Məhkəmə qərarları › İş №3(3-6)-1993/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1993/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1993/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimov Zəfər Soltan oğlunun iştirakı ilə, İbrahimov Zəfər Soltan oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 3.000 manat məbləğində cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahimov Zəfər Soltan oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə, ##.##.1979-cu il tarixdə Füzuli rayonu, Qazaxlar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq 94 ünvanında yaşayan İbrahimov Zəfər Soltan ğlunun İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 3.000 (üç min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İşin halları: Materialdan görünür ki, İbrahimov Zəfər Soltan oğlunun İXM-in 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X4 İdarəsi İTŞ-nin BB-nin inspektoru X2 tərəfindən ##.##.2026cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, İbrahimov Zəfər Soltan oğlunun ##.##.2026-cı il tarixdə X5 Aeroportu ərazisində saat 02:55 radələrində Terminal 2-nin avtodayanacağında avtomobildə qumar oyunu oynadığı müəyyən edilmişdir. Bununla da İbrahimov Zəfər Soltan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Həmin qərardan İbrahimov Zəfər Soltan oğlu apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının yeri və vaxtı barədə ona rəsmi bildiriş göndərilməmiş və nəticədə, onun iştirakı olmadan ancaq inzibati orqan tərəfindən təqdim edilmiş sənədlər əsasında iş üzrə qərar qəbul edilmişdir. Qərardan görünür ki, məhkəmə inzibati xəta haqqında protokola, polis əməkdaşlarının raportlarına və araşdırma materiallarında olan izahatlara istinad etmişdir. Halbuki həmin sübutların mötəbərliyi onun iştirakı ilə məhkəmə tərəfindən araşdırılmamışdır. Onun iştirakı olmadan işə baxılması onun fundamental hüquqlarının pozulması ilə nəticələnmişdir. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimov Zəfər Soltan oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının isə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi İXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatları sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə ## ### 2026-cı il tarixli qərardan görünür ki, 2026-cı il aprel ayının 26-dan 27-nə keçən gecə Nəbi Allahverdiyev X5 Aeroportu, Terminal 2-də yerləşən “Araz” marketdən aldığı kart ilə həmin terminalın avtodayanacağında saxladığı, öz şəxsi istifadəsində olan **-CL-*** dövlət qeydiyyat nişanlı "Hyundai Avante” markalı avtomobilində, öz şəxsi istifadəsində olan **-CL-*** dövlət qeydiyyat nişanlı “Hyundai Avante” markalı avtomobilində, tanışları Zəfər İbrahimov və Azər Qasımovla ilk əvvəl 20(iyirmi) qəpik, sonradan razılığa əsasən qaldırılaraq 50(əlli) qəpik müəyyən olunmuş gediş haqqı qarşılığında kart oynamağa başlamış və polis əməkdaşları onların qumar oynadıqlarını aşkar edikləri vaxtadək davam etmişlər. Qeyd olunan şəxslər arasında keçirilmiş qumar oyunun oynanıldığı yer, yəni, Nəbi Allahverdiyevin avtomobili qumarxana hesab oluna bilməz. Belə ki, avtomobil qumarxananın təşkil olunmasından ötrü lazım olan tələblərə cavab vermir. Həmçinin də Nəbi Allahverdiyev qumar oynamaqdan ötrü təşəbbüskar şəxs olsa da, o, oyun oynamaq üçün xüsusi yer hazırlamadan, oyunun keçirilməsi formasını uyğunlaşdırmadan, yerin fəaliyyət göstərməsi üçün xidmətçilər işə cəlb etmədən, mühafizə qaydaları təşkil etmədən qısa müddət ərzində tanışları Zəfər İbrahimov və Azər Qasımovla razılığa gələrək qumar oynamışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən X10 X1 və İbrahimov Zəfər Soltan oğlunun əməllərində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinin təkib əlamətləri olduğundan, onlara həmin maddə ilə inzibati tənbeh tədbirinin tətbiq olunmasından ötrü toplanmış materialdan müvafiq sənədlərin surətləri çıxarılaraq, Hava NPİ-nin İTŞ-nə verilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli raportdan görünür ki, ##.##.2026-cı il tarixdə saat 02:55 radələrində Allahverdiyev X3 Əliyev Beynəlxlaq Aeroportu Terminal 2-nin avtodayanacağında saxladığı, öz şəxsi istifadəsində olan **-CL-*** dövlət qeydiyyat nişanlı “Hyundai Avante” markalı avtomobilində tanışları, X1 və İbrahimov Zəfər Soltan oğlu ilə qumar oyunu oynayarkən Hava NPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq, İdarəyə gətirilmişlər. Araşdırma zamanı X10 əməlində AR CM-nin 244-1-ci maddəsinin tərkib əlamətləri olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. X7, X1 və İbrahimov Zəfər Soltan oğlunun əməllərində AR İXM-nin 525-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. İş materiallarında olan İbrahimov Zəfər Soltan oğlunun izahatından görünür ki, o, istifadəsində olan 77-KY657 dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Lakin o, taksi sürücüsü işləməkdən ötrü sertifkat almamışdır. Bundan əlavə onun heç bir rəsmi iş yer olmamışdır. ##.##.2026-cı il tarixdə o, Koroğlu metrostansiyasının qarşısından müştəri götürmüş və təqribən saat 20:35-də X5 Aeroportuna gəlmişdir. Hava Limanının girişində taksi sürücüsü kimi tanıdığı Vüsalla əlaqə saxlamıış hal-əhval tutmuş və Vüsal ona bildirmişdir ki, hazırda Terminal 2-nin qarşısında Nəbi Allahverdiyevlə birlikdə sonuncunun maşınında oturub, müştəri gözləmişdir. O, müştərinin istəyinə uyğun olaraq onu Terminal birin qarşısında olan dayanacağın arxa cərgəsində düşürmüş, ardınca maşını gətirib, Terminal 2-nin avtdayanacağında saxlamış, terminal 2-nin 2-ci mərtəbəsində yerləşən “Naxçıvan” kafesinə gəldib yemək yemişdir. Müştəri götürməkdən ötrü maşının içərisində oturub gözləmiş, həmin ərəfələrdə polis əməkdaşı Yaşar ona yaxınlaşmış, burada taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilmədiyini, getməyini bildirmişdir. O, polis əməkdaşına etiraz etməmiş və avtomobilinin mühərrikini işə salmış, yolüstü müştəri olarsa götürsün deyə Terminal 1-in qarşısından fırlanmış yenidən, Terminal 2-nin qarşısındakı dayanacağın sonuna gəlmişdir. Görmüşdür ki, Vüsal Nəbinin maşınında əyləşib, onunla söhbət edir. O, avtomobildən düşüb, söhbət etməkdən ötrü gedib, Nəbinin maşınında, ön sərnişin oturacağında əyləşmişdir. Təxminən saat 23:00 radələrində Azər Qasımovda maşınını onların yanında saxlamış, onlarla həmsöhbət olmuşdur. Söhbət əsnasında Nəbi təklif etmişdir ki, Terminal 2-də yerləşən, “Araz” marketdən kart alıb gətirsin və birlikdə pul qarşılığında “poker” oynasınlar. Onlar razılaşmış və Nəbi mağazadan kart alıb gəlmişdir. Ön sürücü oturacağında Nəbi, ön sərnişin oturacağında o, arxa otruracaqda isə Vüsal və Azər əyləşmişlər. Vüsal üzərində pul olmadığını ona bildirərək, oynamaqdan ötrü məndən 10 manat pul istəmişdir. O, Vüsala pulunun olmamasını və uduzarsa borca düşə biləcəyini bildirərək, oynamasına etirazını bildirmişdir. Ön oturacaqalar arasında olan “qoltuqaltı” hissənin üzərinə kartlar düzərək, o, Nəbi və Azər kart oynamağa başlamışlar. İlkin olaraq yer pulu kimi 20 (iyirmi qəpik), oyunun gedişində yer pulunu 50 (əlli) qəpiyə qaldırmışlar. Təxminən 2 saatdan artıq müddət yəni, ##.##.2026-cı il tarixdə təqribən saat 02-03 aralığında Vüsal maşından düşmüş, sağ arxa açıq pəncərədən onların oyunlarına baxmış, biraz keçmişdir ki, onlar polis maşınının sayrışan işıqlarını görmüş, Vüsal polis gəldiyini bildirərək, dərhal onlardan uzaqlaşıb, qaçaraq öz maşınına getmişdir. Həmin vaxt Nəbi və Azər kartları avtomobildə gizlətmişlər. Polis əməkdaşları avtomobilə yaxınlaşmış, ilk öncə onlar polis əməkdalarına qarşı qeyri-səmimilik edərək, kart oynamadıqlarını bildirmiş, lakin avtomobildən kart tapıldıqdan sonra, səmimi olaraq etiraf etmişlər ki, onlar burada həqiqətən pul qarşılığında kart, yəni qumar oynamışlar. Sonra polis əməkdaşları onu, Vüsalı, Zəfəri və Azəri Hava NPİ-yə dəvət etmişlər, onlar birlikdə idarəyə gəlmişlər. Bu baxımdan məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan da görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahimov Zəfər Soltan oğlu ##.##.2026-cı il tarixdə verdiyi izahatında da məhz İXM-nin 525-ci maddəsinin tərkib əlamətlərini təşkil edən pul qarşılığında qumar oynadığını, bununla bağlı təklifin digər taksi sürücüsü olan Nəbi Allahverdiyev tərəfindən irəli sürüldüyünü bildirmişdir. Başqa sözlə, İbrahimov Zəfər Soltan oğlu inzibati xəta tərkibi yaradan hadisənin baş verdiyi gün polis idarəsində verdiyi izahatı ilə əməlində inzibati xəta tərkibinin olmasını etiraf etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 525-ci maddəsinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin qumar oyununda iştirak etməsini nəzərə alaraq, həmin şəxsi əsaslı olaraq İXM-in 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi İbrahimov Zəfər Soltan oğlu barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, şəxsin təqsirinin dərəcəsini və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimov Zəfər Soltan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin İbrahimov Zəfər Soltan oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3.000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar