Məhkəmə qərarları › İş №3(3-6)-2256/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2256/2026

30.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2256/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi – Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi Əliyev Elçin İsmayıl oğlunun iştirakları ilə, “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: “xxxx” MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X3 və X1 “xxxx” MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən MMC rəhbərliyi tərəfindən sənədlər təqdim edilməmişdir. Nəticədə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Hüquq İdarəsi apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola uyğun MMC-nin məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, X3 və X1 şikayətləri əsasında Xidmətin Abşeron-Xızı regional şöbəsi tərəfindən aparılan araşdırma zamanı "xxxx” MMC-yə ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin Abşeron-Xızı regional şöbəsinə verilməsi tələb olunmuşdur. “xxxx” MMC tərəfindən sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmətin Abşeron-Xızı regional şöbəsi tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xətanın törədilməsində təqsirliliyin sübuta yetirilməməsi ilə bağlı qənaəti qanunaziddir. Həmçinin, nəzərinizə çatdırırıq ki, İXM-nin 539.3-cü madddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki İXM-nin 116.3-cü maddəsində Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə, Bakı şəhəri Nizami rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Xidmətin Abşeron-Xızı regional şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Həmin Məcəlləsinin 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və Bakı şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməlidir. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi Əliyev Elçin İsmayıl oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məsələ bundan ibarətdir ki, "xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Eyni zamanda vəzifəli şəxs barəsində də protokol tərtib edilmişdir. ##.##.2025-ci tarixdə müəssisəyə vətəndaşın şikayəti ilə bağlı sənədlərin təqdim edilməsi üçün məktub göndərilmişdir, lakin həmin sənədlər təqdim edilmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş, cəlb etmə müddətidə keçməmişdir. Məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən «xxxx» MMCyə ünvanlanmış məktubdan görünür ki, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 “Çağır Mərkəzi”nə ünvanladığı müraciətə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baxılır. Müraciətin tam hərtərəfli araşdırmasını təmin etmək məqsədilə səlahiyyətli nümayəndənin iştirakı ilə həyata keçirilməsi üçün 07 iş günü müddətində qeyd olunan müraciətlə əlaqədar müəssisənin cavab məktubu, müraciətdə qeyd olunan məsələlərlə bağlı müvafiq təsdiqləhmiş sənədlərin təqdim edilməsi xahiş olunur. İş materiallarında olan ƏMAS sistemi çıxarışından görünür ki, sözügedən sorğu həmin günü hüquqi şəxsin kabinetinə yerləşdirilmiş, icra tarixi ##.##.2025-ci il kimi göstərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X3 və X1 “xxxx” MMCdə əmək hüquqlarının pozulması barədə müraciəti ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən MM rəhbərliyi tərəfindən sənədlər təqdim edilməmişdir. Nəticədə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə –vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, “xxxx” MMC tərəfindən vətəndaş X3 və X1 şikayəti əsasında araşdırılma aparılması üçün X4 Xidmətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15ci maddəsinin 2-ci hissəsinə əsasən *-**-*/*-******/**** saylı, ##.##.2025-ci il tarixli məktubu ilə tələb olunan sənədləri 7 iş günü ərzində təqdim etməmiş, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfindən məktub icra edilməmiş, məktub icra edilmədən qalmışdır. “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlinmiş və həmin inzibati xətaya yol vermiş “xxxx” MMC barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. Həmçinin qeyd olunur ki, əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Bu müddətin ötürülməsi, İXM-nin 53.1.6-cı maddəsinə əsasən, inzibati icraata xitam verilməsi üçün qeyd-şərtsiz əsasdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hüquqi şəxsin İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Hüququn fundamental prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipi tələb edir ki, şəxslər qeyri-müəyyən müddət ərzində məsuliyyətə cəlb edilmə təhlükəsi altında qalmasınlar. İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsi inzibati məsuliyyətə cəlbetmə müddətlərini imperativ qaydada tənzimləyir. Hazırki iş üzrə ƏMAS sistemi məlumatlarına əsasən, *-**-*/*- ******/**** nömrəli, ##.##.2025-ci il tarixli məktub ##.##.2025-ci il tarixdə isə elektron kabinet vasitəsilə çatdırılmışdır. Belə olan halda həmin məktubda göstərilən sənədlər ən gec ##.##.2025-ci il tarixədək təqdim edilməli idi. Beləliklə, İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta həmin tarixdən etibarən törədilmiş hesab olunur və dörd aylıq məsuliyyətə cəlb etmə müddətinin axımı da bu andan başlayır. Bu hesablama ilə, cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi üçün son tarix ##.##.2026-cı il tarixə təsadüf edir. Tərtib edilmiş protokola əsasən MMC barəsində yekun qərar ##.##.2026-cı il tarixində qəbul edilmişdir. Hesab edirəm ki, birinci instansiya məhkəməsinin hakiminin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xətaya dair icraata xitam verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı və qanuni olmuşdur və apellyasiya qaydasında verilmiş şikayətin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə dair dəlilləri işin faktiki hallarına uyğun olmadığından əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar