Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1921/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Protokolu tərtib edən orqan nümayəndəsi X2, «İkma Servises” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakları ilə, “İkma Servises” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından “İkma Servises” MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: “İkma Servises” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli EP seriyalı ******* saylı protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.6-cı maddəsinə əsasən baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarına əsasən hüquqi şəxs “İkma Servises” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində törətdiyi inzibati xətanın obyekti olmuş 41504.84 ABŞ dolları məbləğində valyuta vəsaitinin iyirmi faizi miqdarında, yəni 8300.96 ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından “İkma Servises” MMC-nin direktoru apellyasiya qaydasında şikayət verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İkma Servises” Məhdud Məsuliyyətli Cəmiyyətitərəfindən müəyyən olunmuş məbləğdə pul vəsaiti X6 hüquqi şəxsi – “xxxx” MMC-yə köçürülmüş və köçürülən pulun müqabilində mallar 2 il müddətində sözügedən hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasına göndərilmişdir, başqa sözlə, mallar vaxtında Azərbaycan Respublikasına idxal edilmişdir (gömrük bəyannamələri və digər sənədlər əlavə olunur). Malların idxalını, o cümlədən işlərin (xidmətlərin) göstərilməsini təsdiq edən sənədin banka təqdim edilməməsinə gəldikdə isə, bu hal, ümumiyyətlə, inzibati xəta tərkibi yaratmır. Və buna görə şəxsin (hüquqi/fiziki) inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Ümumi dəyəri 51 981.36 USD olan "355-BWC Pedestrian Bridge-Elevator" layihəsi üzrə ********* saylı proforma-invoys (avans invoysu: 861418026) tərtib edilmiş və bu sənəd üzrə 18 193.48 USD məbləğində ödəniş aparılmışdır. Qeyd olunan mallar ölkəyə idxal edilərkən bəyan edilmiş ************** saylı X4 (YGB) və malları müşayiət edən faktiki invoys üzrə də ümumi məbləğ proforma-invoysa tam uyğun olaraq 51 981.36 USD təşkil etmişdir. Ümumi dəyəri 66 603.88 USD olan "355-BWC Pedestrian Bridge-ESC" layihəsi üzrə ********* saylı proforma-invoys əsasında 23 311.36 USD məbləğində ödəniş aparılmışdır. Müvafiq mallar ölkəyə idxal olunarkən bəyan edilmiş ************** saylı X4 (YGB) və malları müşayiət edən faktiki invoys üzrə də ümumi məbləğ proforma-invoysa tam uyğun olaraq 66 603.88 USD təşkil etmişdir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, hər iki icra edilmiş avans ödəniş üzrə mal qanunvericiliyin tələblərinə görə ölkəyə idxal edilmişdir. Hakim iş materialları arasnda mövcud sübutlarla ümumiyyətlə tanış olmamış, YGB-ləri dəyərləndirməmiş və standart qərar çıxarmışdır. “İkma Servises” Məhdud Məsuliyyətli Cəmiyyəti Protokolu tərtib edən orqan (Səlahiyyətli orqan) tərəfindən nə onun barəsində tərtib edilmiş protokolla, nə də digər müvafiq sənədlərlə tanış edilməmişdir. Digər tərəfdən, həmin sənədlər (protokol, qərar və s.) rəsmi qaydada “İkma Servises” Məhdud Məsuliyyətli Cəmiyyətinə, onun səlahiyyətli nümayəndəsinə təqdim olunmamışdır. Belə olan halda, Səlahiyyətli orqan heç bir əsas olmadan, yalnız öz mülahizəsinə əsaslanaraq, Cəmiyyət barəsində qanunsuz olaraq protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə iclasında «İkma Servises” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi apellyasiya qaydasında verilmiş şikayəti müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək şikayətin təmin olunmamasını xahiş etdi. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarı onunla əsalandırılmışdır ki, “İkma Servises” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, hüquqi şəxs “İkma Servises” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 41504.84 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## #### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 41504.84 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## #### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, “İkma Servises” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## #### 2024-cü il tarixində 41504.84 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür. Həmçinin iş materiallarında olan “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş məktubdan görünür ki, “İkma Servises” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qabaqcadan ödəniş aparılmış, lakin 02 il müddətin keçməsinə baxmayaraq 41504.84 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların idxal edilməsini, xidmətin göstərilməsini təsdiq edən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Göründüyü kimi, “İkma Servises” Məhdud Məsuliyyətli Cəmiyyəti 41504.84 ABŞ dolları xarici valyutanı # #### 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən qanunvericilikdə nəzərdə tutulandan artıq müddət keçməsinə baxmayaraq, 41504.84 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka, nə də ki, məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin ## ###### 2020-ci il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” ## ###### 2019-cu il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibatı Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Müəyyən malların istehsal olunması və çatdırılması qaydaları ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Məhkəmə hesab edir ki, “İkma Servises” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd edilən inzibati xətanı törətməsi inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi “İkma Servises” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlmişdir. İnzibati tənbeh məsələsinə gəldikdə isə birinci instansiya məhkəməsi, “İkma Servises” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati təhbeh təyin edərkən, qanuni və ədalətli inzibati təhbeh təyin etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla “İkma Servises” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: “İkma Servises” MMC-nin direktopru tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “İkma Servises” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1921/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1921/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver