Məhkəmə qərarları › İş №3(3-6)-2403/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2403/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2403/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPI-nin X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər X1 Idarəsi tərəfindən barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, IXP******* nömrəli inzibati xəta haqqında qərarla ona Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Əlavə olaraq bildirir ki, əvvəlki məhkəmə baxışı zamanı məhkəmə tərəfindən inzibati aktın qismən ləğv edilməsi və işin yenidən baxılması üçün aidiyyəti orqana göndərilməsi barədə qərar qəbul edilmişdir. Lakin cavabdeh orqan bu göstərişə uyğun olaraq işi obyektiv araşdırmamış və qanuni qərar qəbul etməmişdir. Bu hal aşağıdakıları təsdiq edir: inzibati xətanı təsdiq edən əsas sübut yoxdur; işin obyektiv araşdırılması mümkün deyil; onun təqsiri sübuta yetirilə bilməz. Buna baxmayaraq, cavabdeh orqan tərəfindən ona cərimənin ödənilməsi təklif olunmuşdur ki, bu da qanunsuzdur. Inzibati məsuliyyət yalnız kifayət qədər və qanuni sübutlar əsasında tətbiq edilə bilər. Aradan qaldırıla bilməyən şübhələr şəxsin xeyrinə qiymətləndirilməlidir. Məhkəmə tərəfindən qərar qismən ləğv edilmiş və iş yenidən baxılması üçün qaytarılmışdır. Ləğv edilmiş inzibati akt hüquqi qüvvəsini itirmiş hesab olunur. Eyni məsələ üzrə yenidən cərimə tələb olunması hüquqi müəyyənlik prinsipinə ziddir. Ona tətbiq edilmiş inzibati cərimə və həmin cərimə üzrə hesablanmış faizlərlə bağlı iş üzrə məhkəmə baxışı zamanı ilkin olaraq cərimənin qismən ləğv edilməsi barədə qərar çıxarılmışdır. Lakin bundan sonra onu əlavə olaraq digər otağa dəvət etmiş və həmin şəraitdə əvvəlki qərardan fərqli olaraq yeni qərar qəbul edilərək cərimənin silinmədiyi bildirilmişdir. Eyni zamanda, iş üzrə əsas sübutlardan biri olan video görüntülərin yenidən araşdırılması üçün müraciət etdiyi halda ona həmin videonun silindiyi bildirilmişdir. Bu hal iş üzrə obyektiv araşdırmanın aparılmadığını və sübutların düzgün qiymətləndirilmədiyini göstərir. Hesab edir ki, qərarların bu cür ziddiyyətli şəkildə dəyişdirilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Iş üzrə sübutların, xüsusilə video materialın olmaması onun hüquqlarını məhdudlaşdırır. Inzibati icraat zamanı şəffaflıq və obyektivlik prinsipləri pozulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, barəsində qəbul edilmiş və cərimənin silinmədiyini nəzərdə tutan son qərarın etibarsız hesab edilməsini, ilkin olaraq çıxarılmış qismən ləğv etmə qərarının hüquqi qiymətinin verilməsini və nəzərə alınmasını, iş üzrə sübutların, o cümlədən video materialın araşdırılması ilə bağlı məsələyə hüquqi qiymət verilməsini, hüquqlarının bərpa olunması üçün qanunvericiliyə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin inzibati aktın qanunsuz və etibarsız hesab edilməsini, 100 manat cərimənin ləğv edilməsini, cavabdeh orqanın hərəkətlərinin qanunsuz hesab edilməsini, hüquqlarımın bərpa olunmasını, məhkəmə xərclərinin cavabdeh tərəfindən ödənilməsini və bu günə qədər hesablanan faizlərin silinməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli saylı qərarı ilə şikayət təmin edilmiş, Bakı şəhər BPI-nin X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsi şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş TP ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. Inzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq xəta törətmiş şəxs barəsində məlumatı, bu barədə itihamı, onun izahatını, şahidlər barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxsin hüquq və vəzifələrinin izahı və inzibati xəta haqqında protokolla inzibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa, onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar. Məhkəmə qərarında videogörüntünün təqdim edilməməsi əsas arqument kimi qəbul edilmişdir. Lakin Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən sübutlar yalnız videogörüntülərdən ibarət deyildir. Həmin maddəyə görə inzibati xəta haqqında protokol, inzibati tənbeh haqqında qərar, vəzifəli şəxsin xidməti müşahidələri, şahid izahatları, digər sənədlər, dövlət informasiya sistemlərində olan məlumatlar və digər sübutlar da iş üzrə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi iş materiallarında mövcud olan digər sübutların hər birinə ayrıca hüquqi qiymət vermədən yalnız videogörüntünün təqdim edilməməsinə əsaslanmışdır. Bu isə IXM-in 76.1-ci maddəsinin mahiyyətinə uyğun deyildir. IXM-in heç bir normasında videomaterial inzibati məsuliyyət üçün yeganə və məcburi sübut kimi müəyyən edilməmişdir. Videogörüntünün müxtəlif obyektiv səbəblərdən saxlanılmaması və ya təqdim edilməməsi avtomatik olaraq inzibati xəta hadisəsinin baş verməməsi nəticəsini doğurmur. Belə yanaşma inzibati icraatda sübutların sərbəst qiymətləndirilməsi prinsipinə ziddir. ##.##.2026-cı il tarixli məhkəmə qərarı ilə əvvəlki inzibati akt ləğv edilərək iş əlavə araşdırılması üçün inzibati orqana qaytarılmışdır. Həmin qərarla inzibati orqanın yenidən araşdırma aparmaq və nəticəsindən asılı olaraq yeni qərar qəbul etmək səlahiyyəti məhdudlaşdırılmamışdır. Əlavə araşdırmanın nəticəsində yeni inzibati qərarın qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə isə bunu nəzərə almadan yeni qərarın qəbul edilməsini əvvəlki qərarın pozulması kimi qiymətləndirmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə prosesinə gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə əvvəcədən məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Işə baxan birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək qeyd etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.2-ci maddəsinin tələbini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (IXMnin 2-ci maddəsi). IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Iş materiallarında olan ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində, saat 16:25-də Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., 117 ərazisində “MERCEDES BENZ E220 CDI MINIK” markalı, **OF*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş, Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinə göndərilmişdir. Şikayətin dəlillərini işin materialları ilə yoxladıqda aşağıdakılar müəyyən edilir. Məhkəmə qeyd edir ki, qanunvericilik hər bir iş üzrə mütləq qaydada inzibati xəta hadisəsini mövcudluğunu təsdiq edən video görüntünün və foto şəkillərin olmasını təsbit etməmişdir. Eyni zamanda, hazırkı iş üzrə inzibati xəta hadisəsinin mövcudluğu vizual şəkildə aşkar edilmiş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinə əsasən aşkar edilmiş yol hərəkəti qaydalarının pozuntusu faktı üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı: 1) Qanunla ona verilmiş səlahiyyətlər daxilində öz vəzifələrini yerinə yetirir; 2) nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edir: nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda aşkar edilmiş yol hərəkəti qaydalarının pozuntusu faktı üzrə inzibati xəta haqqında protokol tərtib edir (qaydanı bir neçə şəxs pozmuşdursa, onlardan hər biri barədə ayrıca inzibati protokol tərtib edir). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayətindən də inzibati tənbeh vermə haqqında qərarın əsassız olmadığı görünür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; IXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Eyni zamanda səlahiyyətli orqan tərəfindən təqdim edilmiş səsyazısı ilə Ceyhun Haqverdiyevin təqsirliliyi müəyyən edilmiş, birinci instansiya məhkəməsinin onun əməlində inzibati xəta tərkibinin olmamasına dair qənaəti əsaslı olmamışdır. Səlahiyyətli orqan toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq etmiş və həmin sübutlar əsasında Ceyhun Haqverdiyevun ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini IXM-in 327.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Odur ki, apellyasiya qaydasında şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati tənbeh vermə haqqında qərardan şikayət təmin edilməməli, TP ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-in 134.1.2, 135.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) TP ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.2-ci maddəsi ilə tənbeh edilməsinə dair TP ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar