Məhkəmə qərarları › İş №3(3-6)-2527/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2527/2026

14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2527/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ DYPİ-nin ##.##.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin ##.##.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin ##.##.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və şikayətinə baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayətin dəlilləri qismində göstərilmişdir ki, ##.##.2026-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 72 ünvanında guya svetoforun qadağanedici işığında hərəkəti davam etdirməsi barədə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə 100 manat cərimə və 3 cərimə balı tətbiq edilmişdir. Lakin inzibati tənbeh haqqında qərarın surəti ona nə poçt vasitəsilə, nə elektron kabinet vasitəsilə, nə də İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulan digər rəsmi üsulla təqdim edilməmişdir. Qərarın mövcudluğu barədə yalnız ##.##.2026-cı il tarixdə YPX əməkdaşı tərəfindən saxlanıldığı zaman məlumat əldə etmişdir. Bundan sonra gecikmədən Yasamal Rayon Məhkəməsinə şikayət təqdim etmiş, şikayətin mətnində qərarın ona göndərilmədiyini və onun mövcudluğunu ## #### 2026-cı ildə öyrəndiyini açıq şəkildə göstərmişdir. Beləliklə şikayətin verilmə müddətinin başlanması üçün qanunun tələb etdiyi hüquqi faktın – qərarın surətinin rəsmi qaydada təqdim edilməsinin – baş vermədiyi məhkəməyə bildirilib. Məhkəmə tərəfindən müddətin keçməsi o halda tətbiq edilə bilər ki, qərarından şikayət edilən orqan qərarın ona rəsmi təqdim edilməsi və ya ümumiyyətlə məlumat verməsi barədə sübut təqdim etsin. Lakin bu hal qeyrimümkündür. Belə ki, məlumat verilməmiş, qərar təqdim edilməmişdir. İlkin şikayətdə inzibati xəta hadisəsinin də mövcud olmadığı göstərilmiş, Tesla Model Y avtomobilinin kamera görüntülərinin avtomobilin yolayrıcına yaşıl işıqda daxil olduğunu təsdiq etdiyi qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi işin mahiyyətini və təqdim ediləcək video sübutları araşdırmadan, yalnız müddət məsələsinə formal yanaşmaqla şikayəti geri qaytarmışdır. Şikayət müddətinin başlanğıcı səhv müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək üçün on günlük müddət qərarın qəbul edildiyi tarixdən deyil, qərarın surətinin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan hesablanır. Deməli, müddətin keçmiş hesab edilməsi üçün məhkəmə əvvəlcə qərarın surətinin şikayətçiyə hansı tarixdə və hansı rəsmi üsulla təqdim olunduğunu müəyyən etməli idi. Mübahisələndirilən qərardadda qərarın ona rəsmi təqdim olunmasını təsdiq edən heç bir sübuta istinad edilməmişdir. Poçt bildirişi, elektron çatdırılma məlumatı, imzalı qəbz, SMS bildirişi, elektron kabinetə yerləşdirilmə və tanış olmanı təsdiq edən hər hansı sənəd göstərilməmişdir. Buna baxmayaraq, məhkəmə yalnız inzibati qərarın ##.##.2026-cı il tarixdə qəbul edilməsinə əsaslanaraq şikayət müddətinin buraxıldığı nəticəsinə gəlmişdir. Bu yanaşma 130.1-ci maddənin mətninə birbaşa ziddir. Qərarın qəbul tarixi ilə onun şəxsə rəsmi təqdim edilmə tarixi eyni hüquqi anlayış deyildir. Qərar rəsmi qaydada təqdim edilməyibsə, şikayət müddəti ümumiyyətlə başlamamış sayılmalıdır. Başlamamış müddətin buraxılması və onun bərpasına ehtiyac yaranması mümkün deyil. Məhkəmə şikayətdə göstərilmiş mühüm hala hüquqi qiymət verməmişdir. İlkin şikayətin mətnində inzibati qərarın ona göndərilmədiyi və qərar barədə yalnız ##.##.2026-cı il tarixdə YPX əməkdaşından məlumat aldığı ayrıca qeyd edilmişdir. Bu məlumat şikayətin vaxtında verilib-verilməməsinin müəyyən edilməsi üçün həlledici əhəmiyyət daşıyırdı. Məhkəmə bu dəlili araşdırmalı, qərarından şikayət olunan inzibati orqandan qərarın təqdim edilməsinə dair sübutları tələb etməli, yalnız bundan sonra prosessual müddət barədə nəticəyə gəlməli idi. Əksinə, qərardadda həmin dəlil ümumiyyətlə təhlil edilməmiş, təqdimetmənin tarixi müəyyən olunmamış və sübutetmə yükü faktiki olaraq şikayətçinin üzərinə qoyulmuşdur. Məhkəmə aktının əsaslandırılmış hesab edilməsi üçün tərəfin işin nəticəsinə təsir edə bilən əsas dəlillərinə aydın və konkret münasibət bildirilməlidir. Qərardad isə şikayətin məzmununda göstərilən təqdim edilməmə faktını cavabsız qoyduğundan, onun nəticəsi kifayət qədər əsaslandırılmış sayıla bilməz. Formalizm məhkəməyə çıxış hüququnu qeyri-mütənasib məhdudlaşdırmışdır. Şikayətin geri qaytarılması nəticəsində inzibati tənbeh haqqında qərarın qanuniliyi və əsaslılığı məhkəmə nəzarətindən kənarda qalmışdır. Halbuki iş üzrə şikayətçinin təqsirini təkzib edən video görüntülərin mövcudluğu bildirilmiş, inzibati qərarın rəsmi təqdim edilmədiyi göstərilmişdir. Prosessual müddətlər hüquqi müəyyənliyi təmin etsə də, onların tətbiqi şəxsin məhkəməyə real çıxış imkanını aradan qaldıran həddindən artıq formalizmə çevrilməməlidir. Şəxsə təqdim edilməmiş qərardan şikayət müddətinin qərarın qəbul edildiyi tarixdən hesablanması, dövlət orqanının təqdimetmə vəzifəsini yerinə yetirməməsinin mənfi nəticəsini vətəndaşın üzərinə qoyur. Məhkəmə ən azı təqdim edilmə məsələsini aydınlaşdırmalı, zərurət olduqda şikayətçiyə prosessual çatışmazlığı aradan qaldırmaq üçün imkan yaratmalı idi. Şikayətdə müddətin başlanmamasını təsdiq edən faktlar göstərildiyi halda, ayrıca “vəsatət” başlığının olmamasını həlledici saymaq ədalətli məhkəmə araşdırması prinsipi ilə uzlaşmır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə, şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır (bu Məcəllənin 57.6-cı maddəsinin müddəaları nəzərə alınmaqla), yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.6-cı maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin122.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə elektron qərar, habelə bu Məcəllənin 124.4-1-ci maddəsində qeyd olunan yuxarı səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar və bu Məcəllənin 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada tərtib olunan inzibati tənbeh vermə haqqında qərar nəqliyyat vasitəsinin istifadəçisi (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üçün internet informasiya ehtiyatında yaradılmış elektron kabinetə yerləşdirilməklə rəsmi qaydada verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qərardan şikayət verən orqan (şəxs) şikayətində barəsində qəbul edilmiş Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* saylı qərarın mövcudluğu barədə yalnız ##.##.2026-cı il tarixdə YPX əməkdaşı tərəfindən saxlanıldığı zaman məlumat əldə etdiyini bildirmişdir. Lakin, iş materiallarında mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın Qərardan şikayət verən orqan (şəxs) nə vaxt təqdim edilməsini təsdiq edən heç bir sənəd mövcud deyildir. Odur ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ DYPİ-nin ##.##.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə baxılarkən həmin xüsusat araşdırılmalı, qeyd edilən qərarın Qərardan şikayət verən orqan (şəxs) rəsmi qaydada nə vaxt təqdim edilməsi müəyyənləşdirilməli idi. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİnin ##.##.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin geri qaytarılması barədə qərardadı qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, inzibati xəta haqında iş üzrə material birinci instansiya məhkəməsinə işin baxılmağa hazırlanması mərhələsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ DYPİ-nin ##.##.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə yenidən baxılması üçün material Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə işin baxılmağa hazırlanması mərhələsinə qaytarılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar