Məhkəmə qərarları › İş №3(3-6)-1973/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1973/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1973/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək məqsədilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş, eyni zamanda şikayətə yaşadığı yer üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması barədə vəsatət təqdim etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə ehtimal olunan inzibati xətanın Bakı şəhəri Binəqədi rayonu ərazisində törədilməsi əsas götürülərək şikayət aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə şikayətçinin yaşayış yeri üzrə baxılması barədə vəsatətinin Səbail Rayon Məhkəməsi tərəfindən nəzərə alınmadığı göstərilərək, həmin vəsatətə əsasən materiala Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalı olduğu qeyd edilmiş və məhkəmələr arasında yaranmış fikir ayrılığının həlli üçün material Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Materialı nəzərdən keçirib hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətinə dair material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, IXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən isə IXM-in 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilən şikayətə şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılır. Hazırkı işdə şikayət DYP əməkdaşı tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verilmişdir. Qeyd olunan inzibati xəta IXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş hallardan olsa da, həmin qərar IXM-in 127-3.2-ci maddəsində müəyyən edilmiş qaydada qəbul edilmədiyindən, hazırkı iş üzrə IXM-in 129.1.3-1-ci maddəsi deyil, 129.1.3-cü maddəsi tətbiq edilməlidir. IXM-in 129.1-1-ci maddəsinə əsasən isə 129.1.3-cü maddəyə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı şikayətə yaşayış yeri üzrə baxılması barədə vəsatət verilə bilər. Göründüyü kimi, bu norma yaşayış yeri üzrə baxılmanı yalnız aidiyyətli məhkəmə tərəfindən həll edilən prosessual imkan kimi nəzərdə tutur. IXM-in 132.1-ci maddəsinə əsasən şikayətə baxmağa hazırlıq zamanı hakim işin aidiyyətini müəyyən edir və təqdim edilmiş vəsatətlərə baxır. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən isə yaşayış yeri üzrə baxılması barədə vəsatət təmin edildikdə şikayət bütün materiallarla birlikdə aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilir. Qanunun sistemli təhlilindən görünür ki, əvvəlcə şikayət ümumi aidiyyət qaydasına uyğun olaraq səlahiyyətli məhkəməyə təqdim edilməli, bundan sonra həmin məhkəmə tərəfindən yaşayış yeri üzrə baxılması barədə vəsatətə hüquqi qiymət verilərək onun təmin edilibedilməməsi məsələsi həll olunmalıdır. Iş materiallarından görünür ki, ehtimal olunan inzibati xəta ## #### 2026-cı il tarixdə saat 19:18-də Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində törədilmişdir. Buna görə də, şikayətə baxılması IXM-in 129.1.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan şikayətçinin yaşayış yeri üzrə baxılması barədə vəsatətinə hüquqi qiymət verilməsi də məhz həmin məhkəmə tərəfindən həyata keçirilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi isə şikayətçinin təqdim etdiyi vəsatətə hüquqi qiymət vermədən materialı Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Odur ki, hazırkı material səlahiyyətli məhkəmə kimi vəsatətə hüquqi qiymət verilməsi və təmin olunduğu təqdirdə birbaşa Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi üçün məhz Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. IXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə dair material vəsatətə hüquqi qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar