Məhkəmə qərarları › İş №3(3-6)-1956/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1956/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1956/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Feyzullzadə Əli Elşən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Suraxanı Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqdim edilmiş materiallardan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən “xxxx” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 275.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə material və 18.03.20246-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixində İran İslam Respublikasından “xxxx" MMC-nin (VÖEN: **********) ünvanına gələn “Polietilen paketlər” adlı yük ##.##.2026-cı il tarixli ************** saylı gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı, gömrük bəyannaməsində qeyd olunan malların *** saylı “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46cı maddəsinə əsasən, qadağan olunmuş mallara aid edildiyi müəyyən edilmişdir. Dəniz Nəqliyyatı və Enerji Resursları Bas Gömrük idarəsi tərəfindən polietilen paketlərinin mikron qalınlığının müəyyən edilməsindən ötrü, Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət yönləndirilmişdir. Mərkəzi Gömrük Ekspertizası İdarəsinin GM26********** nömrəli ekspert rəyinə əsasən, “Nylon” adlı “X1 25x35, 50 PCS". "X1 25x35, 80 PCS” və "X1 25x35 100 PCS” nişanlı “Polietilen paketlər”in qalınlığının 15 mikrondan aşağı olduğu müəyyən edilmişdir. Araşdırma zamanı, idxal olunan polietilen torbaların mikronunun müəyyən edilməsi zərurəti yarandığı üçün, nümunələr götürülərək, ##.##.2026-ci il tarixli *-**-****/*-******/**** nömrəli məktubla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-ci il tarixli *-**-**-**/*-***/**** saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim olunmuş 27 ədəd "X1 25*35 100 PCS" va 27 ədəd "X1 25x35, 80 PCS" nişanlı polietilen bağlamlardan seçmə üsulla ümumılikdə 36 ədəd şəffaf, rəngsiz, düzbucaqlı və qulpsuz formada olan torbalar götürülmüş, torbaların müxtəlif hissələrinin qalınlığı təxmini müəyyən edilmişdir. Ekspert rəyinə əsasən, polietilen torbaların qalınlıqlarında 15 mikrondan aşağı hissələrin olduğu müəyyən edilmişdir. Araşdırma ilə əlaqədər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi ilə 055-252-41-20 nömrəsi ilə əlaqə saxlanılmış və şirkətin nümayandəsi İdarəyə dəvət olunmuşdur. Baş İdarəyə gələn Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin məsul şəxsi X2 izahat verərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ünvanına İran İslam Respublikasında fəaliyyət göstərən "X4 CO" şirkəti tərəfindən netto çəkisi 48922 kq, invoys dəyəri 58706,40 ABŞ dolları olan "Polietilen paketlər" adlı yük daxil olmuş, gömrük yoxlaması zamanı, gömrük əməkdaşları tərəfindən polietilen paketlərdən nümunələr götürülərək, mikronunu müəyyən etməkdən ötrü Mərkəzi Gömrük Ekspertizası İdarəsinə göndərilmiş, GM26********** nömrəli ekspert rəyinə əsasən, "Nylon" adlı "X1 25x35, 50 PCS", "X1 25x35, 80 PCS" va "X1 25x35, 100 PCS" nişanlı "Polietilen paketlər"in qalınlığının 15 mikrondan aşağı olduğu müəyyən edilmişdir. P.X.Novruzov həmçinin izahatında qalınlığı 15 mikrona qədər olan polietilen torbaların idxalına görə məsuliyyət müəyyən olunduğundan məlumatı olduğunu bildirmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə “xxxx” MMC İXM-nin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan polietilen torbalar müsadirə edilməklə 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan narazı qalan “xxxx” MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Məhkəməsinin (*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Qərar işin faktiki hallarına, ekspert rəyinin məzmununa və inzibati xəta haqqında işlər üzrə sübutetmə standartlarına uyğun gəlmir. Məhkəmə ekspert rəyini tam və obyektiv qiymətləndirməmiş, yalnız cəmiyyətin ziyanına olan hissələri əsas götürmüş, ekspert rəyindəki ziddiyyətləri, ölçmələrin təxmini xarakter daşımasını, nümunələrin seçmə üsulu ilə götürülməsini və malların bütün partiyasının 15 mikrona qədər olması barədə yekun, qəti və standartlaşdırılmış nəticənin olmamasını nəzərə almamışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, **/*** nömrəli ekspert rəyinin “Tədqiqatın nəticəsi” hissəsində göstərilir ki, ekspertizaya təqdim edilmiş kisələrin içərisində “X1 25x35, 50 PCS”, “X1 25x35, 80 PCS” və “X1 25x35, 100 PCS” nişanlı, şəffaf, rəngsiz, düzbucaqlı və qulpsuz formalı polietilen torbalar olmuşdur. Rəydə qeyd edilir ki, təsadüfi seçmə üsulu ilə hər 9 bağlamadan 2 bağlama seçilmiş, həmin bağlamalardan polietilen torbalar götürülmüş, onların da bir hissəsi üzrə tədqiqat aparılmış, digər hissəsi Mərkəzdə saxlanılmışdır. Deməli, ekspertiza bütün mal partiyası üzrə deyil, məhdud sayda seçilmiş nümunələr üzrə aparılmışdır. Bu hal mühüm əhəmiyyət daşıyır. Çünki cəmiyyət barəsində tətbiq edilmiş tənbeh yalnız cərimə ilə məhdudlaşmır, həm də böyük həcmdə malın müsadirəsini nəzərdə tutur. Belə olan halda bütün mal partiyasının inzibati xətanın bilavasitə obyekti olması qəti, dəqiq və şübhə doğurmayan sübutlarla təsdiq edilməli idi. Lakin ekspert rəyində belə qəti nəticə yoxdur. Ekspert rəyində torbaların müxtəlif hissələrində aparılmış ölçmələrin “təxmini” olduğu göstərilmişdir. Bu ifadənin özü ölçmələrin qəti və yekun nəticə kimi qəbul edilməsini istisna edir. İnzibati məsuliyyətə səbəb olan hal, xüsusilə müsadirə kimi ağır nəticə doğuran hal “təxmini” nəticəyə əsaslana bilməz. Məhkəmə qərarında ekspert rəyinə istinad edilərək ümumi formada qeyd edilmişdir ki, polietilen torbaların qalınlıqlarında 15 mikrondan aşağı hissələr vardır. Lakin məhkəmə həmin rəyin bütün məzmununu, xüsusilə 15 mikrondan yuxarı nəticələri qiymətləndirməmişdir. Ekspert rəyində 50 PCS, 80 PCS və 100 PCS bağlamalar üzrə çoxsaylı ölçmələr aparılmışdır. Həmin ölçmələrdən görünür ki, eyni məhsul üzrə müxtəlif hissələrdə qalınlıq göstəriciləri fərqli olmuşdur. Məsələn, bəzi 100 PCS nümunələrində göstəricilər 16, 17, 18, 20 və 21 mikrona qədər yüksəlmişdir. 80 PCS nümunələrində də 16, 17, 18, 19 və 20 mikron göstəricilərinə rast gəlinmişdir. Hətta 50 PCS bağlamalar üzrə də bir sıra ölçmələr 15 və 16 mikron həddinə çatmışdır. Belə olan halda ekspert rəyindən çıxarıla biləcək nəticə yalnız bundan ibarətdir ki, seçilmiş nümunələrin müxtəlif hissələrində fərqli qalınlıq göstəriciləri mövcuddur. Bu isə bütün məhsul partiyasının “qalınlığı 15 mikrona qədər olan polietilen torbalar” kimi qiymətləndirilməsi üçün kifayət deyil. Məhkəmə nəzərə almamışdır ki, normada “qalınlığı 15 mikrona qədər olan polietilen torbalar” ifadəsi işlədilir. Burada söhbət məhsulun ümumi, standart və müəyyən edilmiş qalınlıq göstəricisindən gedir. Bir torbanın ayrı-ayrı hissələrində lokal olaraq 15 mikrondan aşağı göstəricinin qeydə alınması avtomatik olaraq həmin torbanın, xüsusilə də bütün mal partiyasının 15 mikrona qədər qalınlıqda olması anlamına gəlmir. Əgər məhsulun müxtəlif hissələrində qalınlıq 9 mikrondan 21 mikrona qədər dəyişirsə, bu halda məhsulun hansı metodla, hansı orta göstərici ilə, hansı standart üzrə və hansı xəta payı nəzərə alınmaqla 15 mikrona qədər hesab edildiyi ayrıca müəyyən edilməli idi. Ekspert rəyində isə bu suallara cavab verilməmişdir. Əlavə edilmiş ekspert rəyində isə yalnız seçmə üsulu ilə götürülmüş nümunələrin müxtəlif hissələri üzrə təxmini ölçmə nəticələri göstərilmişdir. Rəydə “təqdim edilmiş bütün mal partiyası qalınlığı 15 mikrona qədər olan polietilen torbalardan ibarətdir” məzmununda qəti nəticə yoxdur. Rəydə yalnız müəyyən hissələrdə 15 mikrondan aşağı göstəricilərin mövcudluğu qeyd edilmişdir. Bu isə İXM-in 275.4-cü maddəsinin tətbiqi, xüsusilə bütün malın müsadirə edilməsi üçün kifayət hesab edilə bilməz. ş materiallarından görünür ki, əvvəlcə Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən rəy verilmiş, daha sonra Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ayrıca ekspertiza aparılmışdır. Gömrük ekspertizasında məhsulların 15 mikrondan aşağı olduğu göstərilsə də, Ədliyyə Nazirliyinin ekspert rəyində ölçmələrin fərqli nəticələr verdiyi, bir çox göstəricilərin 15 mikrondan yuxarı olduğu müəyyən edilmişdir. Bu ziddiyyətlər məhkəmə tərəfindən aradan qaldırılmamışdır. Məhkəmə ekspertlərin dindirilməsi, təkrar və ya komission ekspertiza təyin edilməsi, ölçmə metodikasının, cihazın kalibrlənmə sənədlərinin, ölçmə xətasının, nümunələrin reprezentativliyinin araşdırılması istiqamətində heç bir tədbir görməmişdir. Halbuki məhkəmə yalnız inzibati xəta protokolunda göstərilən halları formal təsdiqləməməli, iş üzrə bütün sübutları tam, obyektiv və hərtərəfli araşdırmalı idi. Xüsusilə inzibati məsuliyyətin nəticəsi kimi 48922 kq həcmində malın müsadirəsi məsələsi həll edilərkən sübutların qiymətləndirilməsi daha ciddi aparılmalı idi. Məhkəmə qərarı ilə inzibati xətanın bilavasitə obyekti olduğu göstərilən polietilen torbaların müsadirəsi qərara alınmışdır. Lakin iş materiallarında hansı miqdarda malın həqiqətən 15 mikrona qədər olduğu, hansı hissəsinin 15 mikrondan yuxarı olduğu, hansı bağlamaların uyğun, hansı bağlamaların uyğun olmadığı ayrıca müəyyən edilməmişdir. Ekspert rəyindən görünür ki, məhsullar üzrə nəticələr eyni deyil. Bəzi ölçmələr 15 mikrondan aşağı, bəzi ölçmələr 15 mikron və yuxarı, bəzi ölçmələr isə 20-21 mikrona qədərdir. Belə olan halda bütün mal partiyasının inzibati xətanın bilavasitə obyekti kimi müsadirə edilməsi qanunsuzdur. Müsadirə yalnız o halda tətbiq edilə bilər ki, müsadirə edilən predmetin həqiqətən inzibati xətanın bilavasitə obyekti olması qəti şəkildə sübut edilsin. Hazırkı işdə isə bütün məhsul partiyasının bu kateqoriyaya aid olması sübut edilməmişdir. Bundan başqa, məhkəmə cəmiyyətin mülkiyyət hüququna müdaxilənin mütənasibliyini qiymətləndirməmişdir. İş üzrə invoice dəyəri 58706,40 ABŞ dolları olan və netto çəkisi 48922 kq təşkil edən maldan söhbət gedir. Belə əhəmiyyətli əmlakın müsadirəsi yalnız formal protokol və təxmini ekspert ölçmələri əsasında tətbiq edilə bilməz. Məhkəmə qərarında “xxxx” MMC-nin nümayəndəsinin qalınlığı 15 mikrona qədər olan polietilen torbaların idxalına görə məsuliyyət müəyyən olunmasından məlumatlı olduğu qeyd edilmişdir. Lakin şəxsin ümumi hüquqi qadağadan məlumatlı olması konkret idxal edilmiş malın 15 mikrona qədər olduğunu bildiyi və ya bilməli olduğu anlamına gəlmir. Cəmiyyətin təqsirinin müəyyən edilməsi üçün malların sifarişi, istehsalçı tərəfindən təqdim edilmiş texniki göstəricilər, invoys və müşayiətedici sənədlər, məhsulun üzərində və ya qablaşdırmada göstərilmiş texniki parametrlər, istehsal texnologiyasının xüsusiyyətləri və idxalçının real nəzarət imkanları araşdırılmalı idi. Məhkəmə bu halları araşdırmamışdır. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün yalnız malın gömrük sərhədinə daxil olması faktı kifayət deyil. Hüquqi şəxsin təqsiri, qanun pozuntusunun qarşısını almaq imkanının olub-olmaması, onun tərəfindən lazımi ehtiyatlılıq və diqqət göstərilibgöstərilməməsi də qiymətləndirilməlidir. Əlavə edilmiş ekspert rəyində tədqiq edilən məhsulların “X1” olduğu, yəni qida məhsullarının saxlanılması və dondurulması üçün nəzərdə tutulan xüsusi təyinatlı qablaşdırma məhsulları olduğu görünür. Həmin məhsulların şəffaf, rəngsiz, düzbucaqlı və qulpsuz formada olması da ekspert rəyində ayrıca qeyd edilmişdir. Məhkəmə isə bu məhsulların funksional təyinatını, onların istehlakçıya alış-veriş zamanı verilən adi daşıma torbaları ilə eyni hüquqi rejimə aid olub-olmadığını araşdırmamışdır. Xüsusilə “freezer bags” kimi təqdim olunan, qida saxlanılması üçün nəzərdə tutulan və qulpu olmayan məhsulların normanın qadağan etdiyi polietilen torbalar kateqoriyasına avtomatik aid edilməsi əlavə hüquqi və texniki araşdırma tələb edir. Bu xüsusatlar aydınlaşdırılmadan məhsulların bütünlükdə inzibati xətanın bilavasitə obyekti kimi tanınması və müsadirəsi qərara alınması əsassızdır. İş üzrə obyektiv nəticəyə gəlmək üçün apellyasiya instansiyasında təkrar və ya komission ekspertiza təyin edilməlidir. Məhkəmənin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili X3 şikayətin məzmununa oxşar çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini və polietilen torbaların müsadirəsinin düzgün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində səlahiyyətli orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim tərəfindən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi İXMin 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə “xxxx” MMC tərəfindən heç bir inzibati xəta törədilmədiyi iddia edilsə də, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək tənbeh vermə haqqında qərar çıxarmışdır. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Şikayətdə MMC-nin təqsirinin müəyyən edilməsi üçün malların sifarişi, istehsalçı tərəfindən təqdim edilmiş texniki göstəricilər, invoys və müşayiətedici sənədlər, məhsulun üzərində və ya qablaşdırmada göstərilmiş texniki parametrlər, istehsal texnologiyasının xüsusiyyətləri və idxalçının real nəzarət imkanları araşdırılmadığı göstərilmişdir. İş materiallarında olan ************** nömrəli, ##.##.2026-cı il tarixli bəyannamədən görünür ki, “xxxx” MMC tərəfindən İran İslan Respublikasından NYLON polietilen paketlər gətirilmişdir. Dəniz Nəqliyyatı və Enerji Resursları Bas Gömrük idarəsi tərəfindən polietilen paketlərinin mikron qalınlıgının müəyyən edilməsindən ötrü Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət yönləndirilmişdir. Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsi invoys, nəqliyyat sənədləri, digər sənədlər və təqdim edilmiş nümunələr əsasından təhqiqat aparmışdır. Mərkəzi Gömrük Ekspertizası İdarəsinin GM26********** nömrəli ekspert rəyinə əsasən, “Nylon” adlı “X1 25x35, 50 PCS". "X1 25x35, 80 PCS” və "X1 25x35. 100 PCS” nişanlı “Polietilen paketlər”in qalınlığının 15 mıkrondan aşağı olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-ci il tarixli *-**-**-**/*- ***/**** saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim olunmuş 27 ədəd "X1 25*35 100 PCS" va 27 ədəd "X1 25x35, 80 PCS" nişanlı polietilen bağlamlardan seçmə üsulla ümumılikdə 36 ədəd şaffaf, rəngsiz, düzbucaqlı va qulpsuz formada olan torbalar götürülmüş, torbaların müxtəlif hissələrinin qalınlığı təxmini müəyyən edilmişdir. Ekspert rəyinə əsasən, polietilen torbaların qalınlıqlarında 15 mikrondan aşağı hissələrin olduğu müəyyən edilmişdir “xxxx” MMC-nin nümayəndəsi X2 ## ###### 2026-cı il tarixli izahatında 15 mikrona qədər olan polietilen torbaların idxalına görə məsuliyyət müəyyən olunduğundan məlumatlı olmalarını, bundan əvvəldə 15 mikrondan aşağı polietilen torbaların gəlməsinə görə İran İslam Respublikasındakı şirkətlə danışdıqlarını, onlar bunu qəbul etmədiklərini bildirmişdir. Göründüyü kimi, törədilmiş inzibati xəta ekspert rəyləri və digər sənədlər ilə sübut olunmuşdur. Odur ki, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi “xxxx” MMC-nin barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxs tərəfindən İXM-in 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gələrək hüquqi şəxsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmişdir. Hüquqi şəxsə tətbiq edilmiş tənbehə münasibətdə isə məhkəmə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətinini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq “xxxx” MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq etməklə düzgün nəticəyə gəlsə də, qanunun normasının tətbiqində səhvə yol vermiş, ekspert rəyində "Nylon" adlı "X1 25x35, 50 PCS", "X1 25x35, 80 PCS" va "X1 25x35, 100 PCS" nişanlı "Polietilen paketlər"in qalınlığının 9-21 mikron aralındığından olduğunu müəyyən etsə də, 15 mikrondan aşağı olanları deyil, bütün polietilen torbalar müsadirə edilməli olduğu göstərilmiş, 15 mikrondan yuxarı olanların isə “xxxx” MMC-yə qaytarılmalı olmasını göstərməmişdir. Belə ki, İXM-nin: 26.1-ci maddəsinə inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. 275.4-cü maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanunun norması düzgün tətbiq edilməklə dəyişdirilməli, inzibati xətanın bilavasitə obyekti olan 15 mikrona qədər olan polietilen torbalar müsadirə edilməli, 15 mikrondan yuxarı olanların isə “xxxx” MMC-yə qaytarılmalıdır. İXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və İXM-in 134.1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Məhkəməsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək, inzibati xətanın bilavasitə obyekti olan polietilen torbaların müsadirə edilməklə 3000 (üç min) manat məbləğində cərimə edilməsinə dair *(*- ***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilsin. İnzibati xətanın bilavasitə obyekti olan 15 mikrona qədər olan polietilen torbalar müsadirə edilsin, 15 mikrondan yuxarı olan polietilen torbalar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Qərar digər hissələrdə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar