Məhkəmə qərarları › İş №3(3-6)-2192/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2192/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2192/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayılova Nəzmiyyə Hüseyn qızının, Tələbkar Zərərçəkmiş şəxs İsrayıl qızının ştirakları ilə, İsmayılova Nəzmiyyə Hüseyn qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından tələbkar Zərərçəkmiş şəxs İsrayıl qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim X1) ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ilə, ##.##.1966-cı il tarixdə Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan İsmayılova Nəzmiyyə Hüseyn qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İşin halları: Protokolu tərtib edən orqan icra məmuru (inzibati xəta haqqında protokol tərtib edən şəxs) X2 İsmayılova Nəzmiyyə Hüseyn qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Qərardan narazı qalan tələbkar Zərərçəkmiş şəxs İsrayıl qızı apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarının ləğv edilməsini və İsmayılova Nəzmiyyə Hüseyn qızı barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, Naxçıvan MR Babək Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə İsmayılova Nəzmiyyə Hüseyn qızından 5060 manat və 72 manat məbləğində pul vəsaitinin alınaraq mənə ödənilməsi qət edilmiş, həmin qətnamə apellyasiya və kassasiya instansiyalarında dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. ##.##.2025-ci il tarixdə icraata başlanılmış, borcluya icra sənədinin könüllü icrası üçün bildiriş göndərilmiş, ona dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. Buna baxmayaraq, borclu uzun müddət ərzində məhkəmə qərarını icra etməmişdir. Yalnız ##.##.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilən gün 500 manat məbləğində qismən ödəniş etmişdir. Məhkəmə yalnız həmin 500 manatlıq ödənişə əsaslanaraq borclunun icra sənədinin icrasından qərəzli yayınmadığı və əməlində inzibati xəta tərkibinin olmadığı nəticəsinə gəlmişdir. Halbuki 500 manat məbləğində ödəniş 5132 manatlıq borcun cəmi kiçik bir hissəsini təşkil edir və icra sənədinin faktiki icrası hesab edilə bilməz. İş materialları ilə müəyyən olunur ki, borclu uzun müddət ərzində icra sənədini icra etməmiş, icra məmurunun tələblərini yerinə yetirməmiş və yalnız inzibati məsuliyyət məsələsi gündəmə gəldikdən sonra cüzi məbləğdə ödəniş etmişdir. Bundan əlavə, məhkəmə borclunun işləməməsi barədə izahatını heç bir sübutla yoxlamamış, onun əmlak vəziyyətini, gəlirlərini və ödəniş imkanlarını araşdırmamışdır. Təkcə işləməmək faktı məhkəmə qərarının icra edilməməsi üçün üzrlü səbəb hesab oluna bilməz. Qərarda Nəzmiyyə İsmayılovanın borcu hansı müddətdə və hansı qaydada ödəməli olduğu barədə heç bir konkret göstəriş yoxdur. Qərarda nə birdəfəlik ödəniş, nə də aylıq ödəniş qrafiki müəyyən edilməmişdir. Əgər məhkəmə Nəzmiyyə İsmayılovaya vaxt verməyi məqsədəuyğun hesab edirdisə, bu müddət və ödəniş şərtləri qərarda aydın şəkildə göstərilməli idi. X3 ona məhkəmənin Nəzmiyyə İsmayılovaya pulu tapıb ödəməsi üçün vaxt verdiyini bildirmişdir. Lakin sonradan qərarın surətini əldə etdikdə qərarda belə bir məlumat ümumiyyətlə olmadığı ona məlum olmuşdir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs İsrayıl qızı bildirdi ki, icra sənədi üzrə borclu barəsində 10 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və borclu məsuliyyət daşıdığını hiss etməlidir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə borclu (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) İsmayılova Nəzmiyyə Hüseyn qızı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Xətai rayon icra şöbəsinin depozit hesabına məhkəmə qərarı çıxarılan gün 500 manat, ##.##.2026-cı il il tarixdə 100 manat, ##.##.2026-cı il tarixdə isə 101 manat ödəniş etmişdir. Bu halların nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Protokolu tərtib edən orqan icra məmuru (inzibati xəta haqqında protokol tərtib edən şəxs) X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının izahatını dinləyib hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə, əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan MR Babək Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İsmayılova Nəzmiyyə Hüseyn qızından 5060 manat və 72 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs İsrayıl qızına ödənilməsi qət edilmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Qətnamə icraya yönəldilmiş və ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərarla həmin icra vərəqəsi üzrə icraata başlanmış və İsmayılova Nəzmiyyə Hüseyn qızına tələbin icrası barədə bildiriş göndərilmişdir. ##.##.2026cı il tarixli qərarla borclu barəsində axtarış elan edilmişdir. İcra vərəqəsi aidiyyəti üzrə Protokolu tərtib edən orqannə göndərilmişdir. İcra məmuru tərəfindən ##.##.2026-cı il tarixdə borclunun izahatı alınmışdır. - İsmayılova Nəzmiyyə Hüseyn qızı tərəfindən Protokolu tərtib edən orqan depozit hesabına ##.##.2026-cı il tarixdə 500 manat, ##.##.2026-cı il il tarixdə 100 manat, ##.##.2026-cı il tarixdə isə 101 manat ödəniş edilmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: -borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; -tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; -tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; -icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; -bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanununun 63.1-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: -63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; -63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; -63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və hesab edir ki, barəsində inzibati qəta haqqında icraat aparılan şəxs mülki iş üzrə cavabdeh olduğu qətnaməni əlavə kassasiya mərhələsinə qədər mübahisələndirmiş və 2026-cı ilin mart ayında onun əlavə kassasiya qaydasında verdiyi ərizənin qəbulundan imtina edilmişdir. Digər tərəfdən iş materiallarında yer alan İsmayılova Nəzmiyyə Hüseyn qızının icra şöbəsində verdiyi izahatda işləmədiyi, aylıq olaraq 100-200 manat ödəniş etməyə imkanı olduğu bildirilmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Protokolu tərtib edən orqan depozit hesabına ##.##.2026-cı il tarixdə 500 manat, ##.##.2026cı il il tarixdə 100 manat, ##.##.2026-cı il tarixdə isə 101 manat ödəniş edilmişdir. Həmin ödənişlərlə bağlı qəbzlər də barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya baxışı zamanı təqdim edilmişdir. Həmin qəbzlərdən görünür ki, İsmayılova Nəzmiyyə Hüseyn qızı barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi gündən etibarən aylıq ödənişlər etmişdir. Məhkəmə də məhz bu halları nəzərə alaraq hesab edir ki, İsmayılova Nəzmiyyə Hüseyn qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Odur ki, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi İsmayılova Nəzmiyyə Hüseyn qızı barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına əməldə inzibati xəta tərkibi olmadığından xitam vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Tələbkar Zərərçəkmiş şəxs İsrayıl qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayılova Nəzmiyyə Hüseyn qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar