Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2279/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı ##.##.2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsi haqqında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı ##.##.2026-cı il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı ##.##.2026-cı il tarixli qərarından verdiyi şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə inzibati orqanın qərarında göstərilməyən faktiki halları müəyyən edilmiş hal kimi qəbul etmişdir. İkincisi, məhkəmə şikayətimin məzmununu təhrif etmiş və guya mənim inzibati xətanı ümumiyyətlə törətmədiyimi iddia etdiyimi göstərmişdir. Halbuki mən belə bir arqument irəli sürməmişəm. Üçüncüsü, məhkəmə əsas hüquqi arqumentim olan hadisənin məcburi şəraitdə baş verməsi və İnzibati Xətalar Məcəlləsinin 18-ci maddəsinin tətbiqi barədə mövqeyimə hüquqi qiymət verməmişdir. Dördüncüsü, hadisə yerində uzun müddətdir davam edən tunel tikintisinin yol hərəkətinin təşkilinə təsiri araşdırılmamışdır. Beşincisi, məhkəmə təqdim edilmiş fotoşəkildən onun məzmunundan irəli gəlməyən nəticələr çıxarmışdır. Altıncısı, apellyasiya baxışı zamanı təqdim olunan əlavə sübutlar, o cümlədən həmin gün, həmin yerdə və eyni hüquq pozuntusu üzrə mövcud olan digər məhkəmə qərarı və sonradan Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ləğvetmə qərarı iş üzrə mühüm əhəmiyyət kəsb edir. Yeddincisi, apellyasiya şikayəti hazırlanarkən xatırladığım və hadisə yerinin əvvəlki yol təşkilinə aid olan mühüm hal — tunel tikintisindən əvvəl həmin yerdə rəsmi geri dönmə yerinin mövcud olması — iş üzrə düzgün hüquqi qiymətləndirmə üçün nəzərə alınmalıdır. Bu pozuntuların hər biri ayrıca, xüsusilə isə birlikdə qiymətləndirildikdə, Yasamal Rayon Məhkəməsinin qərarının ləğv edilməsini zəruri edir. Yasamal Rayon Məhkəməsinin qərarında göstərilir ki, guya mən inzibati xətanı ümumiyyətlə törətmədiyimi bildirmişəm. Lakin bu, məhkəməyə təqdim etdiyim şikayətin məzmununa uyğun gəlmir. Əksinə, birinci instansiya məhkəməsinə təqdim etdiyim şikayətdə açıq şəkildə göstərmişəm ki, geri dönmə manevrini etdiyimi inkar etmirəm. Mənim hüquqi mövqeyim heç vaxt ondan ibarət olmamışdır ki, ümumiyyətlə heç bir hərəkət etməmişəm və ya inzibati materialda göstərilən hadisə baş verməmişdir. Şikayətimin əsas məzmunu ondan ibarət olmuşdur ki, həmin hərəkət hadisə yerində mövcud olmuş faktiki yol şəraiti nəticəsində baş vermişdir. Şikayətdə göstərmişdim ki, hadisə yerində uzun müddətdir tunel tikintisi aparılır, yolun hərəkət sxemi dəyişdirilmiş, əvvəl mövcud olmuş hərəkət istiqamətləri bağlanmış və yaranmış vəziyyət sürücülər üçün ciddi çətinlik yaratmışdır. Məhz bu səbəbdən həmin vəziyyətin məcburi hal kimi qiymətləndirilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdim. Beləliklə, mən inzibati xətanın baş verməsini deyil, həmin hərəkətin hansı şəraitdə baş verdiyini mübahisələndirmişdim. Lakin məhkəmə qərarında bu hüquqi mövqeyim tamamilə başqa formada təqdim edilmişdir. Qərardan belə nəticə çıxır ki, guya mən ümumiyyətlə pozuntu etmədiyimi iddia etmişəm. Bu isə mənim şikayətimin məzmununa uyğun gəlmir. Nəticədə məhkəmə mənim faktiki olaraq irəli sürdüyüm arqumentlərə deyil, özü tərəfindən səhv müəyyən edilmiş arqumentə hüquqi qiymət vermişdir. Belə yanaşma nəticəsində şikayətimin əsas predmetini təşkil edən məcburi vəziyyət, yol şəraitinin dəyişməsi və İnzibati Xətalar Məcəlləsinin 18-ci maddəsinin tətbiqi barədə arqumentlər mahiyyəti üzrə araşdırılmamışdır. Bu hal qərarın əsaslılığına və qanuniliyinə birbaşa təsir göstərmişdir. Birinci instansiya məhkəməsinin qərarının təhlili göstərir ki, məhkəmə inzibati orqanın qərarında göstərilməyən faktiki halları müəyyən edilmiş fakt kimi qəbul etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ## ##### 2026- cı il tarixli EQ ******** nömrəli qərarında mənə aid edilən pozuntu aşağıdakı kimi göstərilmişdir: "...1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydasını pozmuşdur." Göründüyü kimi, inzibati orqan mənə yalnız yol nişanlanmasının tələblərini pozmaqla geri dönmə manevri etməyi aid etmişdir. Qərarda avtomobilimin əks istiqamətdə hərəkət etməsi, əks hərəkət zolağı ilə müəyyən məsafə getməsi və ya əks hərəkət istiqamətində hərəkət etməsi barədə heç bir qeyd yoxdur.Lakin Yasamal Rayon Məhkəməsinin qərarında artıq tamamilə başqa faktiki hallar göstərilmişdir. Qərarda qeyd olunur ki, guya mən: "...tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişəm." Beləliklə, məhkəmə inzibati orqanın qərarında göstərilməyən yeni faktiki hal müəyyən etmişdir. Bu fakt inzibati materialda mənə aid edilən hüquq pozuntusunun təsvirindən fərqlənir. Başqa sözlə, məhkəmə inzibati orqanın qərarının qanuniliyini yoxlamaq əvəzinə, həmin qərarda mövcud olmayan yeni faktiki vəziyyəti qərarının əsasına daxil etmişdir. İş materiallarında isə avtomobilimin əks istiqamətdə hərəkət etməsini, bu hərəkətin müddətini, məsafəsini və ya xarakterini qəti şəkildə təsdiq edən ayrıca sübut mövcud deyildir. Belə olan halda məhkəmənin gəldiyi nəticə iş materiallarından deyil, məhkəmənin öz ehtimal və mülahizələrindən irəli gəlmişdir. Halbuki apellyasiya və birinci instansiya məhkəmələrinin vəzifəsi inzibati orqanın qərarında göstərilən halların qanuniliyini və sübut olunmasını yoxlamaqdır, qərarda göstərilməyən yeni faktiki halları müəyyən etmək deyil. Bu səbəbdən hesab edirəm ki, məhkəmə iş üzrə baxışın predmetini dəyişdirmiş və nəticədə iş materiallarına uyğun gəlməyən hüquqi nəticəyə gəlmişdir. İş materiallarında əsas sübut kimi yalnız hadisə anını əks etdirən fotoşəkil təqdim edilmişdir. Həmin fotoşəkil yalnız avtomobilimin müəyyən bir anda yerləşdiyi vəziyyəti göstərir. Fotoşəkildən aşağıdakı hallar müəyyən edilmir: • avtomobilin hansı istiqamətdən hərəkət etdiyi; • geri dönmə manevrinin hansı mərhələdə olduğu; • avtomobilin əks istiqamətdə hərəkət edib-etmədiyi; • əgər belə hərəkət olmuşdursa, bunun hansı məsafədə davam etdiyi; • avtomobilin sonrakı hərəkət trayektoriyası; • digər nəqliyyat vasitələrinin hərəkətinə real maneənin yaranıb-yaranmadığı. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin fotoşəkildən görünməyən halları da müəyyən edilmiş fakt kimi qəbul etmişdir. Məhkəmə qərarında göstərilən nəticələr fotoşəklin öz məzmunundan irəli gəlmir. Bir fotoşəkil hadisənin yalnız bir anını əks etdirir və həmin görüntü əsasında avtomobilin əvvəlki və sonrakı hərəkəti barədə qəti nəticəyə gəlmək mümkün deyildir. Əgər hadisənin tam gedişini təsdiq edən videogörüntü və ya digər obyektiv sübut mövcud deyilsə, yalnız bir fotoşəkilə əsaslanaraq avtomobilin əks istiqamətdə hərəkət etməsi barədə nəticə çıxarmaq mümkün deyildir. Belə olan halda fotoşəkil yalnız geri dönmə manevrinin müəyyən anını təsdiq edə bilər. Lakin həmin fotoşəkil məhkəmə qərarında göstərilən bütün faktiki halları təsdiq etmir. Buna baxmayaraq, məhkəmə həmin fotoşəkili onun sübut etmədiyi halların da sübutu kimi qiymətləndirmişdir. Bu isə sübutların obyektiv və hərtərəfli qiymətləndirilməsi prinsipinə uyğun deyildir. İnzibati məsuliyyət yalnız ehtimallara deyil, şübhə doğurmayan, kifayət qədər və qarşılıqlı əlaqədə qiymətləndirilmiş sübutlara əsaslana bilər. Hazırkı işdə isə məhkəmənin gəldiyi nəticələr mövcud sübutların məzmunundan deyil, onların genişləndirilmiş şərhindən irəli gəlmişdir. Belə qiymətləndirmə qəbul edilmiş qərarın əsaslılığına ciddi şübhə yaradır. Hazırkı iş üzrə əsas mübahisə yalnız geri dönmə manevrinin edilməsi deyil, həmin manevrin hansı faktiki yol şəraitində həyata keçirilməsi olmuşdur. Birinci instansiya məhkəməsinə təqdim etdiyim şikayətdə göstərmişdim ki, hadisənin baş verdiyi ərazidə uzun müddətdir tunel tikintisi aparılır və bu səbəbdən yol hərəkətinin təşkili əvvəlki vəziyyətdən əhəmiyyətli dərəcədə dəyişdirilmişdir. Tikinti işləri nəticəsində nəqliyyat vasitələrinin hərəkət istiqamətləri dəyişmiş, əvvəllər istifadə olunan marşrutlar bağlanmış və sürücülər üçün qeyri-adi yol şəraiti yaranmışdır. Məhz həmin şəraitdə geri dönmə manevrini etmək məcburiyyətində qalmışam. Lakin məhkəmə bu halların heç birini araşdırmamışdır. Qərarda müəyyən edilmir: • hadisə yerində tunel tikintisinin aparılıb-aparılmadığı; • həmin tikintinin nə qədər müddətdir davam etdiyi; • tikinti ilə əlaqədar yol hərəkətinin müvəqqəti təşkili necə həyata keçirildiyi; • mövcud yol nişanlarının və nişanlanmasının dəyişdirilmiş yol şəraitini tam əks etdirib- etdirmədiyi; • həmin yol şəraitinin sürücülərin hərəkətinə təsirinin olub-olmadığı. Halbuki bu hallar mənim şikayətimin əsasını təşkil etmişdir və onlar araşdırılmadan iş üzrə düzgün hüquqi nəticəyə gəlmək mümkün deyildi. Bundan əlavə, apellyasiya şikayəti hazırlanarkən uzun illər həmin yoldan istifadə etməyimlə bağlı mühüm bir halı xatırladım. Tunel tikintisinə başlanılmamışdan əvvəl hadisənin baş verdiyi hissədə rəsmi geri dönmə yeri mövcud idi.Mən həmin marşrutdan uzun müddət istifadə etdiyim üçün həmin geri dönmə yerindən dəfələrlə istifadə etmişəm. Birinci instansiya məhkəməsinə təqdim etdiyim şikayətdə bu halı qeyd etməmişəm. Bunun səbəbi həmin vaxt diqqətimi əsasən tikinti işlərinin yaratdığı məcburi yol şəraitinə yönəltməyim olmuşdur. Apellyasiya şikayətini hazırlayarkən həmin yolun əvvəlki vəziyyətini xatırladım və başa düşdüm ki, bu hal da iş üzrə mühüm əhəmiyyət kəsb edir. Tunel tikintisi başladıqdan sonra həmin rəsmi geri dönmə yeri ləğv edilmiş və yolun hərəkət sxemi dəyişdirilmişdir. Bu dəyişikliklər nəticəsində sürücülərin uzun illər istifadə etdikləri hərəkət qaydası aradan qalxmış və tamamilə fərqli yol şəraiti yaranmışdır. Hesab edirəm ki, bu hal hadisənin baş verdiyi vaxt mövcud olmuş faktiki yol şəraitinin düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və apellyasiya instansiyası tərəfindən nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi isə bu məsələləri araşdırmadan qərar qəbul etmişdir. Belə olan halda iş üzrə faktiki hallar tam müəyyən edilmədiyindən qəbul edilmiş qərarın qanuni və əsaslandırılmış hesab edilməsi mümkün deyildir. Apellyasiya Məhkəməsinin diqqətinə çatdırıram ki, hadisənin baş verdiyi gün, həmin yerdə və eyni hüquq pozuntusuna görə barəmdə daha bir inzibati protokol tərtib edilmişdir. Hər iki protokol eyni tarixdə, eyni yol sahəsində və eyni faktiki şəraitdə tərtib edilmişdir. Mənə istinad edilən hüquq pozuntusu hər iki iş üzrə eyni olmuşdur. Həmin ikinci inzibati material üzrə qəbul edilmiş qərar Yasamal Rayon Məhkəməsində mübahisələndirilmişdir. Baxışın nəticəsində məhkəmə inzibati orqanın qərarını ləğv etmiş və işi əlavə araşdırılması üçün geri qaytarmışdır. Bundan sonra isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi həmin iş üzrə qəbul etdiyi inzibati qərarı özü ləğv etmişdir. Beləliklə, eyni tarixdə, eyni yerdə, eyni hüquq pozuntusu və eyni faktiki şərait üzrə tərtib edilmiş digər inzibati material üzrə həm məhkəmə qərarı, həm də sonradan inzibati orqan tərəfindən qəbul edilmiş ləğvetmə qərarı mövcuddur. Bu sənədlər hazırkı iş üzrə də mühüm əhəmiyyət kəsb edir. Onlar göstərir ki, hadisənin baş verdiyi yerdə mövcud olmuş yol şəraitinin və təqdim edilmiş sübutların qiymətləndirilməsi xüsusi diqqət tələb edir. Bu səbəbdən həmin məhkəmə qərarının və Baş Dövlət Yol Polisi İdarəsinin sonradan qəbul etdiyi ləğvetmə qərarının iş materiallarına əlavə olunmasını və apellyasiya baxışı zamanı qiymətləndirilməsini xahiş edirəm. Bu sənədlər hazırkı iş üzrə avtomatik nəticə çıxarmaq üçün deyil, eyni şəraitdə baş vermiş hadisələrin qiymətləndirilməsi baxımından əlavə sübut kimi təqdim olunur. Onların digər iş materialları ilə birlikdə qiymətləndirilməsi iş üzrə obyektiv nəticəyə gəlməyə kömək edəcəkdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və ona uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə münasibət bildirərək məhkəmədən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı ##.##.2026-cı il tarixli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 12:28 radələrində “Seat Toledo minik” markalı, 90- UV-576 dövlət qeydiyyat nişanlı avtomobillə Həsən Əliyev küçəsi tş6-017 ünvanında 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini riayət etməyərək sola və ya geriya dönmə qaydalarını pozduğuna görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin məhkəməyə təqdim etdiyi hadisənin görüntülərinin qeydə alındığı fotoşəkillərə baxış zamanı Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobillə İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xəta törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Odur ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında qərarla yanaşı, toplanmış digər sənədlərlə, habelə subyektiv amillərin təsirindən uzaq, obyektiv sübut növü hesab edilən fotoşəkillər ilə də sübuta yetirilir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) istinad olunan inzibati xətanı törətməsində təqsirinin sübuta yetirildiyi üçün Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ ******** saylı ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayəti rədd etmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı ##.##.2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsi haqqında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2279/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2279/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver