Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2491/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikasının Mərkəzi Bakının (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi nümayəndə1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx”xxxx“xxxx” MMC) nümayəndəsi Tural Hüseyn İlham oğlunun iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından “xxxx” MMC-nin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqan “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 430.4-cü maddəsi ilə tərtib etdiyi ## ### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X3) “xxxx” MMC Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 13500,00 ABŞ dolları məbləğində valyuta vəsaitinin 20 faizini təşkil edən 2700 ABŞ dolları məbləğində (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1,7 manat) inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. “xxxx” MMC həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə “xxxx” MMC-nin xarici təchizatçıya müqavilə əsasında etdiyi avans ödənişi müqabilində malların Azərbaycan Respublikasına idxal edilməsinin gecikməsi malların təchizatçısının fəaliyyətinin əsasən X9 Dubay şəhərindən təşkil edilməsi, malların İran İslam Respublikası vasitəsilə göndərilməsinə görə həmin dövrdə regionda yaranmış geosiyasi vəziyyətin beynəlxalq daşımalara və logistikaya mənfi təsir etməsi, beləliklə də, həmin Cəmiyyətdən asılı olmayan səbəblərdən baş vermişdir. İş üzrə malların idxal edilməsi barədə gömrük bəyannaməsi şikayətə əlavə edilmişdir. Apellyasiya məhkəməsi iclasında “xxxx” MMC-nin nümayəndəsi Tural Hüseyn İlham oğlu şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini, səlahiyyətli orqanın nümayəndəsi nümayəndə1 isə verdiyi izahatında “xxxx” MMC-nin iş üzrə xaricə etdiyi avans ödənişi müqabilində malların Azərbaycan Respublikasına idxal edilməsini ************** nömrəli gömrük bəyannaməsi əsasında ## #### 2026-cı il tarixdə, beləliklə də bunun üçün qanunla müəyyən edilmiş 2 illik müddətin bitməsindən, yəni əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin yaranmasından sonra təmin etdiyini göstərib, bu səbəbdən şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2016-cı il tarixli, **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Beləliklə, göstərilən qanunvericilik normalarından aydın olur ki, şəxs valyuta vəsaitini avans yolu ilə Azərbaycan Respublikasından kənara (xaricə) köçürdükdən sonra ödənişin aparıldığı gündən 2 il müddətində Azərbaycan Respublikasına bunun müqabilində müvafiq dəyərdə olan malları idxal etmədikdə və ya həmin məbləğdə valyuta vəsaitini qaytarmadıqda həmin 2 illik müddətin bitdiyi gün onun əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti yaranır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə əməl edib, iş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına göndərdiyi ## ##### 2026-cı il tarixli, KB-***/*- ***/**** nömrəli məktubuna, ona əlavə edilmiş müvafiq sənədlərə (məhkəmə həmin sənədlərin məzmununun birinci instansiya məhkəməsinin qərarında göstərilib şərh edilməsinə görə hazırkı qərarda təkrarlanmasına zərurət görmür) və Azərbaycan Respublikası Mərkəzi Bankının yuxarıda göstərilmiş Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.3.1.3-cü bəndinə əsaslanmaqla, iş üzrə “xxxx” MMC-nin ## ##### 2024-cü il tarixdə xaricə köçürdüyü 13500,00 ABŞ dolları məbləğində pulun müqabilində aldığı malların Azərbaycan Respublikasına idxal edilməsini ************** nömrəli gömrük bəyannaməsi əsasında ## #### 2026-cı il tarixdə təmin etsə də, bunu tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmununa uyğun şəkildə, ## ##### 2024cü il tarixdən sonrakı 2 il müddət ərzində etməməsini müəyyən edib, Azərbaycan Respublikasının İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində göstərilən maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi bu barədə nəticəyə gələrkən nəzərə alır ki,: - şəxs valyuta vəsaitini avans yolu ilə Azərbaycan Respublikasından kənara (xaricə) köçürdükdən sonra ödənişin aparıldığı gündən 2 (iki) il müddətində Azərbaycan Respublikasına bunun müqabilində müvafiq dəyərdə olan malları idxal etmədikdə və ya həmin məbləğdə valyuta vəsaitini qaytarmadıqda həmin 2 illik müddətin bitdiyi gün onun əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti yaranır. Həm buna, həm də iş üzrə “xxxx” MMC ## ##### 2024-cü il tarixdə bank vasitəsilə avans yolu ilə Azərbaycan Respublikasından kənara (xaricə) 13500,00 ABŞ dolları məbləğində valyuta vəsaitini köçürdüyü halda, ödənişin aparıldığı gündən 2 illik müddətin sonuncu gününə, yəni ## ##### 2026-cı il tarixədək Azərbaycan Respublikasına bunun müqabilində müvafiq dəyərdə olan malları idxal etmədiyinə və ya həmin məbləğdə valyuta vəsaitini qaytarmadığına görə həmin Cəmiyyətin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti yaranmışdır. - “xxxx” MMC-nin həmin valyuta vəsaiti müqabilində müvafiq dəyərdə olan malların Azərbaycan Respublikasına idxal edilməsini apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş, qanunla müəyyən edilmiş 2 illik müddətin bitməsindən təxminən 3 ay sonra, yəni ## #### 2026-cı il tarixdə ************** nömrəli gömrük bəyannaməsi əsasında təmin etməsi əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olmasını istisna etmir. - “xxxx” MMC iş üzrə xaricə köçürdüyü valyuta vəsaiti müqabilində aldığı malların Azərbaycan Respublikasına idxal edilməsinin gecikməsinin onun təqsirindən baş verməsini istisna edən sübutları birinci və apellyasiya instansiyası məhkəmələrinə təqdim etməmişdir. Göstərilənlərə əsasən “xxxx” MMC-nin verdiyi şikayətin göstərilən dəlili əsassızdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, “xxxx” MMC-nin verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2491/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2491/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver