Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2281/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, «xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından «xxxx” MMC-i tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Protokolu tərtib edən orqan tərəfindən “xxxx» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə «xxxx” MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan «xxxx” MMC-i apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Protokolu tərtib edən orqan tərəfindən ##.##.2026-cı il tarixdə saat 10:00-da protokol tərtib edilərkən maliyyə hesabatlarının (konsolidə edilmiş) auditor rəyi ilə birlikdə dərc edilməli olduğu bildirilmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin törəmə müəssisəsi olan “xxxx” MMC-nin qeyd olunan il üzrə hər hansı fəaliyyəti olmadığından 2024-cü il üzrə boş hesabatın dərc edilməsinə zərurət olmamışdır. Odur ki, törəmə müəssisənin 2024-cü il üzrə boş hesabatını məhkəməyə təqdim etsək də bu hal məhkəmə tərəfindən qiymətləndirilmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticə iş materiallarında olan sübutlarla tam təsdiq olunmur, təqdim edilmiş sənədlər lazımi qaydada qiymətləndirilməmiş və nəticədə iş üzrə əhəmiyyət kəsb edən hallar nəzərə alınmadan qərar qəbul edilmişdir. Bu isə qəbul edilmiş qərarın qanuniliyinə və əsaslılığına şübhə yaradır və onun ləğv edilməsi üçün hüquqi əsas yaradır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmyaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və «xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Protokolu tərtib edən orqan ##.##.2026-cı il tarixli bildirişindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin səlahiyyətli nümayəndəsi 2024-cü il üzrə maliyyə hesabatlarının (konsolidə edilmiş) auditor rəyi ilə birlikdə 2025-ci il tarixində təşkilatın rəsmi səhifəsində və ya mətbu orqanda dərc olunmamasına görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində ##.##.2026cı il tarixdə saat 10:00-də Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. İş materiallarında olan Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli 3-21-2-1/2- 3573/2025 məktubundan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i maliyyə hesabatlarının (konsolidə edilmiş) auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya qrumlarının siyasına daxildir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.7-ci maddəsinə görə maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. Həmin Qanunun 2.1.8-ci maddəsinə əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları əsas cəmiyyətin (ortaqlığın) və onun törəmə cəmiyyətlərinin vahid mühasibat uçotu subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır. Bu Qanunun 12.3.1-ci maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd təşkilatlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Sözügedən Qanunun 16.1-ci maddəsinə görə mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılması ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən ##.##.2025-ci il tarixdən gec olmayaraq 2024-cü il üzrə illik maliyyə hesabatlarının audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etməli idi. Bununla da “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş qaydada illik maliyyə hesabatlarının audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etməli olduğu halda etməmişdir. Məhkəmə şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd edilmiş dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir və şikayət formal xarakter daşimaqla özünümüdafiə üsulu kimi qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx” MMC-nin inzibati xəta barədə icraata xitam verilməsi ilə əlaqər nə apellyasiya şikayətində, nə də məhkəmə iclasında məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri özünü müdafiə xarakteri daşımaqla əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: «xxxx” MMC-i tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2281/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2281/2026
27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver