Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2515/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X9 iştirakı ilə, Zeynalov İlqar Adgözəl oğlunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X3 Şöbəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-98)- ****/**** nömrəli qərarından Zeynalov İlqar Adgözəl oğlu və onun müdafiəçisi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Zeynalov İlqar Adgözəl oğlu məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X3 Şöbəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-98)- ****/**** nömrəli qərarı (hakim Ceyhun Tağıyev) ilə şikayət təmin edilməmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X3 Şöbəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan Zeynalov İlqar Adgözəl oğlu və onun müdafiəçisi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-98)- ****/**** nömrəli qərarının inzibati xəta tərkibinin olmaması və məsuliyyətə cəlb etmə müddətlərinin keçməsi əsasları ilə ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, DƏMX-in X3 Şöbəsinin ## ### 2026-cı il tarixli MN ******* saylı qərarı ilə "xxxx" MMC-nin direktoru Zeynalov İlqar Adgözəl oğlu vəzifəli şəxs qismində AR İnzibati Xətalar Məcəlləsinin (İXM) 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1.400 manat məbləğində cərimə edilmişdir. Qərarda iddia olunmuşdur ki, cəmiyyətin sabiq işçisi X1 ## ###### 2024-cü il tarixində saat 22:00 radələrində Cəbrayıl rayonu ərazisində iş yerində xəsarət alması barədə işəgötürən tərəfindən DƏMX-ə məlumat verilməmiş və bədbəxt hadisə gizlədilmişdir. Birinci instansiya məhkəməsi işdə olan sübutları yanlış qiymətləndirərək və hüquq normalarını yanlış təfsir edərək şikayəti təmin etməmişdir. Lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, aşağıdakı ciddi hüquqi və faktiki əsaslara görə Zeynalov İlqar Adgözəl oğlunun əməlində İXM-in 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Belə ki, iş materiallarında olan rəsmi Əmək Müqaviləsindən aydın görünür ki, X1 "xxxx" MMC-yə fəhlə vəzifəsinə ##.##.2023-cü ildən ##.##.2023-cü il tarixədək işə qəbul edilmiş, iş rejimi isə saat 09:00-dan 18:00-dək müəyyən olunmuşdur. Hadisə isə ## ###### 2024-cü il tarixində, saat 22:00 radələrində — yəni müəyyən edilmiş iş vaxtından tam 4 saat sonra baş vermişdir. Məhkəmə qərarında zərərçəkənin ifadəsinə istinadən qeyd edilir ki, o, güman ki, "gözətçi/mühafizəçi" kimi fəaliyyət göstərib. Lakin işdə onun gözətçi təyin edilməsinə, ona bu barədə tapşırıq verilməsinə və ya iş vaxtından artıq işə cəlb edilməsinə dair HEÇ BİR yazılı əmr, sərəncam və ya əmək müqaviləsi dəyişikliyi yoxdur. İşçinin öz şəxsi təşəbbüsü ilə iş saatından sonra ərazidə olması və ya hər hansı nəqliyyat vasitəsinə kömək etməyə çalışması hüquqi baxımdan işəgötürənin tapşırığı sayıla bilməz. İş saatından kənar vaxtda baş verən məişət/şəxsi xarakterli hadisənin "istehsalat bədbəxt hadisəsi" kimi qiymətləndirilməsi qanunun şərhlərinin kobud şəkildə təhrif edilməsidir. İXM-in 12.1-ci maddəsinə əsasən, inzibati xəta yalnız hüquqazidd və təqsirli (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl hesab olunur. Cəmiyyətin rəhbərliyi tərəfindən hadisə dərhal xəstəxanaya çatdırılma və müalicə xərclərinin ödənilməsi ilə humanist şəkildə qarşılanmış, lakin hadisə iş saatından kənar və əmək funksiyası ilə bağlı olmadığı üçün bunun inzibati mənada "istehsalat bədbəxt hadisəsi" hesab olunmadığı qənaətinə gəlinmişdir. Burada hadisəni "gizlətmək" qəsdi və ya ehtiyatsızlığı mövcud olmamışdır. Hadisə ## ###### 2024-cü il tarixində baş vermişdir. X5 Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında qərar isə ## ### 2026-cı il tarixində çıxarılmışdır. Yəni hadisənin baş verməsindən 2 ildən artıq (27 ay) vaxt keçmişdir. Qanunvericiliklə müəyyən edilmiş inzibati məsuliyyətə cəlbetmə müddəti (1 illik müddət) tamamilə keçmişdir. Müddətin ötürülməsi İXM-in 53.1.4-cü maddəsinə əsasən icraata xitam verilməsi üçün mütləq və imperativ əsasdır. Barəsində şikayət edilən qərarı qəbul etmiş birinci instansiya məhkəməsi bu imperativ normaya tamamilə göz yummuşdur. Qərarın özündən də görünür ki, məhkəmə hadisənin əmək müqaviləsində müəyyən edilmiş iş vaxtından kənarda baş verdiyini qəbul etmişdir. Buna baxmayaraq, heç bir hüquqi əsas göstərmədən həmin hadisəni istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirmişdir. Bu isə qərarın daxili ziddiyyətli olmasını göstərir. Məhkəmə yalnız hadisənin baş verməsini əsas götürmüş, lakin hadisənin istehsalat hadisəsi hesab olunmasının hüquqi meyarlarını araşdırmamış, Nazirlər Kabinetinin "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın tələblərini tətbiq etməmişdir. Qərarda yalnız inzibati orqanın mövqeyi qəbul edilmiş, müdafiə tərəfinin etirazları isə faktiki olaraq cavabsız saxlanılmışdır. Bu isə qərarın kifayət qədər əsaslandırılmadığını göstərir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlmədiyindən, məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli Qərarında İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Qanunvericiliyin yuxarıda qeyd olunan normalırını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsi deyil, bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi hissəsində törətməsi məhkəmədə tədqiq edilmiş sənədlərlə, inzibati xəta haqqında protokolla, habelə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Bununla belə apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi bir sıra hallara diqqət yetirilməklə öz münasibətini bildirməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X3 Şöbəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən “xxxx” MMC-nin sabiq işçisi X1 ## ###### 2024-cü il tarixində, saat 22:00 radələrində Cəbrayıl rayonu ərazisində iş yerində xəsarət alması ilə bağlı MMC-nin işəgötürəni İ.Zeynalov tərəfindən X5 Xidmətinə məlumat verilmədiyinə və hadisənin gizlədildiyinə görə İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi üzrə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında ## ###### 2026-cı il tarixli Cəbrayıl rayon prokurorunun böyük köməkçisi, R X4 qərarının surətindən görünür ki, X1 ##.##.2024-cü il tarixdə saat 22 radələrində "xxxx" şirkətində mühafizəçi vəzifəsində işləyən zaman yük gətirən maşını ərazidən yola salıb gözətçi otağına qayıdarkən, ayağının sürüşərək yerə yıxılması nəticəsində sağ gözünə mismar bataraq xəsarət alması ilə bağlı aparılmış araşdırma zamanı texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs, yəni X2 tərəfindən bu qaydaların pozulması ilə bağlı cinayət tərkibi olsa da, hadisə ## ###### 2024-cü ildə baş verdiyindən, yəni hadisənin baş vermə müddətindən (cinayət məsuliyyətinə cəlbetmə müddəti) 02 (iki) il müddət keçdiyindən, aparılmış araşdırma zamanı cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda müəyyən olunmuçdur ki, X1 ##.##.2024-cü il tarixdə Füzuli rayon Mərkəzi Xəstəxanasının acil şöbəsinə daxil olmuş və ona "Göz almasının yad cisim olmadan dəlib keçmiş yarası" diaqnozu qoyulmuşdur. ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X3 şöbəsindən daxil olmuş 3-17-5/2- ******/**** nömrəli məktubda, X1 ##.##.2024-cü il tarixdə bədbəxt hadisə nəticəsində xəsarət alması ilə bağlı X5 Xidmətinin X3 şöbəsinə heç bir məlumatın daxil olmadığı, Cəbrayıl Rayon Prokurorluğunun ##.##.2025-ci il tarixli *-*-***/*-******/**** saylı sorğusu əsasında Regional şöbə tərəfindən mövcud qanunvericiliyin tələblərinə əsasən araşdırma prosesinə başlanıldığı, araşdırma prosesi tam yekunlaşdıqdan sonra əlavə məlumatın veriləcəyi bildirilmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur (217.1). Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır (217.2). Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır (217.4). Normaların mənasından göründüyü kimi, işəgötürən istehsalatda baş vermiş bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İXM-in 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməli təqsirin qəsd forması ilə törədilir, yəni inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etməli, onun zərərli nəticələrini qabaqcadan görməli və bunları arzu etməli, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərdilməsinə yönəlmiş əməllər, yəni işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsi və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsini ehtiva edir. İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının bir dəfə gizlədilirsə və ya bu haqda müvafiq icra hakimiyyəti orqanına məlumatın verilmirsə, bu əməl həmin vaxt bitmiş inzibati xəta hesab olunur və uzanaraq fasiləsiz törədilmir. İşin faktiki hallarından görünür ki, inzibati xəta ##.##.2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı törədilmişdir. Hazırki iş üzrə X5 Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında qərar isə ## ### 2026-cı il tarixində, yəni hadisənin baş verməsindən 2 ildən artıq müddət keçdikdən sonra qəbul edilmişdir. Göründüyü kimi X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Zeynalov İlqar Adgözəl oğlu barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi ##.##.2026-cı il tarixdə artıq Zeynalov İlqar Adgözəl oğlunun İXM-in 555.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd olunan normaların əlaqəli təhlilindən görünür ki, inzibati xətalara dair işlər üzrə obyektiv nəticəyə gəlmək, qanuni və əsaslı qərarları qəbul etmək, bir sözlə İXM-in 2 və 48-ci maddələri ilə qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinə nail olmaq üçün iş üzrə bütün sübutlar əldə edilməli və İXM-in 84.1-ci maddəsinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Zeynalov İlqar Adgözəl oğlu barəsində Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 134.1.2 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Zeynalov İlqar Adgözəl oğlu barəsində Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2515/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2515/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver