Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2406/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “BLUE HİLL” MMCnin nümayəndəsi və vəkili Vəkil oğlunun, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi İsmayılzadə Kürdoğlu Vidadi oğlunun iştirakları ilə, "BLUE HİLL" MMC-nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi rayon məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "BLUE HİLL" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə "BLUE HİLL" MMC barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və "BLUE HİLL" MMC tərəfindən törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilməsi zamanı hüquqi dövlətin ali prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyi xüsusi vurğulanmışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il ## ######## və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il # ##### tarixli Qərarları). Nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş hər hansı hüququn, o cümlədən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinə riayət olunmaması həmin hüququn pozulması ilə nəticələnə bilər (Konstitusiya Məhkəməsi Plenumunun X2 şikayəti üzrə 2017-ci il ## ### tarixli Qərarı). İnzibati Xətalar Məcəlləsi digər məcəllələşdirilmiş normativ hüquqi aktlardan strukturuna və tənzimlədiyi münasibətlərin xarakterinə görə fərqlənir. Belə ki, İnzibati Xətalar Məcəlləsi özündə həm maddi normaları, həm də prosessual, yəni inzibati xətalar haqqında işlər üzrə icraatın qaydalarını tənzimləyən normaları ehtiva edir. Qeyd edilən Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsi prosessual qayda olaraq “inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri” müəyyən edir. İXM-nin 101.1-ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Qeyd edilən normandan istisnalar yalnız həmin maddənin ikinci və üçüncü bəndində nəzərə tutulmuşdur. Belə ki, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir (İXM 101.2). İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir (İXM 101.3). Hazırkı işin halarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunmamış, həmçinin hüquqi şəxs tərəfindən törədimiş inzibati pozuntu (İXM-nin 428.7.1-ci maddəsi) inzibati araşdırması tələb edilməyən iqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar” kateqoriyasına aiddir. Hesab edirik ki, İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinin məzmununda hər hansı qeyri-müəyyənlik müəyyən edilmir və qanunvericilik inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməsinin imperativ qaydasını müəyyən edir. Həmçinin hazırkı halda inzibati xəta haqqında protokolun dərhal tərtib edilməsini istisna edən qanunvericilikdə göstərilən hallar da mövcud deyil. Lakin birinci instansiya məhkəməsi tərəfindən inzibati xətalar qanunvericiliyinin qeyd edilən imperativ norması nəzərə alınmamış və nəticədə əsassız olaraq «BLUE HİLL» MMC barəsində İXM-in 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin birinci instansiya məhkəməsi törədilmiş hadisədə ümumiyyətlə inzibati xəta hadisəsi olmadığı qənaətinə gəlmiş olsa da öz mövqeyinin təkzib edərək qeyd etmişdir ki, ...inzibati orqan müəyyən edilmiş ardıcıllığa riayət edərək hüquqi şəxs barəsində tədbirlər görməmiş, pozuntu halını təsvir edən müvafiq akt tərtib etmədən və açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstəriş təqdim etmədən ən son tədbir kimi nəzərdə tutulan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Sual olunur: əgər inzibati xəta hadisəsi yoxdursa o zaman məhkəmənin qeyd etdiyi ardıcıllığın tamamlanmasına nə lüzum var. Məhkəmənin mövqeyindən belə anlaşılır ki, şəxs tərəfindən müvafiq icazə olmadanaçıq məkanda reklam yerləşdirilməsi halında inzibati xəta hadisəsi baş vermiş sayılmır. Sanki inzibati xəta hadisəsi baş verməsi üçün inzibati orqan tərəfindən müəyyən edilmiş ardıcıllığa əməl edilməlidir. Məhkəmənin fövqəltəbii məntiqi anlaşılan deyil. Hesab edirik ki, «BLUE HİLL» MMC-yə məxsus monitor tipli reklam qurğusunun üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməklə artıq inzibati xəta hadisəsi törədilmişdir. Bundan əlavə həmin əməlin məhz hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən törədilməsi mübahisə edilimir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi İsmayılzadə Kürdoğlu Vidadi oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini və “BLUE HİLL” MMC tərəfindən törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “BLUE HİLL” MMC-nin nümayəndəsi və vəkili Vəkil oğlu apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, reklamla bağlı elektron qaydada müraciət ediblər, lakin onlara cavab verilməmişdir. Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi reklam yayımına icazə verilməsindən imtina edildiyini bildirsə də, onlara bunula bağlı hər hansı məlumat verilməmişdir. Protokol tərtib edərkən yazıblar ki, nümayəndə imtina edibdir. Lakin onlar protokol tərtib edilərkən orda iştirak etməmişlər. Daha sonra iştirak etməsələr də protokolda nümayəndənin izahat verməsindən imtina etməsi qeyd olunmuşdur. Protokol tərtib ediləndən sonra yazılı göstəriş tərtib edilir. Məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və mübahisələndirilən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarın qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş “BLUE HİLL” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Nəsimi rayon məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, ##.##.2026-cı il tarixində, saat 12:05-də monitor tipli reklam qurğusunun üzərində açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti və Vaqif prospektinin kəsişməsi ünvanında, ##.##.2026-cı il tarixində, saat 12:05-də monitor tipli reklam qurğusunun üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmiş, bununla da, "BLUE HİLL" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.2-ci bəndinə əsasən Müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. 3.3-cü bəndinə əsasən Reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır. 3.4-cü bəndinə əsasən Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq qurum: 3.4.1-ci bəndinə əsasən reklamın yerləşdirilməsinə verilmiş icazəyə (o cümlədən bu Qaydanın 2.15-ci bəndinə uyğun olaraq, reklamı müvafiq qurumu məlumatlandırmadan yayımlayan reklam yayıcısının malik olduğu icazəyə) münasibətdə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci və 26-cı maddələrində nəzərdə tutulmuş tədbirlər görür (icazə ləğv edildiyi halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.4.2-ci bəndinə əsasən bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklamın, həmçinin bu Qaydanın 3.4.1-ci yarımbəndinə uyğun olaraq yayımı dərhal dayandırılmayan reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən Müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1-ci bəndinə əsasən reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2-ci bəndinə əsasən bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. 3.6-ci bəndinə əsasən açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir. 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət həyata keçirən qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2-ci hissəsinə (Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi) uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstəriş təqdim etməli, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görməli və şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması üçün hərəkətlər etməlidir. Birinci instansiya məhkəməsinin hakimi iş üzrə mübahisələndirilən qərarla hesab etmişdir ki, inzibati orqan müəyyən edilmiş ardıcıllığa riayət edərək hüquqi şəxs barəsində tədbirlər görməmiş, pozuntu halını təsvir edən müvafiq akt tərtib etmədən və açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstəriş təqdim etmədən ən son tədbir kimi nəzərdə tutulan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Bütün bu hallar “BLUE HİLL” MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində göstərilən inzibati xətanın törədilmədiyinə dəlalət edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə birinci instansiya məhkəməsinin hakiminin mübahisələndirilən qərarında qeyd etdikləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi “BLUE HİLL” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaqla, düzgün, qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, göstərilənlərə əsasən hesab edirəm ki, birinci instansiya məhkəməsinin hakiminin Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş “BLUE HİLL” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi rayon məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun, qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanları əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.4 və 137-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. "BLUE HİLL" MMC-nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi rayon məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2406/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2406/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver