Məhkəmə qərarları › İş №3(3-6)-1931/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1931/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1931/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş materiallardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Nərimanov RPİ-nin DYPŞ-nin ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Nərimanov RPİ-nin DYPŞ-nin ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə qərarı işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmamış, sübutların qiymətləndirilməsində və hüquqi normaların tətbiqində ciddi nöqsanlara yol verilmişdir. Belə ki, məhkəmə qərarında saxlanılma ilə xəstəxanaya aparılma arasında keçən təxminən 30 dəqiqəlik müddət üzrə 0.001 promil azalma baş verdiyi və bunun “fizioloji buxarlanma” ilə izah edildiyi qeyd olunmuşdur. Lakin bu nəticə heç bir fərdi toksikoloji ekspertiza, laborator hesablama və ya konkret elmi metodika ilə əsaslandırılmamış, yalnız ümumi nəzəri yanaşmalar üzərindən formalaşdırılmışdır. Eyni zamanda, məhkəmə tərəfindən qəbul edilmiş bu yanaşma, inzibati icraat üzrə sübutetmə standartı ilə ziddiyyət təşkil edir. İnzibati xətanın mövcudluğunun sübuta yetirilməsi yalnız ehtimallara və ümumi statistik orta göstəricilərə deyil, konkret, yoxlanıla bilən və təkrar edilə bilən sübutlara əsaslanmalıdır. Halbuki iş materiallarında 30 dəqiqəlik müddət ərzində baş verdiyi iddia edilən dəyişikliklərin fərdi bioloji xüsusiyyətlərə uyğun olaraq müəyyən edildiyini təsdiq edən heç bir ekspert rəyi mövcud deyildir. Bundan əlavə, 30 dəqiqəlik zaman interval üçün konkret olaraq “0.001 promil dəyişiklik” kimi dəqiq rəqəmin qəbul edilməsi nə elmi ədəbiyyatda təsdiq olunmuş metodologiyaya, nə də forensik toksikologiyada qəbul edilmiş hesablamalara uyğun gəlir. Belə yanaşma fərdi analizə əsaslanmayan ümumi statistik ortalamalarm konkret şəxsə tətbiqi ilə nəticələnir ki, bu da elmi baxımdan metodoloji səhvdir. Eyni zamanda nəzərə alınmalıdır ki, sərhəd göstəriciyə (0.3 promil) son dərəcə yaxın nəticələrdə ölçmə qeyri-müəyyənliyi, nümunə götürülmə şəraiti və laborator interpretasiya fərqləri nəticənin hüquqi qiymətləndirilməsinə birbaşa təsir edə bilən amillərdir. Bu halda əlavə ekspertiza aparılmadan “dəqiq keçid olub” nəticəsinə gəlmək sübutetmə standartına uyğun hesab edilə bilməz. İş üzrə əvvəl ##.##.2026-cı il tarixli qərarla məhkəmə tərəfindən işin hərtərəfli araşdırılmadığı müəyyən edilərək inzibati orqana geri qaytarılması da göstərir ki, ilkin sübut bazası tam və yetərli olmamışdır. Buna baxmayaraq, sonradan eyni və ya genişləndirilməmiş sübutlar əsasında ##.##.2026-cı il tarixli qərarla nəticənin dəyişdirilməsi işin araşdırılmasında ardıcıllıq və obyektivlik prinsiplərinin pozulduğunu göstərir. Maraqlı məqam ondan ibarətdir ki, məhkəmə birinci qərardan sonra hansı əlavə sübutlar əldə etdi ki, yenidən eyni qaydada işə baxaraq əlavə sübut təqdim olunmadan, hətta yol patrul xidmətinin əməkdaşı dindirilmədən yeni qərarda mənim günahkar olmam qənaətinə gələrək DYP-nin tərtib etdiyi protokolun düzgün tətbiq olunduğu qərarına gəlmişdir. Məhkəmə iclasında qərardan da göründüyü kimi məhkəmə DYPX-nin əməkdaşını dəfələrlə dəvət etməsinə baxmayaraq nə polis əməkdaşı nə də onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Halbu ki, məhkəmənin çağrışına gəlməmək və ya gəlməkdən boyun qaçırmaq məsuliyyətə səbəb olur. Lakin məhkəmə bu əməllərə heç bir hüquqi qiymət verməyib, məhkəmənin isə bütün bunlara laqeyid qalaraq qarşı tərəfin xeyirinə qərar qəbul etməsi bir vətəndaş kimi məni də düşündürür. Məyər məhkəmə qərar qəbul edərkən rəsmi sənədləri bir kənara qoyub yalnız ehtimallara əsaslanaraq qərar qəbul edə bilərmi, bu nə dərəcədə ədalətli ola bilər. Məhkəmə əvvəlcə protokolu tərtib etmiş patrul xidmətinin əməkdaşını məhkəməyə dəvət edib araşdırmalı olan hallardan biri ondan ibarət olmalı idi ki, müayinədə içkili hesab olunmadığım göstərildiyi halda hansı səbəbə görə protokol tərtib edilmişdir. Məhkəmə ilkin qərarında qismən ədalətli olsada növbəti qərarında ona qarşı tam ədalətsiz qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Məgər burda məqsəd sadəcə vətəndaşları incitməkdənmi ibarətdir. Nəticə etibarilə, iş üzrə inzibati xətanın tərkib elementləri tam və şübhəsiz şəkildə sübuta yetirilməmiş, ölçmə və interpretasiya mərhələsində elmi qeyri-müəyyənliklər nəzərə alınmamış, nəticə isə ehtimal xarakterli mülahizələr üzərində qurulmuşdur. Buna görə də Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı hesab edilə bilməz və ləğv edilməlidir. Hazırki vəziyyətdə o, öz təqsirsizliyini sübuta yetirməyə borclu olmadığı halda təqsirsizliyi kifayət qədər rəsmi sənədlərlə sübuta yetirdiyi halda məhkəmə tam fərqli bir nəticəyə gəlmişdir. Göründüyü kimi hakimin əsaslana bildiyi sübutlar qanunsuz tərtib olunmuş protokoldan başqa heç bir sübut əldə edilməmişdir. Belə ki, içkiliyi təkzib edən rəsmi arayış mövcud olduğu halda nəzərə alınmamış, şahidlər dəvət olunsa da üzürsüz səbəbdən gəlməmiş və məhkəmə onları dindirməmiş, məhkəmənin içkililiklə bağlı nəticəyə əsasən ekspertiza keçirilməmişdir. inzibati orqanın əldə etdiyi sübut nəyinki qanuna zidd sayılır, ümumiyyətlə sübut hesab edilmir. Çünki, inzibati orqan işkiliyi iddia etsədə arayışda mənim işkili hesab edilmədiyim müəyyən edilmişdir. Məhkəmə isə qərar qəbul edərkən şübhə və ehtimallara əsaslanmışdır. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkmə nümayəndənin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayət müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Şikayətin dəlilləri ilə bağlı birinci instansiya məhkəməsinin istinad etdiyi dəlillər və mövqeyi aşağıdakı kimidir: Nərimanov RPİ-nin DYPŞ-nin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 08:15-də Nərimanov rayonu ərazisində **-VP-*** dövlət qeydiyyat nişanlı “BMW 430İ GRAN COUPE” minik markalı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 tərəfindən təqdim olunmuş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026cı il tarixdə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan müayinədən keçmiş və müayinənin nəticəsində ayıq (0,299 promil) vəziyyətdə olduğu müəyyən olnunmuşdur. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında */*** nömrəli ##.##.2026-cı il tarixli protokoldan görünür ki, müayinə həmin gün saat 08:45-də aparılmış, Qərardan şikayət verən orqan (şəxs) alkoqolun qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyəti - 0,299 promil kimi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iş üzrə müəyyən edilmiş 0,299 promillik göstərici qanunvericiliklə müəyyən edilmiş həddən cəmi 0,001 promil aşağıdır. Məhkəmə qeyd edir ki, bu fərq son dərəcə cüzi olmaqla, faktiki olaraq ölçmənin aparıldığı vaxtla nəqliyyat vasitəsinin idarə olunduğu vaxt arasında keçən 30 dəqiqəlik zaman intervalında baş vermiş təbii fizioloji dəyişikliklər fonunda qiymətləndirilməlidir. Tibbi elmə görə alkoqolun orqanizmdən xaric olunması müəyyən sürətlə (elmi ədəbiyyatda alkoqolun orta eliminasiya sürəti saatda təxminən 0,100,20 promil (bəzi hallarda 0,25 promilə qədər) qəbul edilir) baş verir və bu prosesin nəticəsində qandakı alkoqol konsentrasiyası tədricən azalır. Bu baxımdan müayinə zamanı müəyyən edilmiş 0,299 promillik göstərici şəxsin nəqliyyat vasitəsini idarə etdiyi andakı göstəricinin daha aşağı deyil, əksinə daha yüksək olduğunu göstərən obyektiv tibbi göstərici hesab edilməlidir. İş materiallarında olan tibbi sənədlərdən görünən 0,299 promillik göstərici qanunvericiliklə müəyyən edilmiş həddə son dərəcə yaxın olmaqla yanaşı, həmin göstərici nəqliyyat vasitəsinin idarə edilməsindən 30 dəqiqə sonra müəyyən edilmişdir. İnsan orqanizmində alkoqolun metabolizmi prosesinin davam etdiyi şəraitdə həmin müddət ərzində qanda alkoqolun konsentrasiyasının müəyyən qədər azalması təbii fizioloji hal hesab olunur. Buna görə də müayinə zamanı müəyyən edilmiş göstərici ilə qanunvericilikdə nəzərdə tutulmuş hədd arasındakı 0,001 promillik fərq şəxsin nəqliyyat vasitəsini idarə etdiyi anda alkoqol sərxoşluğu vəziyyətində olması barədə nəticəni təkzib edən hal kimi qiymətləndirilə bilməz. Əksinə, tibbi müayinənin nəticələri, həmin müayinənin hadisədən 30 dəqiqə sonra aparılması faktı və alkoqolun insan orqanizmində metabolizmi ilə bağlı ümumqəbul olunmuş elmi prinsiplər birlikdə qiymətləndirildikdə, Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini idarə etdiyi zaman qanda alkoqolun konsentrasiyasının qanunvericiliklə müəyyən edilmiş 0,3 promillik həddən aşağı olmamasını təsdiq edir. Məhkəmə birinci instansiya məhkəməsinin hakiminin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq hesab edir ki, şikayət təmin olunmalı, inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iyun 2026-cı il tarixli və Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 333.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir Azərbaycan Respublikası İXM-in 8.1.-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Qeyd olunan Məcələnin 75.0-cı maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: -75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); -75.0.2. inzibati xəta törətmiş şəxs; -75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; -75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; -75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; -75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; -75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-in 76.1. və 76.2-cı maddələrinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-in 80.1.-80.2-ci maddələrinə əsasən, sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Azərbaycan Respublikası İXM-in 84.1. və 84.2-ci maddlərinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 96.2-cı maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Azərbaycan Respublikası İXM-in 99.1.1-ci maddəsi tələb edir ki, inzibati xəta haqqında iş üzrə icraata başlamaq üçün səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar aşkar edilməlidir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Qeyd olunan maddələrin tələblərinə görə, heç bir inzibati xəta hadisəsinin baş verməsi ehtimallara əsaslana bilməz. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydaları 2.4. və 2.7-ci bəndlərinə əsasən, Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.6-cı bəndində olan tələbə görə, müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. İşin hallarından göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) alkotesterdən keçmək üçün DYP əməkdaşları ilə birlikdə “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” yoxlanışına getmiş, yoxlanışa getmək üçün sərf edilən zaman təxmini 30 dəqiqə olmuş və 08:45-də müayinə aparılan zaman müayinə nəticəsində 0,299 promillik göstərici müəyyən edilmiş, lakin birinci instansiya məhkəməsi bu halı əsaslandıran zaman mötəbər sübutu olmadığı halda əsassız fikirlər qeyd etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hakimi təqsirlilik prezumpsiyasının tələblərini pozaraq, müvafiq ekspertiza təyin edə biləcəyi halda bunu etməmiş, yarana biləcək ziddiyyətlərin arada qaldırılması istiqamətində tədbirlər görməmiş, faktiki olaraq ekspertin səlahiyyətlərini öz üzərinə götürərək heç bir mötəbər sübutu olmadığı halda, yalnız ehtimallara əsasən, özünün subyektiv fikirləri əsasında qərar qəbul etmişdir. Belə ki, hakim heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur prinsipinə əsaslanaraq, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına nail olmaqla sübutları qiymətləndirir. Daxili inam o halda qətiləşə bilər ki, şəxsə istinad olunan əməl işin halları üzrə sübutlar ziddiyət təşkil etməsi, həmin sübutların qanuniliyinə, mötəbərliyinə şübhə yaranmasın. Təqsirsizlik prezumpsiyası prinsipinə və bu işin hallarına əsasən, nəzərə alınmalıdır ki, bütün şübhəli hallar Qərardan şikayət verən orqan (şəxs) xeyrinə həll olunmalıdır və işin halları isə onun təqsirli olması barədə sübutların kifayət olmamasına qənaət yaradır. Konstitusiyanın 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin II və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu hal İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinin təmin edilməməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, şikayət təmin edilərək, inzibati xəta haqqında iş üzrə icraata İXMin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.5-1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Şikayət təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞnin ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.2-ci maddəsinə əsasən onun təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir Qərar qətidir, ondan şikayət verilə bilməz Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar