Məhkəmə qərarları › İş №3(3-6)-2346/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2346/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2346/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X8 Xidməti * saylı Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X8 Xidməti * saylı Bakı Regional Bölməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlunun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 600 (altı yüz) manat məbləğində cərimə cəzasının tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsinin inzibati xəta haqqında qərarı tamamilə əsassızdır və ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Məlum olduğu kimi, inzibati cərimə tətbiq olunan obyekt ##.##.2023-ci ildən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsindədir. Məhkəmə bu qənaətə gəlmişdir ki, su təsərrüfatı qurğularının istismarı qaydalarının pozulması icarəçinin deyil, icarəyə verənin təqsiri üzündən baş vermişdir. Ona görə ki, icarə obyektində konstruktiv dəyişikliklər yalnız icarəyə verənin razılığı ilə həyata keçirilə bilər, icarəçinin nümayəndəsi bu məsələyə görə məsuliyyəti icarəyə verənin daşıdığınl bildirmiş və belə olan halda konstruktiv dəyişiklərə görə icarəyə verən inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmənin mövqeyi aşağıdakı xüsusatlara görə əsassızdır: 1.Iş materiallarında kanalzasiya qurğusuna icarəyə verən tərəfindən qoşulmanı təsdiq edən heç bir sübut yoxdur;

2. 2023-cü ildən obyekt icarədədirsə, orada heç bir fəaliyyət göstərməyən icarəyə verənin belə bir inzibati xəta törətməsi qeyr-mümkündür. 3.Protokol tərtib olunarkən icarəçi “xxxx” MMC-nin hansısa işçisinin dediyi sözlər məhkəməyə əsas vermir ki, icarəyə verən barədə inzibati tənbeh tətbiq etsin. 4.Icarə müqaviləsinə görə icarə obyektində konstruktiv dəyişiklik yalnız icarəyə verənin razılığı ilə aparıla bilərdi. Mənim isə belə bir razılığım olmamışdır. Bu razılıq olmadığı halda hansı hüquqi əsasla icarəyə verən inzibati məsuliyyətə cəlb oluna bilərdi? 5.Təsadüfi deyil ki, qanunvericilik kanalzasiya obyektinin sahibi kimi həm mülkiyyətçini, həm də icarəçini məsul şəxs kimi tanıyır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya obyektinin (obyektin) sahibləri su təchizatı və kanalizasiya obyektlərinin və ya su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektlərin (müəssisələrin, qurğuların, binaların, evlərin, mənzillərin) mülkiyyətçiləri, icarəçilərdir. Bu müddəa məsuliyyət subyektini müəyyənləşdirir. Obyekt icarədədirsə icarəçi, icarədə deyilsə, mülkiyyətçi məsuliyyət daşıyır. Hazırki iş üzrə də “obyektin sahibi” qismində icarəçi çıxış etməlidir və icarə obyektində baş vermiş hər hansı pozuntuya görə icarəçi məsuliyyət daşımalıdır. 6.Su təsərrüfatı qurğularının istismarı qaydalarının pozulması konstruktiv dəyişiklik hesab olunmur. Məhkəmə heç bir qanunvericilik normasına istinad etmədən, yalnız öz mülahizəsinə əsasən bunu konstruktiv dəyişiklik hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X8 Xidməti * saylı Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxışının yeri və vaxtı barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu məhkəmə iclasında iştirak etmir. Məhkəmə tərəfin razılığı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçısının izahatlarını dinləyərək belə hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## #### 2026-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X8 Xidməti * saylı Bakı Regional Bölməsinin baş məsləhətçisi müfəttiş X1 tərəfindən tərtib olunmuş ## ### 2026 cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu ünvan 1 ünvanında ## ### 2026-cı il tarixində su təsərrüfatı qurğusunu zədələməklə və onların istismar qaydalarına riayət etməməklə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi ünvanında ##.##.2026-cı il tarixdə qeyri-yaşayış obyektinin kanalizasiya quyusunu zədələməklə istismar qaydalarına riayət etməməsi faktı aşkar olunmuşdur. Nəticədə fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsində və X8 Xidməti * saylı Bakı Regional Bölməsinin ## ### 2026-cı il tarixli, № ****** aktından görünür ki, monitorinq zamanı Əhmədli qəsəbəsi, Sarayevo küçəsi ünvanında yerləşən Bakı şəhər sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlunun mülkiyyətində olan qeyri-yaşayış obyektində (Mega Store) kanalizasiya baxış quyusunu zədələməklə istismar qaydalarına riayət edilmədən tullantı suları şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu tərəfindən ona məxsus qeyri-yaşayış obyektində formalaşan kanalizasiya suları və həmçinin yağış suları istismar qaydalarına zidd olaraq müqaviləsiz iki ədəd d 50 mm-lik boru vasitəsi ilə kanalizasiya şəbəkəsinə qoşulur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin a bəndinə əsasən ümumi istifadədə olan kanalizasiya sistemlərinə istehlakçılar tərəfindən yağış sularının axıdılması qadağandır. Nəticədə vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin 12 və 13-cü bəndlərinin, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 37, 56, 57, 58, 59, 67 və 68-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 9.11.3-cü bəndinin tələbləri pozulmuşdur. ##.##.2023-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. Müqavilənin 2.3.5-ci maddəsinə əsasən icarəçi ticarət sahəsində konstruktiv dəyişikliklər istisna olmaqla, obyektin hər hansı bir hissəsi ilə bağlı təmir, yaxşılaşdırma və ya təmir işlərini həyata keçirə bilər. Konstruktiv dəyişikliyə zərurət yarandığı halda icarəçi bunu icarəyə verənin razılığə əsasında həyata keçirməlidir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin keyfiyyətə nəzarət üzrə mütəxəssisi X2 izahatından görünür ki, borunun qanunsuz olaraq qoşulması ilə bağlı məlumatları olmamışdır, obyekti yağış sularının kanalizasiya quyusuna qoşulmuş vəziyyətdə mülkiyyətçidən icarəyə götürmüşlər. Fotoşəkillərə baxış keçirilərkən müəyyən edilmişdir ki, yağış suları boru vasitəsilə çirkli sulara qoşularaq kanalizasiyaya axıdılır. Birinci instansiya məhkəməsinin iclasında araşdırılmış sübutlar, o cümlədən inzibati xəta haqqında protokol, iş materiallarına əlavə edilmiş şəkil və digər sübutlar birgə və qarşılıqlı şəkildə qiymətləndirilərək belə nəticəyə gəlinmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, sözügedən obyektin su təsərrüfatı qurğularına icarəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müdaxilə edilməmiş, mülkiyyətçi X2 isə etirazında həmin müdaxilənin onun tərəfindən edilmədiyini bildirməmişdir. Müqavilənin şərtlərindən də görünür ki, konstruktiv dəyişliklər (su təsərrüfatı qurğularının və avadanlığına müdaxilə, onun yenidən quraşdırılması və s. konstruktiv dəyişiklik hesab olunur) yalnız icarəyəverənin razılığı ilə həyata keçirilə bilər. Odur ki, məhkəmə su təsərrüfatı qurğularının istismar qaydalarına riayət edilməməsinə səbəb olan zədələnmənin icarəyə verən tərəfindən edilməsi nəticəsinə gəlir. Su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsi, onların istismar qaydalarına riayət edilməməsi kimi dispozitiv əlamətlər müstəqil deyil, qarşılıqlı əlaqədə olan əlamətlər kimi nəzərdən keçirilməlidir. Belə ki, normanın tənzimetmə məqsədi və təyinatı baxımından “zədələnmə” istismar qaydalarına riayət edilməməsinə səbəb olduqda inzibati məsuliyyətə səbəb ola bilər. Bu baxımından istismar qaydalarının pozulmasına səbəb olan zədələnmə hərəkətin baş verməsi ilə başlayır, mülkiyyətdən istifadə edildikcə istismar qaydalarına riayət edilməməsi formasında fasiləsiz olaraq törədilir. Məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab etmişdir ki, hazırkı iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu tərəfindən törədilmiş inzibati xətaya görə barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar: bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda; su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; sudan istifadə limitlərinə əməl etmədikdə; su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə; su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə; su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə; su ehtiyatlarından israfçılıqla istifadə etdikdə; sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda; hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə; su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə; su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda; sudan təyinatı üzrə istifadə etmədikdə; su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə; sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə; lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda; su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə; su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə; xüsusi qorunan su obyektlərinin rejimini pozduqda; su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə; içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda; içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmçinin, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən ayrıca kanalizasiya sistemlərinin və tullantı suları axıdılan obyektlərin ümumi istifadədə olan kanalizasiya sistemlərinə birləşdirilməsi üçün: a) obyektin sahibi kanalizasiya müəssisəsinə müəyyən edilmiş qaydada müraciət etməli, habelə su təsərrüfatı pasportunu tərtib və təqdim etməli; b) belə qoşulmanın ümumi istifadədə olan kanalizasiya sisteminin istismarının vəziyyətinə mənfi təsir göstərməyəcəyi barədə kanalizasiya müəssisəsi zəmanət verməli; c) qoşulacaq obyektin kanalizasiya qurğularının vəziyyətinin və konstruksiyasının müvafiq tələblərə cavab verməsini təsdiq etmək üçün kanalizasiya müəssisəsi müraciət edənin hesabına obyektdə zəruri yoxlamanı keçirməli; ç) müraciət edən obyektin ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması üzrə bütün xərcləri (o cümlədən yollarda torpaq işləri xərclərini) ödəməlidir. Həmin Qanunun 39-cu maddəsinin 1-ci hissəsinə əsasən ümumi istifadədə olan kanalizasiya sistemlərinə istehlakçılar tərəfindən aşağıdakıların axıdılması (atılması) qadağandır: a) yağış sularının; b) tullantı sularının emalına və ya axmasına mane olan, kanalizasiya borularını sıradan çıxaran hər hansı maddələrin; c) neft məhsullarının və kalsium karbidin; ç) insanların sağlamlığı üçün təhlükəli maddələrin; d) yoluxucu xəstəxanaların zərərsizləşdirilməmiş tullantı sularının; e) kanalizasiya müəssisəsi ilə bağlanmış məişət və istehsalat tullantı sularının axıdılması haqqında müqavilədə nəzərdə tutulan hallar istisna olunmaqla, qadağan olunmuş tullantıların, tullantı sularının və maddələrin. Həmin Qanunun 39-cu maddəsinin 2-ci hissəsinə əsasən tullantı sularının yağış kanalizasiya sisteminə axıdılması qadağan edilir. Apellyasiya şikayətinə münasibətdə məhkəmə qeyd edir ki, əməlin törədilməsi inkar edilsə də, iş materiallarında olan sübutlar şəxsin əməlində su təsərrüfatı qurğusunu zədələmək və onların istismar qaydalarına riayət etməmək inzibati xəta tərkibinin əlamətlərinin olmasını təsdiq edir və bu sübutları inkar edən və ya mötəbərsizliyini göstərən hallar apellyator tərəfindən göstərilməmişdir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlunun əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması ilə bağlı qərar qəbul edərkən iş üzrə düzgün nəticəyə gəlmiş, hüquqi şəxsin əməlində inzibati xətanın tərkib əlamətlərinin olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Bundan başqa məhkəmə inzibati tənbeh tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə tətbiq edilmiş cəriməni qanunamüvafiq və ədalətli hesab edir. Odur ki, şikayətdə göstərilənlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlunun inzibati məsuliyyətdən azad olunaraq, qərarın ləğv edilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq

QƏRARA ALDI:

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-ci il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Hakim: Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar