Məhkəmə qərarları › İş №3(3-6)-2166/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2166/2026

20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2166/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X2, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati qaydada iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə ## #### 2026-cı il tarixdə, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən (sədrlik edən X5) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati qaydada iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında şikayət verilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünə məxsus restoranda “İctimai TV”-də yayımlanan oyunları göstərmiş, “İctimai TV” isə açıq dövlət kanalıdır və ona görə də onun restoranında bu görüntüləri yayımlamaq hüququ məhdudlaşdırılmamışdır. Həmçinin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsassız olaraq tərtib edilmişdir. Tərtib olunmuş protokoldan və qəbul edilmiş qərardan da göründüyü kimi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, həmçinin “xxxx” MMC-nin hüquqlarını qeydiyyata almış Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində də, düzgün araşdırılma aparılmamış və bu gunə kimi “xxxx” MMC ilə HORECA-da UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqası yarışlarının yayım hüquqlarına dair müqavilənin bağlanması barədə heç bir sənəd təqdim edilməmişdir. Göründüyü kimi məhkəmə bu xüsusatları da araşdırmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlmədiyindən məhkəmə həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini əsassız sayaraq şikayətin təmin olunmamasını xahiş etdi. İşin halları və hüquqi məslələr: Şikayətdə göstərilənlərlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, tərəfin çıxışını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında ## ### 2026-cı il tarixdə “matbuat.lounge” adlı “İnstagram” sosial şəbəkə səhifəsində müəlliflik hüquqlarından və əlaqəli hüquqlardan qeyri-qanuni istifadə olunmaqla haqsız reklama yol verilməsi faktı aşkar edilmiş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanladığı ## ### 2026-cı il tarixli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbindən protokolun tərtib edilməsində iştirak etmək üçün ## #### 2026-cı il tarixində saat 12:00-da Azərbaycan Respublikasının Prezidenti yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə gəlməsi xahiş edilmişdir. Həmçinin iş materiallarında olan fotoşəkillərdən görünür ki, “İnstagram” sosial şəbəkəsində “matbuat.lounge” adlı səhifədə ## ##### 2026-cı il tarixində “Real Madrid” və “Bayern Munich”, ## ##### 2026-cı il tarixində “Barcelona” və “Atletico Madrid”, ## ##### 2026-cı il tarixində “Atletico Madrid” və “Barcelona”, ## ##### 2026-cı il tarixində “Bayern Munich” və “Real Madrid”, ## ##### 2026-cı il tarixində “PSG” və “Bayern Munich”, ## ##### 2026-cı il tarixində “Atletico Madrid” və “Arsenal”, ## ### 2026-cı il tarixində isə “Arsenal” və “Atletico Madrid” UEFA Çempionlar Liqası futbol oyunlarının nümayiş olunacağına dair reklamların yayımlandığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının ərazisində yayım hüququ “xxxx” MMC-yə məxsus olan idman yarışlarının qanunsuz yayımlanması hallarına dair rəydən görünür ki, Azərbaycan Respublikasının ərazisində müstəsna yayım hüququ “xxxx” MMC-yə məxsus olan idman yarışlarının “xxxx” MMC-nin 2026-cı il ## ##### və 27 aprel tarixli müraciətlərinə əlavə olunan siyahıda göstərilən otellər, restoranlar, kafelər, publar, kinozallar, klinikalar və digər kommersiya obyektlərində yayımlanması MMC-nin razılığı alınmadan həyata keçirilir və bununla da “xxxx” MMC-nin Qanunda təsbit edilmiş əmlak (iqtisadi) hüquqları pozulur. Həmçinin iş materiallarında olan “xxxx” MMC tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanan ## ##### 2026-cı il tarixli pretenziyadan görünür ki, pretenziyanın mətni “nəzərinizə çatdırırıq ki, UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqası yarışlarının Azərbaycan Respublikasının ərazisində müstəsna yayım hüquqları “xxxx” MMC tərəfindən “X3 Ltd” ilə bağlanmış müqaviləyə əsasən “xxxx” MMC tərəfindən qanuni şəkildə əldə edilməklə yayım hüquqları Cəmiyyətimizə məxsusdur. Sözügedən müqaviləyə əsasən, “xxxx” MMC-yə: - Azərbaycan Respublikasının ərazisində Pay TV (abunə yayımı) hüquqları, - və HORECA (otel, restoran, kafe, pub və digər ictimaiiaşə obyektləri) üzrə yayım hüquqları eksklüziv əsasda verilmişdir. Yuxarıda göstərilənlərlə yanaşı onu da qeyd etməyi zəruri hesab edirik ki, “xxxx” MMC-nin hüquqları Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində müvafiq qaydada qeydiyyatdan keçməklə, sözügedən qeydiyyata əsasən bu hüquqlar “xxxx” MMCnin qanunla qorunan əqli mülkiyyət obyektidir. Tərəfimizdən aparılmış yerində baxışlar və monitorinqlər zamanı müəyyən edilmişdir ki, Sizə məxsus “Matbuat Lounge” ictimai-iaşə obyektində UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqası yarışlarının oyunları hüquq sahibinin (“xxxx” MMC nəzərdə tutulur) razılığı olmadan, eləcə də hüquq sahibi ilə müvafiq yayım müqaviləsi bağlanmadan pirat retranslyasiya yolu ilə qanunsuz şəkildə yayımlanır. Nəzərinizə çatdırılır ki, bu hal Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən: - Konstitusiyanın 30-cu maddəsinin, - Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin, - Cinayət Məcəlləsinin 165ci maddəsinin. Diqqətinizə çatdırmağı zəruri hesab edirik ki, HORECA-da (otel, restoran, kafe, pub və digər ictimai-iaşə obyektlərində) UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqası yarışlarının yayımı yalnız hüquq sahibi ilə ayrıca müqavilə bağlandıqdan sonra həyata keçirilə bilər. Belə bir müqavilə bağlanmadan isə yayımın həyata keçirilməsi qanuni və əsaslı olmamaqla yanaşı hüquq sahibinin hüquqlarının pozulmasına səbəb olur ki, bu da Sizi müvafiq məsuliyyətə cəlb edilməyinizə və Sizə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə iddia ilə məhkəməyə müraciət olunmasına əsas yaradır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Sizdən: 1. Qanunsuz yayımların dərhal dayandırılması;

2. Yayımı qanuni əsaslarla həyata keçirmək niyyətində olduğunuz təqdirdə, 24 saat müddətində “xxxx” MMC ilə HORECA-da UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqası yarışlarının yayım hüquqlarına dair müqavilənin bağlanmasının təmin edilməsi tələb olunur. Göstərilən tələblər tərəfinizdən yerinə yetirilmədiyi təqdirdə, qanunsuz yayımın dayandırılması, dəymiş maddi zərərin, eləcədə kompensasiyanın tutulması tələbinə dair müvafiq iddia ilə aidiyyəti məhkəməyə müraciət olunmaqla yanaşı barənizdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 165-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunmağınız üçün tərəfimizdən aidiyyəti hüquq mühafizə orqanlarına müraciət olunacaqdır” məzmunda olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçmiş lisenziya müqaviləsindən görünür ki, həmin müqavilə ## ###### 2026cı il tarixdə Saran Media İnternational LTD və xxxx LTD arasında bağlanmış, həmin müqavilə ilə Saran tərəfindən xxxx-a Pay TV-də TVNET SPORT, SPORT TV və SPORT TV 2 televiziya kanalları vasitəsilə, Free TV-də isə bu müqavilənin əlavəsində qeyd olunacaq açıq yayım kanalında Ərazi daxilində, azərbaycan və türk dilində, canlı və təxirə salınmış şəkildə, məhdudiyyətsiz sayda yayımlamaq üçün eksklüziv Free-TV (açıq yayım), eksklüziv Pay-TV (ödənişli TV) və eksklüziv HORECA (otellər, restoranlar, kafelər, publar, kinozallar, klinikalar və digər kommersiya obyektləri) hüquqları verilmişdir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “İctimai TV”-də yayımlanan oyunları göstərməsi və həmin kanalın açıq dövlət kanalı olması barədə dəlili onu inzibati məsuliyyətdən azad edən hal kimi qəbul edilə bilməz. Çünki iş üzrə hüquqi qiymətləndirmə yalnız oyunun texniki olaraq hansı kanalda izlənilməsi məsələsi ilə məhdudlaşmır. Hazırkı halda söhbət idman yarışlarının şəxsi və ya ailəvi qaydada izlənilməsindən deyil, kommersiya məqsədli ictimai-iaşə obyektində müştərilərin cəlb edilməsi məqsədilə həmin oyunların nümayiş olunacağının sosial şəbəkə vasitəsilə reklam edilməsindən gedir. Açıq yayım kanalının mövcudluğu həmin yayımın restoran, kafe və digər kommersiya obyektlərində hüquq sahibinin razılığı olmadan HORECA yayımı kimi istifadə edilməsinə və bu barədə reklam yerləşdirilməsinə avtomatik hüquqi əsas yaratmır. İş materiallarında olan fotoşəkillərdən də görünür ki, “matbuat.lounge” adlı səhifədə ## ##### 2026, ## ##### 2026, ## ##### 2026, ## ##### 2026, ## ##### 2026, ## ##### 2026 və ##.##.2026- cı il tarixlərində UEFA Çempionlar Liqası oyunlarının həmin obyektdə nümayiş olunacağına dair məlumatlar paylaşılmışdır. Bu paylaşımlar mahiyyət etibarilə restoranın xidmətinə diqqət cəlb etməyə, müştəri marağı formalaşdırmağa və obyektə tələbat yaratmağa yönəldiyindən “Reklam haqqında” Qanunun 2.0.1-ci maddəsi baxımından reklam xarakterlidir. Həmin reklamın məzmununda isə hüquq sahibinə məxsus yayım hüquqlarından müvafiq razılıq və müqavilə olmadan istifadə olunacağı göstərildiyindən, bu hal “Reklam haqqında” Qanunun 6.1.5-ci maddəsinə əsasən müəlliflik hüquqlarından və əlaqəli hüquqlardan qeyri-qanuni istifadə olunmaqla haqsız reklama yol verilməsi kimi qiymətləndirilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC tərəfindən ona hüquqları təsdiq edən sənəd təqdim edilmədiyi barədə dəlili də məhkəmə tərəfindən əsaslı hesab edilmir. Çünki iş materiallarında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçmiş lisenziya müqaviləsi mövcuddur və həmin müqavilədən X3 LTD tərəfindən “xxxx”a Azərbaycan Respublikası ərazisində eksklüziv Free-TV, Pay-TV və HORECA yayım hüquqlarının verildiyi görünür. Bundan başqa, “xxxx” MMC-nin pretenziyasında da hüquqların mənbəyi və HORECA yayımı üçün ayrıca müqavilə bağlanmasının zəruriliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs diqqətinə çatdırılmışdır. Buna baxmayaraq, həmin sosial şəbəkə səhifəsində oyunların nümayişinə dair reklamların yerləşdirilməsi davam etdirilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş foto şəkillər və toplanmış digər sübutların məcmusu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus ictimai-iaşə obyektinin sosial şəbəkə səhifəsində hüquq sahibinin razılığı olmadan UEFA Çempionlar Liqası oyunlarının nümayiş olunacağına dair reklamların yerləşdirilməsini, bununla da qanunvericiliklə müəyyən edilmiş müddəaların pozulması ilə müşaiyət olunan reklama yol verilməsini təsdiq edir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun: 2.0.1-ci maddəsinə əsasən reklam - reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. 4.1-ci maddəsinə əsasən reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. 4.2-ci maddəsinə əsasən reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. 6.1.5-ci maddəsinə əsasən müəlliflik hüquqlarından və əlaqəli hüquqlardan qeyriqanuni istifadə olunduqda, başqa əmtəələrin reklam materiallarının plagiatçılığına yol verildikdə reklam haqsız reklam hesab olunur. Haqsız reklama yol verilmir. 39.1-ci maddəsinə əsasən reklamverici təqdim etdiyi məlumatın məzmununa və həqiqiliyinə, reklam istehsalçısı reklamın bu Qanunun tələblərinə uyğun hazırlanmasına, reklam yayıcısı, rəqəmsal platforma təsirçisi reklamın bu Qanunla müəyyən edilmiş yerdə, vaxtda, vasitələr və üsullarla yayımlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. 39.2-ci maddəsinə əsasən haqsız, qeyri-dəqiq və gizli reklama yol verən reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, rəqəmsal platforma təsirçisi, reklam yayıcısı və reklam agenti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində qeyd edilən inzibati xətanı törətməsi inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən bu Məcəllənin 428.1 – 428.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq

qərara a l ı r a m:

Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz.

Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar