Məhkəmə qərarları › İş №3(3-6)-2198/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2198/2026

29.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2198/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “XURCUN CHAİN OF BOUTİQUES” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili İbrahimov Telman Sadət oğlunun, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, “XURCUN CHAİN OF BOUTİQUES” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)- ****/**** saylı qərarından X8 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, məhkəmə müəyyən e t d i: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs “XURCUN CHAİN OF BOUTİQUES” MMCnin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb vətəndaş X4 müraciəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “XURCUN CHAİN OF BOUTİQUES” MMC-dən *-**-*/*-*****/**** nömrəli, ## #### 2026cı il tarixli soreğu məktubunda qeyd olunan sənədlərin 7 iş günü ərzində X8 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim olunmasının tələb edilməsi, lakin tələb edilən sənədlərin ## ##### 2026cı il tarixinədək təqdim edilməməsi olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə “XURCUN CHAİN OF BOUTİQUES” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından X8 Xidməti apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək “XURCUN CHAİN OF BOUTİQUES” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sənədlərin təqdim edilməsi bağlı sorğunun göndərilməsi mərhələsi “İnzibati icraat haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Məhkəməyə göndərilmiş iş materialları ilə də müəyyən edilir ki, X8 Xidmətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı ## #### 2026-ci il tarixli məktubu “xxxx” MMCnin elektron kabinetinə yerləşdirilmişdir ki, bununla da sənədlər hüquqi şəxsə çatdırılmış sayılır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2026-cı il tarixli qərarına (bundan sonra - Plenum Qərarı) istinad edilərək vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın edildiyindən başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsinin istisna edilməsinə əsaslanmış və iş üzrə icraata xitam vermişdir. Plenum Qərarının qəbul edilməsinə əsas olmuş hal məhz məcburilik və preyudisiallıq xüsusiyyətlərini əmələ gətirən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş faktların preyudisial qüvvəsinin nəzərə alınmaması, artıq araşdırılaraq qiymətləndirilmiş halların yenidən mübahisələndirilməsi və təkzib edilməsinin mümkünlüyü, bu baxımdan inzibati xəta haqqında işə baxan məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarında araşdırılaraq qiymətləndirilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi məsələsi ilə bağlı qeyri-müəyyənliyin olmasıdır. Plenum Qərarında göstərildiyi kimi məqsəd belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması olmalıdır. Lakin bu gün məhkəmələr tərəfindən müvafiq qərar geriyə doğru şamil edilməklə qərarın qəbul edilməsi məqsədinə zidd nəticələrə səbəb olmaqdadır. Belə ki, İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi əsasları konkret göstərilmişdir və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarına istinad edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə tərəfindən formal olaraq Məcəllənin 53-cü maddəsinə istinad edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi nəticəsində eyni fakt üzrə faktiki olaraq vəzifəli və hüquqi şəxsə münasibətdə iki fərqli ziddiyyətli qərar qüvvədə olmuş olur. Həmçinin qeyd olunan hal faktiki olaraq hüquqi şəxsin əməlinə hüquqi qiymət verilməməsinə və nəticədə cəzasızlıq mühitinin və geniş sui-istifadə hallarının yaranmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə tərəfindən hüquqi şəxsin əməlinə müstəqil hüquqi qiymət verilməsi və vəzifəli şəxsə münasibətdə tənbeh tədbiri tətbiq edilməsi nəzərə alınmaqla hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi zəruridir. Nəzərə almaq lazımdır ki, Plenum Qərarında hüquqi şəxsə münasibətdə protokolun məhkəməyə göndərilməsi istisna edilir, artıq göndərilmiş protokolları məhkəmədə baxılması istisna edilmir. Həmçinin inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 539.3-cü madddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki İnzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsində Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı səlahiyyətli orqanın nümayəndəsi Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsaslanaraq hüquqi və vəzifəli şəxsin eyni icraatda baxılması ilə bağlı məsələnin mübahisələndirildiyini, birinci instansiya məhkəməsində sözügedən qərarın əvvəlki tarixə aid olması səbəbindən həmin icraata aidiyyətinin olmadığını bildirdiyini və bu baxımdan nəzərə alınmamasını xahiş etdiklərini, vəzifəli şəxs barəsində şərti cəzanın tətbiq olunduğu, eyni zamanda həm hüquqi, həm də vəzifəli şəxsin təqsirinin iş materiallarında olan sübutlarla tam öz təsdiqini tapdığını, həmin Plenum Qərarına əsaslanılmasa belə, hüquqi şəxsin təqsirinin iş üzrə toplanmış sübutlarla sübuta yetirildiyini, X5 müraciəti əsasında araşdırma aparılması üçün müvafiq sorğu verildiyini və həmin sorğu məktubunun işəgötürənin elektron kabinetinə yerləşdirildiyini, lakin 7 iş günü müddətində tələb olunan sənədlərin təqdim edilmədiyini bildirərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X3 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X4 müraciəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “XURCUN CHAİN OF BOUTİQUES” MMC-dən *-**-*/*- *****/**** nömrəli, ## #### 2026-cı il tarixli sorğu məktubunda qeyd olunan sənədlərin 7 iş günü ərzində X8 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim olunması tələb edilmiş, lakin tələb edilən sənədlər təqdim edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X2 tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, vətəndaş X4 müraciəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “XURCUN CHAİN OF BOUTİQUES” MMC-nin vəzifəli şəxsindən ## #### 2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli sorğu məktubunda qeyd olunan sənədlərin 7 iş günü ərzində X8 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim olunması tələb edilmiş, lakin tələb edilən sənədlər təqdim edilmədiyindən X7 barəsində hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət təyin edilməklə şərti olaraq 1000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən “XURCUN CHAİN OF BOUTİQUES” MMC-nin rəhbərliyinə ünvanlanmış ## #### 2026- cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubdan görünür ki, X4 müraciəti üzrə əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlərin (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, Həmkarlar İttifaqı Təşkilatına müraciət və HİT-nın razılığı və s.), əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə əsas olan müvafiq sənədlərin surətinin (xəbərdarlıq bildirişi ilə vətəndaşın tanış olub-olmaması ilə bağlı sənədlər, işçinin razılığı və s.), vətəndaşın müraciətinə dair məktubun təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb proses iştirakçılarının çıxışlarını dinləyərək belə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, “XURCUN CHAİN OF BOUTİQUES” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati işə baxılarkən, qanunvericiliyin tələbləri düzgün nəzərə alınmamış, işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına imkan verən kifayət qədər sübutlar qiymətləndirilməmişdir. Bununla bağlı məhkəmə inzibati icraat və şikayət üzrə təqdim olunmuş məlumatları, habelə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq qeyd edir ki, inzibati iş üzrə mübahisə doğuran və araşdırılması tələb olunan hallar, habelə şəxsin əməlində inzibati xəta tərkibinin olması ilə bağlı kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair ## ### 2026-cı il tarixli qərarına istinad edərək onunla əsaslandırmışdır ki, “səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X2 tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən hüquqi şəxs “XURCUN CHAİN OF BOUTİQUES” MMC-nin vəzifəli şəxsindən ## #### 2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli sorğu məktubunda qeyd olunan sənədlərin 7 iş günü ərzində X8 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim olunmasının tələb edilməsinə, lakin tələb edilən sənədlər ## ##### 2026-cı il tarixədək təqdim edilmədiyindən barəsində hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət təyin edilməklə şərti olaraq 1000 manat məbləğində cərimə cəzasının tətbiq edilməsinə baxmayaraq, səlahiyyətli orqan tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin səlahiyyətli orqan tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokolun baxılması üçün məhkəməyə göndərilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmayıb. Hazırkı iş üzrə hüquqi əhəmiyyət kəsb edən hal inzibati xəta haqqında protokolun tərtib edildiyi tarix deyil, işə baxıldığı zaman eyni inzibati xəta hadisəsi üzrə vəzifəli şəxs barəsində artıq qərarın mövcud olmasıdır. Belə ki, iş materiallarından görünür ki, “XURCUN CHAİN OF BOUTİQUES” MMC barəsində inzibati xəta haqqında protokol ## ##### 2026-cı il tarixdə tərtib edilmiş, həmin material məhkəməyə ## ### 2026-cı il tarixdə daxil olmuşdur. Bununla yanaşı, X8 Xidmətinin Bakı şəhər idarəsinin rəisi tərəfindən ## ### 2026-cı il tarixli MN ******* nömrəli qərarla eyni inzibati xəta hadisəsinə görə vəzifəli şəxs barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə, hazırkı iş məhkəmənin icraatına daxil olduğu zaman eyni fakt üzrə vəzifəli şəxs barəsində artıq yekun prosessual qərar mövcud olmuşdur. Əks yanaşma qəbul edilərsə, səlahiyyətli orqan eyni hadisə üzrə əvvəlcə vəzifəli şəxs, daha sonra hüquqi şəxs, daha sonra isə digər əlaqəli subyektlər barəsində ayrıca icraatlar aparmaqla Konstitusiya Məhkəməsinin müəyyən etdiyi hüquqi mövqeni faktiki olaraq təsirsiz hala gətirmiş olardı. Halbuki Konstitusiya Məhkəməsinin qərarının məqsədi məhz eyni inzibati xəta hadisəsinə görə təkrar hüquqi təqibin qarşısının alınması, prosessual qənaətin təmin edilməsi və hüquqi müəyyənliyin qorunmasıdır. Belə olan halda iş məhkəməyə daxil olduğu tarixdə eyni inzibati xəta hadisəsi üzrə vəzifəli şəxs barəsində artıq inzibati xəta haqqında qərar mövcud olmuş, nəticə etibarilə hüquqi şəxs barəsində başlanmış inzibati icraatın davam etdirilməsi Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2026-cı il tarixli qərarında ifadə olunmuş məcburi hüquqi mövqeyə, habelə İnzibati Xətalar Məcəlləsinin 18, 53.1.7 və 109.2-ci maddələrinin tələblərinə uyğun olmamışdır. Buna görə də hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanuni əsaslar mövcuddur”. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə düzgün qənaətə gəlsə də, İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə və müvafiq Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinad etmişdir. Amma müvafiq Plenum Qərarının hazırkı iş üzrə tətbiq edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Konstitusiya Məhkəməsinin Plenum Qərarının əsas məqsədi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş faktların təkrar mübahisələndirilməsinin və eyni şəxs barəsində ziddiyyətli qərarların çıxarılmasının qarşısını almaqdır. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində icraata xitam verilməsi əsasları dəqiq göstərilmişdir və Konstitusiya Məhkəməsinin Plenum Qərarı bilavasitə müstəqil icraata xitam verilməsi əsası kimi müəyyən edilməmişdir. Həm də Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2026-cı il tarixli qərarının tənzimləmə predmeti fərqlidir və əsasən prosessual qaydanı müəyyənləşdirir. Apellyasiya instansiya məhkəməsi isə qərara gəlir ki, hüquqi şəxsin əməlində ümumiyyətlə inzibati xəta tərkibi müəyyən edilmir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə görə, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.3-cü maddəsinə görə, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə, bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə görə, bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi, hazırkı iş üzrə müvafiq sənədlərin səlahiyyətli orqana vaxtında təqdim edilməməsi inkar edilmir və vəzifəli şəxs barəsində də inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi qeyd edir ki, inzibati xətalar qanunvericiliyinə görə, səlahiyyətli orqan bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, yəni həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən inzibati xətalara görə hüquqi şəxs barəsində xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Belə olan təqdirdə, hazırkı iş üzrə hüquqi şəxsin təqsirini müəyyən etmək üçün səlahiyyətli orqan hüquqi şəxsin hansı iqtisadi və ya təşkilati maraq naminə bu sənədləri təqdim etmədiyini sübut edə bilməmişdir. Keçmiş işçi (X4) barəsindəki xitam sənədlərinin X8 təqdim edilməməsi və ya gecikdirilməsi cəmiyyətə heç bir maliyyə mənfəəti və ya iqtisadi üstünlük gətirməmişdir. Belə ki, sənədlərin elektron kabinetdən vaxtında götürülməməsi və ya müfəttişliyə göndərilməməsi hüquqi şəxsin marağı deyil, icraçı vəzifəli şəxsin diqqətsizliyi və ya şəxsi səhlənkarlığıdır. Səlahiyyətli orqan yalnız sənədin çatdırılması (elektron kabinetə yerləşdirilməsi) və daxil olmaması faktı ilə kifayətlənmiş, İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində tələb olunan "xeyrinə və ya maraqlarının qorunması üçün" elementini sübut etməmişdir. Məhkəmə belə hesab edir ki, inzibati xəta haqqında protokol özlüyündə şəxsin təqsirli bilinməsi üçün yetərli deyildir və yalnız digər mötəbər sübutlarla birgə öz təsdiqini taparsa, əsaslı sübut kimi qiymətləndirilə bilər. İnzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Bununla bərabər, xatırlatmaq zəruridir ki, inzibati xəta haqqında icraat üzrə işin düzgün həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması, bununla bağlı hərəkətləri vaxtında və lazımı qaydada icra etmək öhdəliyi (qanunvericiliklə nəzərdə tutulan digər kompleks tədbirlər) həmin vəzifəli şəxslərə (məhkəmə icraatında isə hakimlərə) aiddir. Lakin işə baxan birinci instansiya məhkəməsi bu hallara əhəmiyyət vermədən İnzibati Xətalar Məcəlləsinin 75, 76, 80-cı maddələri baxımından qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl etməmiş, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına səbəb olmuşdur. İnzibati xəta haqqında iş materialı araşdırılarkən hesab olunur ki, inzibati xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirməmiş, MMC-nin əməlində inzibati xətanın tərkibi mövcud olması barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Belə ki, “XURCUN CHAİN OF BOUTİQUES” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində həmin maddənin tərkib əlamətləri yaranmamışdır. Beləliklə, Müəssisənin İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli olması, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olması sübuta yetirilmir. Belə olan halda, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri də pozulmaqla əhəmiyyətli hallar kifayət qədər nəzərə alınmadan, xətanın xarakteri müəyyən edilmədən ədalətsiz qərar qəbul edilmişdir. Qeyd edilən hallara əsasən, məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsi sadəcə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərək işə mahiyyəti üzrə səthi yanaşmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsluiyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsaslanaraq, məhkəmə belə hesab edir ki, “XURCUN CHAİN OF BOUTİQUES” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, onun İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. “XURCUN CHAİN OF BOUTİQUES” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- **)-****/**** saylı qərarı ləğv edilsin və “XURCUN CHAİN OF BOUTİQUES” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar