Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2309/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun, Məhkəmə iclas katibi Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X2” Tresti-nin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X2” Tresti-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X2” Tresti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqdim olunmuş inzibati xəta haqqında materialdan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Idarəsinin Əməliyyat və Təhqiqat Idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X1 tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X2” Tresti barəsində tərtib olunmuş ## ##### 2026-cı il tarixli EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Idarəsindən daxil olmuş *****-*****/**/* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Baş Gömrük Idarəsinin Rəsmiləşdirmə mərkəzindən daxil olmuş ##.##.2025-ci il tarixli *-**-****/***/****** nömrəli raportda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X2” Tresti ünvanına *****NBA/******AA nömrəli nəqliyyat vasitəsi ilə gələn yük 01251000437569 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin, idxalatçı tərəfindən sərhəd gömrük orqanını keçən zaman Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakiminin ## ### 2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərarı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X2” Tresti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X2” Tresti apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, təqsirli olmaqları sübuta yetirilməmişdir. Məhkəmə iclasında təqsirli olmadıqlarını bildirmişlər. Belə ki, məhkəmə iş üzrə bütün halları tam, hərtərəfli və obyektiv araşdırmamış, inzibati məsuliyyətə cəlb edilən hüquqi şəxsin izahat və etirazlarını almadan yalnız inzibati xəta haqqında protokola və gömrük orqanının təqdim etdiyi sənədlərə əsaslanmışdır. Bundan əlavə, məhkəmə tərəfindən qısa idxal bəyannaməsinin təqdim edilməməsində Trestin təqsirinin olub-olmaması, həmin vəzifənin hansı şəxs tərəfindən icra edilməli olması, habelə inzibati xəta tərkibinin bütün elementlərinin mövcudluğu lazımi qaydada araşdırılmamışdır. Həmçinin qısa idxal bəyannaməsinin gec təqdim olunması malların gömrük rəsmiləşdirilməsinə və dövlətə dəyəcək zərərə təsir etməmişdir. Belə hallarda xəbərdarlıq və ya daha yüngül tənbeh tədbiri tətbiq edilə bilərdi. Nəzərinizə çatdırıram ki, IXM-nin 31.3-cü maddəsinə əsasən yüngülləşdirici hallar nəzərə alınmalı idi, belə ki, hüquqi şəxs dövlətə məxsusdur, qeyrikommersiya məqsədi ilə fəaliyyət göstərir, ictimai faydalı xidmətlər həyata keçirir. Əvvəllər bu cür pozuntuya yol verilməmişdir (təkrar deyil). Maliyyə vəziyyəti və inzibati yük nəzərə alınmalıdır. Belə ki, Gömrük sisteminin texniki və proqram təminatı ilə bağlı problemlər və ya operator səhlənkarlığı nəzərə alınmadan birbaşa hüquqi şəxsin cəzalandırılması ədalətsizlikdir. Bu halda maksimum həddə yaxın cərimənin tətbiqi ədalət prinsipinə ziddir. Bu maddə üzrə, qısa idxal bəyannaməsinin elektron formada təqdim olunmaması təqsir sayılır və hüquqi şəxslər üçün 1500 manat cərimə tətbiq edilir. Lakin, bəyannamənin gec təqdim olunması (5 saatlıq gecikmə) gömrük prosesinin ləngiməsinə səbəb olmamışdır. Eyni zamanda, mallar gömrükdən keçirilib və rəsmi bəyannamə verilmişdir. Beləliklə, IXMnin 485.2-ci maddəsi tam tətbiq edilməmişdir, çünki cərimə tətbiq edilmək üçün ciddi zərər və təqsirli hərəkət olmalıdır ki, bu da mövcud işdə aşkar olunmamışdır. Təqsirli şəxs yalnız sübutlarla müəyyən edilməli idi, lakin sübutlar tam təqdim edilməyib. IXM-nin 9.1-ci maddəsi ilə cəzanın ədalətli olmasına dair əsaslı sübutların qiymətləndirilməsi tələb olunur. Lakin burada hər hansı bir zərər və ya neqativ nəticə olmadan hüquqi şəxslə bağlı cərimə tətbiq edilib. Yüngülləşdirici hallar nəzərə alınmamışdır. IXM-nin 76.1-ci maddəsi inzibati xətalarla bağlı sübutların qiymətləndirilməsini tələb edir. Lakin məhkəmə iclasında təqdim edilən faktiki məlumatların tamlığı və əhəmiyyəti dəyərləndirilməyib. Yalnız elektron bəyannamə təqdim olunmadığına dair materiallar təqdim edilsə də, buna uyğun olaraq hər hansı ciddi təsirli nəticə olduğu sübuta yetirilməyib. Bu maddəyə görə, məhkəmə bütün sübutları obyektiv və tam şəkildə qiymətləndirməli və öz daxili inamına əsaslanmalıdır. Lakin məhkəmə yalnız təqdim edilmiş rəsmi sənədləri nəzərə alıb, məsələnin texniki tərəflərini və xətanın əhəmiyyətini tam qiymətləndirməyib. Elektron bəyannamənin təqdim olunmaması sadəcə texniki bir səhvdir və bu qədər ciddi cəza tətbiq edilməsi uyğun deyil. Məhkəmə, inzibati xətanın xarakterini və cərimə tətbiq edərkən hüquqi şəxsin maliyyə vəziyyətini, sosial fəaliyyətini nəzərə almalıdır. Lakin məhkəmə bu amilləri nəzərə almayıb və yalnız cərimə tətbiq edib. Bu isə prosessual hüquq normalarının pozulmasına səbəb olub, çünki məhkəmənin cəzanı təyin edərkən müvafiq normativ hüquqi aktlara əsaslanması vacibdir. Bu maddə inzibati xətalar haqqında işlərin obyektiv və tam şəkildə qiymətləndirilməsini tələb edir. Lakin məhkəmə yalnız bəzi sənədləri nəzərə alıb və faktiki vəziyyətin tam təhlilinə üstünlük verməyib. Məhkəmədə təqdim olunan sübutların tamlığı və əhəmiyyəti qiymətləndirilməyib ki, bu da prosesin düzgün aparılmamasına səbəb olmuşdur. Məhkəmə sübutları obyektiv şəkildə qiymətləndirməlidir. Lakin burada yalnız gömrük bəyannaməsi ilə bağlı sənədlər və təqdim edilən məlumatlar nəzərə alınıb, amma sübutların tam dəyərləndirilməsi üçün əlavə məlumatlar, məsələn, sənədlərin təqdim olunma vaxtı, gömrük orqanlarının reaksiyaları və şirkətin əməliyyat fəaliyyəti nəzərə alınmamışdır. Bu maddə cəzanın ədalətli olmasını tələb edir, yəni inzibati xətanın xarakterinə və törədilmə hallarına uyğun olmalıdır. Lakin burada, hər hansı bir zərər və ya neqativ nəticə olmadan hüquqi şəxslə bağlı cərimə tətbiq edilib. Bu da prosessual hüquq normasının pozulmasıdır, çünki cəza ədalətli olmalı, yüngülləşdirici və ağırlaşdırıcı hallar nəzərə alınmalıdır. Məhkəmə işə birtərəfli yanaşmışdır, belə ki, Protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Bu isə təqsir əlamətlərinin tam və obyektiv tədqiq edilməsinə mani olmuş, müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə bu faktı dəqiq müəyyən etməmiş və təqdim edilmiş sənədlərin uyğunluğunu qiymətləndirməmişdir. Halbuki, bu tarixlər xətanın mövcud olub-olmamasını müəyyənləşdirmək üçün əsas əhəmiyyət daşıyır. Bu şəxsin iştirak etməməsi nəticəsində protokolun əsası və hüquqi əsaslandırması araşdırılmamış, beləliklə də müdafiə tərəfinin mövqeyi obyektiv şəkildə qiymətləndirilməmişdir. Məhkəmə bu gecikmənin inzibati xəta yaratdığını iddia etsə də, bu fakt müvafiq normativ sənədlərlə və dəqiq hüquqi əsaslarla sübut olunmamışdır. Təqdim olunmuş bəyannamələrin vaxtında təqdim edildiyi sənədlərlə təsdiqlənmişdir. Məhkəmə bu barədə heç bir araşdırma aparmamış və qərarında bu meyarların tətbiqinə dair heç bir əsas göstərməmişdir. Bu isə qərarın qanunsuz və əsassız olmasına səbəb olur. Məhkəmə, bəyannamənin təqdimində gecikmə olduğunu qeyd edərək hüquqi şəxsi məsuliyyətə cəlb etmişdir. Halbuki, təqdimetmə tarixi Gömrük Məcəlləsinə uyğun olmuş, bu hal iş materialları ilə sübut edilmişdir. Nəticə real hallara uyğun deyil. Qərarda bu məsələlərə toxunulmamış, heç bir əsaslandırma verilməmişdir. Nəticədə, qərar ədalətsiz və qeyri-mütənasib olmuşdur. Qeyd olunanlara əsasən, Bakı Nərimanov rayon Məhkəməsinin 3(5-97)-2522/2026 №-li, ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X2” Tresti-nin nümayəndəsi X4 apellyasiya qaydasında verilmiş şikayəti müdafiə edərək, və ona uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük Idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X2” Tresti-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli raportdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxszma Işlərı" Tresti (VÖEN: **********) ünvanına *****NBA/******AA nömrəli nəqliyyat vasitəsi ilə gələn yük, ************** saylı gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin idxalatçı tərəfindən sərhəd gömrük orqanını keçən zaman Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1 -ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Iş materiallarına əlavə edilmiş Gömrük xidmətinin "X5 Sistemi" informasiya resursundan görünür ki, qeyd olunan gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar *****NBA/******AA nömrəli nəqliyyat vasitəsi ilə daşınaraq ##.##.2025-cı il tarixdə saat 12:18-də Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin AR DNŞ-NIN “X2” Tresti tərəfindən 01251000437569 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara dair qısa idxal bəyannaməsini gömrük orqanına təqdim etməmişdir. Azərbaycan Respublikası IXM-nin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin *** saylı, ## ### 2016-cı il tarixli fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X2” TRESTI " qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, üzərinə düşən bu vəzifəni icra etmədiyindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbini pozmuşdur. Hesab edirəm ki, birinci instansiya məhkəmənin hakiminin iş üzrə mübahisələndirilən ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X2” Tresti-nin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni, əsaslı və düzgün nəticəyə gəlinmiş və təqsirli bilindiyi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 1500 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati iş materiallarında olan digər sənədlərlə müəyyən edilmişdir ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X2” Tresti-nin ünvanına göndərilən mallar ##.##.2025-cı il tarixdə saat 12:18 radələrində *****NBA/******AA nömrəli nəqliyyat vasitəsi ilə daşınaraq Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakin gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə daxil olmamışdan əvvəl elektron formada gömrük orqanına təqdim edilməmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, malların gömrük ərazisinə gətirilməsindən əvvəl qısa idxal bəyannaməsinin elektron formada təqdim edilməməsi nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X2” Tresti tərəfindən IXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən təhbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cərimə növündə tənbeh tədbiri tətbiq edərkən törədilmiş xəta üçün dəqiq müəyyən olunmuş, yəni cərimənin aşağı və yuxarı həddi olmadan həmin inzibati xətanın törədilməsinə görə qanunla hüquqi şəxslər üçün müəyyənləşdirilmiş məbləğdə tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə tətbiq edilmiş cəriməni qanunamüvafiq və ədalətli hesab edir. Odur ki, göstərilənlərə əsasən hesab edirəm ki, birinci instansiya məhkəməsinin hakiminin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X2” Tresti-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı mübahisələndirilən qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun, qanuni və əsaslıdır. Belə ki, sonuncu tərəfindən apellyasiya şikayətində göstərilənlərlə əlaqəli hər hansı bir təstiqedici sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən verilmiş apellyasiya şikayətində göstərilənlər qərarın ləğv edilib, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, eləcə də dəyişdirilməsi üçün əsas deyil və hazırda işə baxılarkən də belə bir əsas müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X2” Tresti tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X2” Trestinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2309/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2309/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver