Məhkəmə qərarları › İş №3(3-6)-1900/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1900/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1900/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “AMT İNVEST” MMC-nin nümayəndəsi və vəkili Vəkil, İnzibati xəta haqqında protokol tərtib edən səlahiyyətli orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, “AMT-İNVEST” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “AMT- İNVEST” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən “AMT-İNVEST” MMC barəsində tərtib olunmuş inzibati material baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 15:55-də Bakı şəhəri, ünvan 4 mərtəbə) ünvanında yerləşən “AMT-İNVEST” MMC-yə məxsus klinikada planlı yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan əmək müqaviləsiz həkim oftalmoloqun (X1) praktik tibb fəaliyyətinin göstərməsi faktı aşkarlanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə “AMT-İNVEST” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “AMT-İNVEST” MMC apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Səhiyyə Nazirliyi tərəfindən tərtib olunan protokolu təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Belə ki, guya "AMT İNVEST" MMC-yə məxsus klinikaya baxış keçirilən zaman həmin klinikada müvafiq sənədləri olmadan əmək fəaliyyəti göstərən həkimlərin və qəbul etdiyi pasiyentlərin olduğu göstərilmişdir. Lakin həmin halı təsdiq edən heç bir mötəbər sübut yoxdur. AR İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Lakin yenə də protokolda adı qeyd olunan şəxslər məhkəməyə şahid qismində gətiriləcəkdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar sadəcə ehtimallara əsaslanır. AR İXM-nin 8.3-cü maddəsində isə qeyd olunmuşdur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İş materiallarına baxdıqda isə məhkəmənin yekun qərara gəlməsinə əsas olan heç bir sübut görünmür. İş materiallarında olan sadəcə inzibati orqan tərəfindən tərtib edilmiş protokoldur. Həmçinin həmin inzibati protokolu dövlət orqanı adına tərtib edən şəxsin belə bir səlahiyyətinin olub-olmaması da sübuta yetirilməmişdir. AR İXM-nin 84.2-ci maddəsində göstərilmişdir ki, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. AR İXM-nin 100.5.6-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında protokolda olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı göstərilməlidir. Lakin inzibati protokolun tərtib olunmasına səbəb olan hadisənin iştirakçısı olduğu qeyd edilən şəxslərin hər hansı bir izahatı protokolda qeyd edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “AMT İNVEST” MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, inzibati xəta haqqında icraat aparılmasına səbəb olmuş hal üzrə klinikada sertifikasiyası qüvvədə olmadan fəaliyyət göstərməsi irəli sürülən X1 həmin klinikada həkim yoldaşının yanına gəlmişdir. Belə ki, o, başqa klinikada həkim fəaliyyəti ilə məşğuldur və klinikada hər hansı tibb fəaliyyəti ilə məşğul olmamışdır. Hazırda da X1 da burdadır, onun məhkəmə iclasında şahid kimi dindirilməsini və bu halların nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən səlahiyyətli orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, X1 müddəti 2024-cü ilin fevral ayında bitmişdir. Buna baxmayaraq Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən dövri yoxlama zamanı adı çəkilən klinikada həmin şəxsin həkimlik fəaliyyəti ilə məşğul olduğu aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X1 bildirdi ki, o, hərbi hospitalda çalışır. İnzibati xəta hadisəsi baş verən zaman o, həkim yoldaşı Fidan Abdullanın yanına müayinə üçün uşaqlıq dostunu gətirmişdir. Xəstəlik kartı tapılan digər iki şəxsdən biri də onun qohumudur. O, Fidan Abdullanın peşəkarlığına bələd olduğu üçün müayinəyə öz yaxınlarını gətirmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və “AMT İNVEST” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında ##.##.2026- cı il tarixli *-**-*/*-*-***/**** saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinə əsasən ünvan 2 mərtəbə) ünvanında yerləşən “AMT-İNVEST” MMC-yə məxsus özəl tibb təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə ##.##.2026-##.##.2026-cı il tarixlərdə həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır İş materiallarında olan ##.##.2026-cı il tarixli, KY********* saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə (növbəti) yoxlamanın keçirilməsi əsasında ünvan 1 ünvanında yerləşən “AMT- İNVEST” MMC-yə məxsus klinikada aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli T-*** saylı “Özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktı”ndan görünür ki, planlı yoxlama ## ##### 2026-cı il tarixində ünvan 3 mərtəbə) ünvanında yerləşən “AMT-İNVEST” MMC-yə məxsus klinikada keçirilmişdir. Müəssisədə yoxlama direktor Sadıqov Fərqan İsrafil oğlunun iştirakı ilə keçirilmişdir. Yoxlamanın birinci sualı üzrə qeyd edilmişdir ki, müəssisədə pasiyentlərin qeydiyyatı “1C” elektron proqramı ilə icra olunur. Tibbi qeydiyyat sənədləri müvafiq qaydalara uyğun aparılmır (epikriz, müayinələr EKQ, analiz, LOR-həkim konsultasiya, anetezioloji işə razılıq və protokol ambulator kart və xəstəlik tarixində aşkar edilmədi). Ambulator kart F-025 yenisi ilə (*** saylı əmri ilə təsdiq edilmiş F-025 və əlavəsi) əvəz edilmədi. Cərrahi əməliyyatların qeydiyyat jurnalı yoxlamaya təqdim edilmədi. Arayışların qeydiyyat jurnalı yoxlamaya təqdim edilmədi. Tibbi statistik hesabatlardan F-14 yoxlamaya təqdim edilmədi. Çalışan işçilərin tibbi müayinə kart üzrə dövri tibbi müayinədən keçmə barəsində “Arayış”lar yoxlamaya təqdim edilmədi. “Alətlərin sterilizasiya işlərin qeydiyyat jurnalı” yoxlamaya təqdim edilmədi. Dezinfeksiyaedici işçi məhlulu ilə olan konteynerlərin üzərində (sterilizasiya sahəsi) müvafiq qeydlər aparılmır. Müayinə və prosedur otaqlarında ilkin tibbi yardım (dolab) konteynerlərində “Adrenalin” dərman vasitəsinin temperatur rejiminə (+2-+8) uyğun saxlanılmaması, “Alcon” - Alcaine 0,5% və “Tetrasiklin” məlhəmi temperatur rejiminə riayət etmədən saxlanılması aşkar edildi. Tibbi tullantıların sərt konteynerlərin üzərində müvafiq “Təlimat”a uyğun qeydləri (sinif, açılma tarixi) aparılmır, kəsici-deşici vasitələr yumşaq vasitələrlə birgə yığılır. Əməliyyatxanada və sterilizasiya sahəsində əsaslı təmizlik işlərin aparılması barədə cədvəl və işin icrası barədə qeydiyyat jurnalı yoxlamaya təqdim edilmədi. Tibb fəaliyyəti üçün istifadə edilən avadanlıqların (klinik laboratoriya, termometr-hiqrometr, sterilizasiya) normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya təqdim edilmədi. Havalandırma sisteminə texniki qulluq barədə, H-filtrlərin dəyişdirilməsini təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədi. Yoxlamanın 2 (ikinci) sualı üzrə qeyd edilmişdir ki, müəssisədə çalışan işçilərin siyahısında olmayan həkim-oftalmoloq X1 məxsus “Ambulator xəstənin tibbi kartları” F-025 pasiyentlərin (X6, X3, X4) aşkar edildi. Həkim-oftalmoloq X1 əmək müqaviləsi yoxlamaya təqdim edilmədi. Səhiyyə Nazirliyinin VİSİS sisteminə müraciət edərək aparılmış araşdırmanın nəticəsində məlum olmuşdur ki, həkim-oftalmoloq X1 şəhadətnaməsi yoxdur və praktik tibbi fəaliyyətlə məşğul olma faktı aşkarlandı. Yoxlamanın 3 (üçüncü) sualı üzrə qeyd edilmişdir ki, müəssisədə nöqsan aşkar edilmədi. Qeyd: Lisenziyada olan “kardioloji”, “ultrasəs müayinəsi”, “otorinolorinqoloji” ixtisas növləri üzrə mütəxəssis, avadanlıqlar, sahələr klinikada yoxdur. Aşkar edilmiş fakt ilə bağlı “AMT-İNVEST” MMC barəsində İXM-nin 215.4-cü maddəsi ilə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə hazırkı işin faktiki hallarını və iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi “AMT-İNVEST” MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” ##.##.1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə əsasən Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, “AMT-İNVEST” MMC tərəfindən işçilərin sertifikasiyadan keçmədən praktiki özəl tibb fəaliyyəti ilə məşğul olması faktları aşkar edilmişdir. Belə ki, ##.##.2026-cı il tarixdə keçirilmiş planlı yoxlama zamanı X1 həkim fəaliyyəti ilə məşğul olması üçün verilmiş sertifikasiya şəhadətnaməsinin müddətinin bitməsi və əmək müqaviləsi olmadan praktik tibbi fəaliyyətlə məşğul olması faktı aşkar edilmişdir. Apellyasiya icraatı zamanı şahid kimi izahatı alınmış X1 yaxınlarının müayinəsi ilə bağlı həkim yoldaşı Fidan Abdullanın qəbulunda olduğunu bildirsə də, iş materiallarında olan X6, X3 və X4 ambulator xəstə kartalarında müayinə həkimi olaraq X1 adı qeyd edilmiş, həmin şəxsin isə həkimlik fəaliyyəti ilə məşğul olması üçün sertifikasiya şəhadətnaməsinin müddəti ##.##.2024-cü il tarixdə bitmiş və “AMT-İNVEST” MMC ilə əmək müqaviləsi mövcud olmamışdır. Başqa sözlə, planlı yoxlama aparılan zaman X1 qüvvədə olan sertifikasiya şəhadətnaməsi və əmək müqaviləsi olmadan “AMT-İNVEST” MMC-də praktiki tibbi fəaliyyəti ilə məşğul olmuşdur. Bu baxımdan, irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir və şikayət formal xarakter daşımaqla özünümüdafiə üsulu kimi qiymətləndirilir. Tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi “AMT-İNVEST” MMC barəsində inzibati tənbeh tədbiri seçərkən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni minimum həddə tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən təhbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1 -ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “AMT-İNVEST” MMC tərəfındən apellyasiya qaydasında verilmiş şikayəti təmin edilməsin. “AMT-İNVEST” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar