Məhkəmə qərarları › İş №3(3-6)-2171/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2171/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2171/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI «xxxx» ASC-nin Azərbaycan Respublikasının IXM-nin 335.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından «xxxx» ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis Idarəsi tərəfindən «xxxx» ASC-nin Azərbaycan Respublikası IXM-nin 335.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ## ###### 2026-cı il tarixli IXP seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə «xxxx» ASC Azərbaycan Respublikasının IXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan narazı qalan «xxxx» ASC apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixində “xxxx” ASC ilə X2 arasında Daxili Lizinq müqaviləsi imzalanmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra izinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Həmin Lizinq müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən ##.##.2025-ci il tarixində X2 onun faktiki mülkiyyətində olan **-YH-*** dövlət qeydiyyat nişanlı Hyundai Elantra minik markalı nəqliyyat vasitəsinə dair Etibarnamə verilmişdir. Etibarnamə ##.##.2026-cı il tarixinə qədər qüvvədə olmuşdur. Etibarnamə verilən zaman X2 vəsiqəsi qüvvədən düşməmiş və qüvvədə olmuşdur. Onun sürücülük vəsiqəsinə dair idarə etmək hüququnun məhdudlaşdırılmasının yoxlanılması qeyrimümkündür. Belə ki, bu məsələ yalnız Daxili Işlər Nazirliyinin və onun müvafiq strukturlarının səlahiyyətinə aid məsələdir. Yəni etibarnamə verilən zaman həmin şəxsin sürücülük vəsiqəsi olmuş və etibarlı olmuşdur, lakin hüququnun məhdudlaşdırılmasının “xxxx” ASC tərəfindən yoxlanılması qeyri-mümkündür. Əgər sürücülük vəsiqəsinin müddəti keçsəydi və həmin vəsiqəyə əsasən etibarnamə verilsəydi, inzibati xətanın törədilməsi hadisəsi baş verərdi. Amma hazırki vəziyyətdə inzibati orqan tərəfindən inzibati xəta haqqında Protokolun tərtib edilməsi və məhkəməyə göndərilməsi absurd məsələdir, çünki hüquqi şəxs olaraq vətəndaşın təqdim etdiyi sürücülük vəsiqəsinin yoxlanılaraq, onun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasının yoxlanılması mümkün deyildir, hüquqi şəxsdə elə sistem mövcud deyildir. «xxxx» ASC tərəfindən IXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. «xxxx» ASC-nin nümayəndəsi Elektron Məhkəmə Informasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ##.##.2024-cü il tarixli, ****/*****-** nömrəli daxili lizinq müqaviləsindən görünür ki, “xxxx” ASC ilə X2 arasında daxili lizinq müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ##.##.2025-ci il tarixli EQ seriyalı ******** nömrəli qərarından görünür ki, X2 327.4 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası IXM-in 335.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Buna görə də birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası IXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, iş materiallarına əsasən inzibati xəta haqqında protokolda göstərilmiş məzmunda müəyyən edib, «xxxx» ASC-nin Azərbaycan Respublikası IXM-in 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində göstərilən maddənin sanksiyası həddində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə nəticəyə gələrkən haqlı olmuşdur. Odur ki, şikayət təmin edilməməli, «xxxx» ASC-nin Azərbaycan Respublikası IXMnin 335.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXMnin 128-135-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati tənbeh tətbiq edilmiş «xxxx» ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar