Məhkəmə qərarları › İş №3(3-6)-2389/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2389/2026

03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2389/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi İsmayılzadə Həzrət Seyyub oğlu və MMC-nin direktoru X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Protokolu tərtib edən orqan ##.##.2026-cı il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmamışdır. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 464-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i İXM-nin 464-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmənin qərarından narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, elektron məhkəmə sistemində protokolu tərtib edən orqan və həmin protokolu müdafiə edən orqan heç qeyd edilməmişdir. Şəxsi kabineti nəzərdən keçirən zaman elə təsəvvür yaranır ki, məhkəmə özü müstəqil qaydada inzibati xətanı “törədən” şəxsi müəyyən edib və onu mühakimə edib. Bu isə qanunvericiliyə ziddir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i ## ##### 2025-ci il tarixdə sərbəst auditor İbrahimov Elnur Elxan oğlu ilə auditor xidməti göstərilməsi barədə M-***** saylı müqavilə bağlamışdır. Auditor audit yoxlamasını bitirərək ## #### 2026-cı il tarixdə 2024-cü ilin maliyyə hesabatlarına dair auditor rəyini təqdim etmişdir. Belə ki, inzibati protokol tərtib edilən günə və məhkəmə qərarı qəbul edilən tarixə qədər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i məcburi auditdən keçmişdir və bununla qanun qarşısında olan öhdəliyini tam həyata keçirmişdir. Sadəcə nə Maliyyə Nazirliyi nə də məhkəmə özünə əziyyət verib bu məlumatları yoxlamamışdır. Məhkəmə iclasında iştirak edən hüquqi şəxsin nümayəndələri apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Protokolu tərtib edən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinə üzrlü səbəblər olması barədə qabaqcadan məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən tərəfin nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati icraat üzrə işin materiallarını tam və hərtərəfli araşdıraraq, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan ## #### 2026-cı il tarixli, *-**/*-****/**** nömrəli bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin 2024-cü il üzrə maliyyə hesabatlarının auditinin həyata keçirilməsi ilə əlaqədar auditor rəyinin mövcud olduğu təqdirdə ## #### 2026-cı il tarixədək, saat 09:50-da təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İXM-in 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən audit-əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür; 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir; 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır; 11-ci maddəsinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: - il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; - oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; - digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4 və 91.5-ci maddələrinə müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qanunun qeyd olunan müddəalarından aydın olduğu kimi, məhdud məsuliyyətli cəmiyyət hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil auditor cəlb etməyə borcludur. Məhkəmə apellyasiya şikayətinin əsas dəlilinə əsasən qeyd edir ki, hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə bütün materialları tam və hərtərəfli araşdıraraq, belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i Azərbaycan Respublikası İXM-nin 464-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə toplanmış biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutlarla onun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam olaraq sübuta yetirilmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qətidir, qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar