Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2211/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin «xxxx” MMC-nin Azərbaycan Respublikası IXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası IXM-in 462.1-ci maddəsi ilə tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatları auditor rəyi ilə birlikdə internet səhifəsində və mətbu orqanında dərc olunmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə «xxxx” MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından «xxxx” MMC apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN №******* nömrəli inzibati xəta haqqında protokol inzibati məsuliyyətə cəlb olunmaqlarına əsas kimi götürülsə də, həmin protokolun özündə belə iddia edilən inzibati xətanı təsdiq edən hər hansı konkret sübut göstərilməmişdir. Protokolun “müəyyən edilmiş sübutlar” bölməsi faktiki olaraq boş saxlanılmış, xətanın hansı üsulla aşkar edildiyi, hansı araşdırmanın aparıldığı, hansı mənbələrin yoxlanıldığı və hansı sənədlər əsasında belə nəticəyə gəlindiyi ümumiyyətlə qeyd edilməmişdir. AR Maliyyə Nazirliyinin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, 2024-cü il üzrə maliyyə hesabatları və auditor rəyi internet səhifəsində və mətbu orqanda dərc edilməmişdir. Lakin iş materiallarından bu nəticənin hansı araşdırma əsasında formalaşdırıldığı müəyyən edilmir. Belə ki, həmin iddianı təsdiq edən hər hansı yoxlama aktı, ekran görüntüsü, araşdırma materialı, elektron sorğu nəticəsi və ya digər sübut nə protokolda öz əksini tapmış, nə də iş materiallarına əlavə edilmişdir. Sadəcə nəticə göstərilmiş, lakin həmin nəticəyə gətirən faktlar və sübutlar ortaya qoyulmamışdır. Sübut edilməmiş bir halın mövcud qəbul edilməsi və bunun əsasında məsuliyyət tətbiq olunması yolverilməzdir. Bununla yanaşı, MMC-nin müdafiə hüququnun təmin olunması ilə bağlı qanunun imperativ tələbləri də ciddi şəkildə pozulmuşdur. Nə inzibati xəta haqqında protokol, nə Maliyyə Nazirliyinin bildirişləri, nə də digər prosessual sənədlər MMC-nin elektron vergi kabinetinə yerləşdirilməmişdir. Həmçinin həmin sənədlər poçt vasitəsilə də cəmiyyətimizə təqdim edilməmiş, qəbul edilməmişdir. Iş materiallarında bu sənədlərin göndərilməsini və ya cəmiyyətimizə çatdırılmasını təsdiq edən hər hansı poçt qəbzi, çatdırılma bildirişi, elektron göndəriş qeydi və ya digər sübut mövcud deyildir. Protokol və bildirişlər bizə təqdim edilmədiyindən, mövqeyimizi inzibati orqan qarşısında ifadə etmək imkanından məhrum olmuşlar. Halbuki həmin sənədlər vaxtında çatdırılsaydı, zəruri izahatlar və sənədlər təqdim etdilər, işin məhkəməyə göndərilməsinə ehtiyac qalmazdı. Buna baxmayaraq, birinci instansiya məhkəməsi MMC-nin iş üzrə lazımi qaydada məlumatlandırılıbməlumatlandırılmaması məsələsini araşdırmamış, iş materiallarında bu barədə sübutların olmamasına hüquqi qiymət verməmiş və nəticə etibarilə müdafiə hüququmuzun pozulması faktını tamamilə diqqətdən kənarda saxlamışdır. Daha mühüm bir hal isə ondan ibarətdir ki, inzibati orqan tərəfindən aparıldığı iddia olunan araşdırma səthi və formal xarakter daşımış, işin faktiki halları ümumiyyətlə araşdırılmamışdır. Belə ki, MMC "xxxx" MMC-nin törəmə müəssisəsi olduğundan, onun maliyyə göstəriciləri konsolidə edilmiş maliyyə hesabatlarında əks olunur. Iş materiallarından isə görünür ki, inzibati orqan bu məqamı araşdırmamış, maliyyə məlumatlarımızın ana cəmiyyət tərəfindən dərc edilmiş konsolidə edilmiş hesabatlarda yer alıb-almadığını müəyyən etməmişdir. "xxxx" MMC tərəfindən 2025-ci ildə 2024-cü maliyyə ili üzrə konsolidə edilmiş maliyyə hesabatları, o cümlədən cəmiyyətimizə aid məlumatlar auditor rəyi ilə birlikdə rəsmi internet səhifəsində dərc edilmişdir. Əgər inzibati orqan həqiqətən obyektiv və hərtərəfli araşdırma aparmış olsaydı, bu faktı asanlıqla müəyyən edə bilərdi. Lakin iş materiallarından görünür ki, belə bir araşdırma ümumiyyətlə aparılmamışdır. Beləliklə, inzibati xəta haqqında iş üzrə nə iddia olunan pozuntunun mövcudluğu lazımi qaydada sübuta yetirilmiş, nə MMC-nin müdafiə hüququ təmin edilmiş, nə də işin bütün əhəmiyyətli halları araşdırılmışdır. Məhz buna görə də qəbul edilmiş qərar qanunilik, əsaslılıq və obyektivlik meyarlarına cavab vermir Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edirəm. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar tərəfi dinləyib, inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatları auditor rəyi ilə birlikdə internet səhifəsində və mətbu orqanında dərc olunmamışdır. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır; 11-ci maddəsinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: - il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; - oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; - digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. 16.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılması ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Azərbaycan Respublikası Inzibati-Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Azərbaycan Respublikası IXM-in 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi «xxxx” MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi Azərbaycan Respublikası IXM-in 462.1-ci maddəsi ilə tənbeh etmişdir. Inzibati xəta törətmiş hüquqi şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi MMC barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə almış və hüquqi şəxsə törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü olan cərimənin minimum həddində, yəni 1500 (min beş yüz) manat tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikası IXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası IXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış hüquqi şəxs «xxxx” MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin «xxxx” MMC-nin Inzibati Xətalar Məcəlləsinin 462.1ci maddəsində ilə 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2211/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2211/2026
23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver