Məhkəmə qərarları › İş №3(3-6)-2350/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2350/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2350/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Bakı şəhər Nərimanov Rayon Polisi İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Rəşad Nəcəf oğlunun iştirakı ilə İsmayılov Rəşad Nəcəf oğlunun Bakı şəhəri Nərimanov rayon X1 Şöbəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından apellyasiya qaydasında verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nərimanov rayon X1 Şöbəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, İsmayılov Rəşad Nəcəf oğlu ## #### 2026-cı il tarixində, saat 02:20-də “Mitshubishi Pajero” minik markalı, ** MB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə etmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İsmayılov Rəşad Nəcəf oğlu barəsində qəbul edilmiş TP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli “inzibati tənbeh vermə haqqında” qərardan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim X.K.Əlisoy) ## #### 2026-cı il tarixli qərarı ilə İsmayılov Rəşad Nəcəf oğlunun Nərimanov rayon X1 Şöbəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməmişdir. Qərardan İsmayılov Rəşad Nəcəf oğlu apellyasiya qaydasında şikayət verərək, şikayətinin təmin edilməsini və İXP ******* nömrəli protokolun ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxəşları: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, ## #### 2026-cı il tarixində yol nəqliyyat hadisəsi baş verdikdən sonra dəvət edilən yol-nəqliyyat hadisəsi inspektorunun qəzəbinə tuş gəlmiş, hadisə iştirakçısı olmadığı halda konstitusion hüquqları pozularaq təqsirli olması boynuna qoyulmuş, şər və böhtanlar atılmış, xəyali qərarla inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Rəşad Nəcəf oğlu, şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Nərimanov Rayon Polisi İdarəsinin nümayəndəsi X2 şikayətin təqdim olunmuş iş materialları ilə müqayisədə əsassız olduğunun nəzərə alınaraq, təmin olunmamasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını nəzərə alaraq hesab edir ki, inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, sürücü İsmayılov Rəşad Nəcəf oğlunun yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törətdiyi inzibati xəta faktının aşkar edilməsi və bununla bağlı müvafiq prosessual qərarların qəbul edilməsində, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən prosessual qaydalara əməl olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətin dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi İsmayılov Rəşad Nəcəf oğlunun barəsində qərar qəbul edərkən, sübutlara və işin faktiki hallarına məcmu halında qiymət verərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə təqsirli bilinməsi haqqında düzgün nəticəyə gəlmiş, bu məsələ üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar da müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi İsmayılov Rəşad Nəcəf oğlunun barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 4, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. İsmayılov Rəşad Nəcəf oğlunun Bakı şəhəri, Nərimanov rayon X1 Şöbəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar