Məhkəmə qərarları › İş №3(3-6)-1883/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1883/2026

23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1883/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakları ilə, «xxxx» MMC-nin əməlində Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Ərazi Idarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X3 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcələsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 3-17-5/2- *****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktub göndərilərək, sənədlərin 7 iş günü ərzində idarəyə təqdim edilməsi tələb edilmişdir. Məktub rəsmi olaraq hüquqi şəxsin ünvanına çatmasına baxmayaraq, tələb olunan sənədlər ## ##### 2026-cı il tarixədək təqdim edilməmişdir. Nəticədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə «xxxx» MMC-nin barəsində Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi X1 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə vaxtında və lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiya məhkəməsi, məhkəmə iclasının səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Şikayətlə əlaqədar inzibati işin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Ərazi Idarəsinin *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubundan görünür ki, X3 əmək hüquqlarının pozulması barədə idarəyə şikayət ilə müraciət etmişdir. Müraciətə baxılması məqsədi ilə X3 aid sənədlərin 7 iş günü ərzində X2 Xidmətinin Bakı şəhər Ərazi Idarəsinə təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər Idarəsindən təqdim edilmiş məktub çıxarışdan görünür ki, *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktub sifarişli poçt göndərişi kimi ## ###### 2026-cı il tarixdə "xxxx” MMC-ə göndərilmişdir. Lakin, həmin məktubun elektron qaydada ya da poçt vasitəsi ilə göndərilməsini və çatdırılmasını təsdiq edən heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi məhkəmə iclasında “xxxx” MMC-ə məxsus elektron kabinetə baxış keçirilmiş və həmin tarixdə onların elektron kabinetinə sorğu-məktub verilməsi müəyyən edilməmişdir. Eyni zamanda apellyasiya baxışı zamanı da səlahiyyətli orqana sübutların təqdim edilməsi üçün şərait yaradılmış, nümayəndə məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə sübutlar təqdim etməmişdir. Inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (IXMnin 2-ci maddəsi). IXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Təqsirsizlik prezumpsiyası prinsipini özündə ehtiva edən normalara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (IXM-in 8-ci maddəsi). Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Ümumdünya Insan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayət təmin edilməsin. «xxxx» MMCnin barəsində Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*- **)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar