Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2556/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Məhkəmə iclas katibi Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1” MMC-nin etibarnamə üzrə nümayəndəsi nümayəndə1, səlahiyyətli orqan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi nümayəndə3 iştirakı ilə, “X1” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati xəta haqqında protokola əsasən “X1” MMC “İcazə” blankının (jurnalının) doldurulması zamanı məlumatların təhrif olunmasına, pozulmasına və yenidən yazılmasına, habelə “İcazə” blankının (jurnalının) başqa şəxsə ötürülməsi ilə bağlı təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM-in 324-1.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilmiş və inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X1” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan “X1” MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsi ****** nömrəli “İcazə” blankının konkret olaraq hansı tarixdə, hansı yerdə, kim tərəfindən və hansı üsulla başqa şəxsə ötürüldüyünü müəyyən etməmişdir. Blankı təqdim etdiyi iddia olunan şəxsin “X1” MMC-nin işçisi və ya vəzifəli şəxsi olub-olmadığı, həmin şəxsin Cəmiyyət adından hərəkət etmək səlahiyyətinin mövcudluğu, ötürmənin Cəmiyyət rəhbərliyinin razılığı və ya göstərişi ilə həyata keçirilməsi araşdırılmamışdır. Həmçinin blankın əslinin nəqliyyat vasitəsində faktiki olaraq aşkar edilibedilmədiyi, hansı orqan tərəfindən götürüldüyü, bunun hansı sənədlə rəsmiləşdirildiyi və maddi sübut kimi iş materiallarına əlavə olunubolunmadığı müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın törədilməsinin konkret vaxtını və yerini müəyyən etmədiyindən, inzibati məsuliyyətə cəlbetmə müddətinin düzgün hesablanması üçün mühüm olan faktiki hallar da aydınlaşdırılmamışdır. ****** nömrəli “İcazə” blankının məhz “X1” MMC tərəfindən başqa şəxsə ötürüldüyünü müəyyən edilmiş hal kimi qəbul etsə də, bu nəticə müstəqil və mötəbər sübutlarla təsdiq olunmamışdır. İş materiallarında blankın ötürülməsinə dair müqavilə, təhvil-təslim aktı, yazışma, ödəniş sənədi, elektron məlumat, şahid ifadəsi və ya başqa birbaşa sübut mövcud deyildir. Blankı kimdən əldə etdikləri barədə “xxxx” MMC-nin nümayəndəsinin və nəqliyyat vasitəsinin sürücüsünün izahatları alınmamışdır. İnzibati xətanı törətdiyi iddia olunan konkret vəzifəli şəxs və ya işçi, onun Cəmiyyətlə hüquqi əlaqəsi, əməlin Cəmiyyətin xeyrinə və ya maraqlarının qorunması məqsədilə törədilməsi sübuta yetirilməmişdir. Başqa şəxsin blankdan istifadə etməsi blankın məhz Şikayətçi tərəfindən ötürüldüyünü özözlüyündə sübut etmir. Tərəflərin çıxışları: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1” MMC-nin etibarnamə üzrə nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarından görünür ki, mübahisə predmeti olan “İcazə” blankı yalnız "X1" MMC-yə verilmiş, lakin faktiki olaraq başqa hüquqi şəxsə məxsus nəqliyyat vasitəsində istifadə edilmişdir. Hüquqi şəxsin müstəsna istifadəsinə verilmiş rəsmi “İcazə” blankının üçüncü şəxs tərəfindən istifadəsi blankın həmin hüquqi şəxsin nəzarətindən çıxaraq başqa şəxsə ötürüldüyünü təsdiq edən kifayət qədər obyektiv sübutlarla və iş materialları ilə tam təsdiq olunmuşdur. ## ###### 2026-cı il tarixli təhvil-təslim aktından görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyin publik hüquqi şəxsin Vətəndaşlarla iş departamentinin Vətəndaşlara xidmətin təşkili və könüllülərlə iş şöbəsinin mütəxəssisi Zeynalov Seymur və X1 MMC arasında Gürcüstan ikitərəfli /tranzit “İcazə blanklarının” verilməsinə görə ödənilmiş haqqın məbləğinə əsasən aşağıdakı göstərilən beynəlxalq avtomobil daşımalarını tənzimləyən İcazə blanklarının təhvil təslim aparmalarına dair razılaşma olmuşdur. ##.##.2026-cı il tarixli bildirişə əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən “X1” MMC-yə verilmiş Gürcüstan beynəlxalq daşımalarına dair “İcazə” blanklarının digər daşıyıcı şirkətlərə məxsus nəqliyyat vasitələrinin sürücülərinə ötürüldüyü iddia edilmiş, bu hərəkətlərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olduğu göstərilərək, inzibati xəta haqqında işə ##.##.2026-cı il, saat 09:00-da, ünvan 1 ünvanında yerləşən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində baxılacağı barədə cəmiyyətə bildiriş göndərilmişdir. ##.##.2026-cı il tarixli, MN******* nömrəli “İnzibati xəta haqqında protokol”dan görünür ki, «X1” MMC-yə verilmiş ****** nömrəli Gürcüstan “ikitərəfli tranzit” “İcazə” blankının “xxxx” MMCyə məxsus “DAF” markalı “77LV-120 ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ötürülməklə Azərbaycan Respublikası İXM-in 324-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanlanmış məktubdan görünür ki, **-LV-*** dövlət qeydiyyat nişanlı DAF FTXF 105.460 yük markalı avtomobil xxxxs MMC-yə istifadəyə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsinə əsasən “İcazə” blankının (jurnalının) doldurulması zamanı məlumatların təhrif olunmasına, pozulmasına və yenidən yazılmasına, habelə “İcazə” blankının (jurnalının) başqa şəxsə ötürülməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə əsasən icazə sistemi tətbiq edən xarici dövlətlərə yerinə yetirilən beynəlxalq daşımalar Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mübadilə edilən (əldə edilən) və verilən “İcazə” blankları (jurnalları) əsasında yerinə yetirilir. Sözügedən Qanununun 50.6-cı maddəsinə əsasən “İcazə” blanklarının (jurnallarının) doldurulması zamanı məlumatların təhrif olunması, pozulması və yenidən yazılması, habelə “İcazə” blankının (jurnalının) başqa şəxslərə ötürülməsi qadağandır. Birinci instansiya məhkəməsi mübahisə olunan məsələ üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmə apellyasiya şikayətinin inzibati məsuliyyətə cəlbetmə müddətinin düzgün hesablanması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, “X1” MMC baş vermiş xətanın ##.##.2026-cı il tarixindən əvvəl aşkar edildiyini təsdiqləyən heç bir sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsinin xətanın aşkarolunma tarixini iş materiallarında olan bildiriş və protokol tarixləriinə əsaslanaraq müəyyən etməsi tam qanunidir. Məhkəmə apellyasiya şikayətinin növbəti dəlili olan xətanın sübut edilməməsinə isə münasibətdə bildirir ki, icazə blankı yalnız verildiyi daşıyıcı tərəfindən istifadə edilməli olduğu halda, onun başqa hüquqi şəxsə məxsus nəqliyyat vasitəsində faktiki istifadə olunduğunun müəyyən edilməsi, bu barədə ayrıca müqavilə və ya təhvil-təslim aktı olmasa belə balnkın başqa şəxsə ötürülməsini təsdiqləyən kifayət qədər obyektiv sübutdur. İcazə blankı sərbəst dövriyyədə olan sənəd olmadığından həmin sənəd yalnız verildiyi konkret daşıyıcının səlahiyyətində qala bilər. Xarici müdaxilə (oğurluq, itki və s.) istisna olmaqla icazə blankının digər daşıyıcının nəqliyyat vasitəsində aşkar edilməsi yalnız MMC-nin özündən qaynaqlana bilər. İş materiallarında xarici müdaxilə və ya digər qanuni əsas müəyyən edilmədiyindən “X1” MMC-nin xətası sübuta yetirilmiş hesab edilir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları bir daha sadalamağa lüzum görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə, qanunun tələblərinə istinad edilərək ətraflı şərh olunmaqla əsaslandırılmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Bununla da, verilmiş şikayətin dəlilləri, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir əsas vermir. Odur ki, qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh verilməsi haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilməklə tərtib edilərək qəbul edilmişdir, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı isə şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq Qərara alır: "X1" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2556/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2556/2026
28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver