Məhkəmə qərarları › İş №3(3-6)-2282/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2282/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2282/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullzadə Əli Elşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN BDYPİ-nin ##.##.2026cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)-6155/2026, ##.##.2026cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim: X1) 3(5-104)-6155/2026, ##.##.2026cı il tarixli qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) (##.##.1986-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanında yaşayan) Azərbaycan Respublikası DİN BDYPİ-nin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmişdir. İşin halları: Azərbaycan Respublikası DİN BDYPİ-nin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 19:09-da ünvan 1 ünvanında **-XX-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius C” markalı nəqliyyat vasitəsini nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmadığı halda səkidə saxladığına görə İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində (2 cərimə balı) cərimə edilmişdir Qərardan Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət edərək Azərbaycan Respublikası DİN BDYPİ-nin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)-6155/2026, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hadisə yerində dayanma və durmanı qadağan edən piyada keçidi üçün üfüqi yol nişanları yoxdur. Həmin ərazi 7 metr enində yoldur, sağ tərəfdəki piyada səkisi isə düz istiqamətdə davam edir, onun avtomobili saxladığı yer isə birbaşa maşın yoludur. Fotoşəkillərdən aydın olur ki, nəqliyyat vasitəsinin hər iki işığı işlək vəziyyətdə olmuşdur. Hadisə son zərurət vəziyyətində baş vermişdir ki, bu hal da inzibati tənbehin verilməsi üçün əsas deyildir. Məhkəmə şübhələri onun xeyrinə həll etməmiş, əksinə protokolu tərtib edən orqanın rəhbərliyinin həmin əməkdaşların işdən çıxarılması barədə etirafını belə qulaqardı etmişdir. Məhkəmə iclası 14:00-a təyin edilsə də, hakim qarşı tərəfi 1 saat 55 dəqiqə gözləyərək prosesi gecikdirmişdir. Məhkəmədə nümayəndə protokolu onların deyil, Yasamal patrul xidmətinin yazdığını etiraf etmişdir. Hakim onun proses zamanı təqdim etdiyi sübutları qəbul edərək, mobil telefonla Yasamal YPX ilə əlaqə saxlamışdır. YPX rəsmisi protokolu tərtib edən iki patrul əməkdaşının işdən kənarlaşdırıldığını bildirmişdir. Hakim işin onlara qaytarılmasını və yerində həll edilməsini bildirdikdə o, buna etiraz edərək məhkəmə qaydasında ləğv edilməsini tələb etmişdir. O, işin məhkəmə tərəfindən ləğv edilməsini tələb etdikdə isə, hakim əsəbiləşərək, qərəzli şəkildə qanunsuz protokolu qüvvədə saxlayan qərar çıxarmışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayətin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində şikayətçi hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim tərəfindən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi İXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)-6155/2026, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. “Yol hərəkəti haqqında” # #### 1998-ci il tarixli, ***-IQ saylı Azərbaycan Respublikasının Qanununa əsasən səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir Həmin Qanunun 52-ci maddəsinin lV maddəsinin 9-cu bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə dayanma qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Apellyasiya instansiya məhkəməsi qeyd olunan nəticə ilə razılaşaraq bildirir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, ##.##.2026-cı il tarixdə, saat 19:09-da ünvan 1 ünvanında **-XX-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius C” markalı nəqliyyat vasitəsi səkidə dayanmışdır. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında qərarla yanaşı, toplanmış digər sənədlərlə, habelə subyektiv amillərin təsirindən uzaq, obyektiv sübut növü hesab edilən fotoşəkillər ilə də sübuta yetirilir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, piyada keçidi üçün üfüqi yol nişanları yolun avtomobil hərəkəti olan hissəsində quraşdırılır. Hazırda isə avtomobil səkidə saxlanıldığından həmin halla bağlı dəlillər əsaslı hesab edilə bilməz. Məhkəmə, həmçinin, qeyd edir ki, avtomobilin işıqlarının yanılı vəziyyətdə olması da İXM-nin 346.9-cu maddəsinin tərkibinin yaranmasını istisna edən hal kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə işin faktiki hallarına və apellyasiya şikayətinin əsaslandırğı dəlillərə qiymət verərək hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr əsasında verilib və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Belə olan halda məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN BDYPİ-nin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətini təmin etməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)-6155/2026, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar