Məhkəmə qərarları › İş №3(3-6)-2162/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2162/2026

20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2162/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.3cü maddəsi ilə təqsirli bilinərək 1000 manat inzibati cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərarı ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan X4 Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən X4 Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) vergi ödəyicisi kimi 1001375432 VÖEN-lə qeydiyyata alınmış, ## ###### 2017-ci il tarixdə fəaliyyət və əməliyyatları dayandırılmış, bərpa tarixi kimi ## ###### 2022-ci il göstərilmiş, ## ####### 2022-ci il tarixdə fəaliyyət yenidən dayandırılmışdır. ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli “əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ilə Cavadov Elnur İman oğlu arasında minimum əmək haqqından aşağı məbləğə əmək haqqının mövcud olması səbəbindən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materialların araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, İXM-nin 192.3-cü maddəsinə əsasən, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qərarla razılaşaraq qeyd edir ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) vergi orqanına təqdim etdiyi ərizəyə əsasən onun fəaliyyəti ## ###### 2017-ci il tarixdən ## ###### 2022-ci il tarixədək, ## ####### 2022-ci il tarixdən ## ####### 2027-ci il tarixədək dayandırılmışdır. Həmin tarixdən indiyədək isə Qərardan şikayət verən orqan (şəxs) sahibkarlıq fəaliyyəti olmamış və bu səbəbdən işçilər işə cəlb edilmədiyindən əmək haqqı hesablanmamış, eyni zamanda hər hansı işçi tərəfindən boşdayanmaya görə ödəniş edilməsi barədə vəsatət daxil olmamışdır. Göründüyü kimi ## ###### 2017-ci il tarixdən onunla inzibati tənbeh vermə haqqında qərarın qəbul olunmasına əsas olmuş işçi arasında xarakterinə və həqiqi mahiyyətinə görə faktiki olaraq əmək münasibətlərinin olması iş materialları ilə müəyyən edilmir. Nəticə etibarilə yuxarıda aparılan təhlillərin məcmusu məhkəməni qəti qənaətə gətirir ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-in 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin zəruri elementləri mövcud deyildir və səlahiyyətli orqan tərəfindən təqsirliliyi sübuta yetirilməmişdir. Həmin maddənin dispozisiyası "işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsini" qadağan edir. Məhkəmə tərəfindən isə müəyyən edilmişdir ki, Cavadov Elnur İman oğlunun minimum aylıq əmək haqqında aşağı miqdarda əmək müqaviləsi olmamış, eyni zamanda digər dövrlərdə cəmiyyətlə işçi arasında əmək münasibətləri mövcud olmadığından əmək haqqı ödənişi edilməmişdir ki, bu da inzibati xəta tərkibini yarada bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 53.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar həmçinin bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda qəbul edilir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar