyat olunması kifayət qədər subuta yetirilməmişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X6 şikayətin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, hüquqi şəxsin nümayəndəsinin çıxışını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)- ****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslı hesab edir. Belə ki, hüquqi şəxs «xxxx» MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən aparılmış araşdırma materialları və inzibati xəta haqqında iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş icraat materialları ilə tam təsdiq olunmuşdur. Şikayətin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin, 2-3.4-cü bəndinə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda və həmin Maddənin 2-3.5-ci bəndinə əsasən, tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarının mübahisəsi ilə bağlı şikayətdə qeyd olunan dəlillər, iş materialları və məhkəmədə tədqiq olunmuş mümkün sübutların məcmusu, habelə Əmək Qanunvericiliyinin tələbləri ilə müqayisədə tam şəkildə təkzib olunmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya qaydasında aparılmış araşdırmanın nəticəsinə əsasən, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində tənbeh tədbirinin tətbiq edilməsini düzgün müəyyənləşdirmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Odur ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayətin dəlillərinin iş materialları ilə təkzib olunduğunu və inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu nəzərə alır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 4, 6, 8, 9.1, 12.1, 21, 22, 31.3, 32 və 33-cü maddələrinin tələblərini və inzibati tənbehin həddini qanunvericiliyin tələbləri baxımından düzgün nəzərə almışdır. Qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməməli və hüquqi şəxs «xxxx» MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. «xxxx» MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1866/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1866/2026
03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver