Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2501/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, “ELİT TƏMİZLİK” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından “ELİT TƏMİZLİK” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Protokolu tərtib edən orqan ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuş ## #### 2026cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «ELİT TƏMİZLİK» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmamışdır. Nəticədə «ELİT TƏMİZLİK» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 464-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Gültəkin Əsədova) “ELİT TƏMİZLİK” MMC İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin həmin qərarından narazı qalan hüquqi şəxs “ELİT TƏMİZLİK” MMC apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, İXM-in 100-cü maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra onun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməlidir. Lakin Maliyyə Nazirliyi tərəfindən ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Cəmiyyətə rəsmi qaydada çatdırılmamış və təqdim edilməmişdir. Protokol çatdırılmadığı üçün barələrində inzibati xəta haqqında iş üzrə icraatın başladılmasından, eləcə də işin baxılması üçün məhkəməyə göndərilməsindən ümumiyyətlə xəbərləri olmamışdır. Protokolun təqdim edilməməsi nəticəsində Cəmiyyət İXM-in 62-ci maddəsində nəzərdə tutulmuş özünü müdafiə etmək, izahatlar və sübutlar təqdim etmək, vəsatətlər qaldırmaq və hüquqi yardım almaq kimi təməl prosessual hüquqlarından tamamilə məhrum olunmuşdur. Bununla yanaşı, iddia edilən həmin inzibati xəta haqqında protokol iş materiallarında da mövcud deyildir. İXM-in 76.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə əsas sübut xəta haqqında protokoldur. İş materiallarında protokolun olmaması və onun çatdırılmaması icraatın köklü şəkildə qanunsuz aparıldığını göstərir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə sübutlar işin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki məlumatlardır. Qərarda istinad edilən ## #### 2026-cı il tarixli, *-**/*-****/**** nömrəli bildirişlə bağlı bildirilir ki, həmin bildirişin "ELİT TƏMİZLİK" MMC-yə hansı tarixdə və hansı vasitə ilə göndərilməsinə, bildirişin Cəmiyyətə faktiki olaraq çatdırılmasına, onlara rəy və ya cavab təqdim etmək üçün müvafiq müddətin verilməsi faktını təsdiq edən sübutlara dair iş materiallarında heç bir hüquqi sənəd (poçt qəbzi, çatdırılma arayışı və s.) öz əksini tapmır. Birinci instansiya məhkəməsi nə protokolun, nə də bildirişin təhvil-təslim sənədlərinin iş materiallarında olmadığını nəzərə almamış, məktubun və ya protokolun hansı tarixdə ünvana çatması barədə poçt qəbzinə əsaslanmadan qanunsuz qərar çıxarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli Qərarında İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Qanunvericiliyin yuxarıda qeyd olunan normalırını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, “ELİT TƏMİZLİK” MMC-nin şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «ELİT TƏMİZLİK» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tədqiq edilmiş sənədlərlə, inzibati xəta haqqında protokolla, habelə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Bununla belə apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi bir sıra hallara diqqət yetirilməklə öz münasibətini bildirməyi zəruri hesab edir. Belə ki, apellyasiya şikayətinin dəlilləri əsasən ona yönəlmişdir ki, səlahiyyətyli orqan tərəfindən inzibati xətaya dair protokol tərtib edilməsi barədə hüquqi şəxsə məlumat verilməmiş, hüquqi şəxsin barəsində inzibati icraat başlanılmasından və işin məhkəməyə göndərilməsindən məlumatları olmamış, bu səbəbdən də özlərini müdafiə etmək və izahlar vermək hüququndan məhrum edilmişlər. Bununla belə apellyasiya şikayətində inzibati xətanın törədilməsinə dair təqsirlilik məsələsi konkret dəlillərlə mübahisələndirilməmişdir. Apellyasiya məhkəməsi bununla bağlı qeyd edri ki, hüquqi şəxs barəsində səlahiyyətli orqan tərəfindən inzibati xətanın törədilməsinə dair protokolun tərtib edilməsi, bu şəxsin dərhal təqsirli bilinərək tənbeh edilməsi demək deyildir. İş materiallarından göründüyü kimi inzibati xətaya dair protokolun məhkəmədə baxılması barədə hüquqi şəxsə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin hüquqi şəxsin nümayəndəsi iştirak etməmişdir. Bununla yanaşı, verilmiş apellyasiya şikayəti ilə bağlı da qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq «ELİT TƏMİZLİK» MMC-nin nümayəndəsi həmçinin apellyasiya baxışında da iştirak etməmişdir. Bundan başqa, mübahisələndirilən inzibati xətanın tərkibinin mövcudluğu ilə bağlı apellyasiya instansiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin dispozisiyasına əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati tənbeh nəzərdə tutulmuşdur. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir; 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır; 11-ci maddəsinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: - il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; - oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; - digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4 və 91.5-ci maddələrinə müvafiq olaraq Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisnaolmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXMin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunun qeyd olunan müddəalarından aydın olduğu kimi, məhdud məsuliyyətli cəmiyyət hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil aiuditor cəlb etməyə borcludur. Qanunvericilikdə maliyyə hesabatlarının təqdim edilməsinin son tarixi göstərilsə də (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2010-cu il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər), həmin hesabatlara auditor rəyinin əlavə edilməsi və ya hər ötən il üçün auditor cəlb edilə biləcəyi son müddət öz əksini tapmamışdır. Belə olduğu halda hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinin anlamından həmin maddədə məhdud məsuliyyətli cəmiyyətin illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq məqsədilə müstəqil auditor cəlb etməli olduğu müddət “hər il” kimi göstərildiyindən, bu müddət hər növbəti «ELİT TƏMİZLİK» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məcburi audit cəlb edilməmişsə, İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. İş üzrə toplanmış sübutları apellyasiya şikayətinin dəlillərinə münasibətdə qiymətləndirərək, apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi «ELİT TƏMİZLİK» MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi Azərbaycan Respublikası İXM-in 464-cü maddəsi ilə tənbeh etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət müəllifinin irəli sürdüyü apellyasiya şikayətinin dəlilləri əsassızdır. Tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi “ELİT TƏMİZLİK” MMC barəsində inzibati tənbeh tədbiri seçərkən Cəmiyyətin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni minimum həddə tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: “ELİT TƏMİZLİK” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2501/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2501/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver