Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2608/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev İlqar İrşad oğlunun iştirakları ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqiyyat Agentliyinin Bakı Regional İdarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından Əliyev İlqar İrşad oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş Əliyev İlqar İrşad oğlu ## ###### 2026-cı il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5- ***)-***/**** nömrəli qərarı ilə (hakim Pərviz Muradov) Əliyev İlqar İrşad oğlunun şikayəti təmin edilməmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev İlqar İrşad oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən hər hansı bir inzibati xəta törədilməmişdir. O qərarda qeyd olunduğu kimi sərnişin daşıma fəaliyyəti ilə məşğul olmamışdır və bu faktı təsdiq edən heç bir sübut yoxdur. Avtomobildə olan şəxs dostu olmuşdur və o, dostunu və ailəsini qarşılamaq üçün hava limanına getmişdi. Onun tərəfindən inzibati xəta törədilməsi faktını təsdiq edən nə maddi sübutlar, nə onun protokola dair izahat və mülahizələri, nə “sərnişin” kimi daşındığı ehtimal edilən şəxslərin şahid kimi izahatları, nə də xüsusi texniki vasitələrin göstəriciləri mövcud deyildir. Lakin buna baxmayaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən barəsində tam qanunsuz və əsassız protokol tərtib edilmişdir. Bundan əlavə digər kobud qanun pozuntusu ondan ibarətdir ki, protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra deyil, onun iştirakı olmadan başqa yerdə və vaxtda tərtib edilmiş, bu səbəbdən protokolun surəti ona verilməmiş, ona qanunla nəzərdə tutulmuş qaydada hüquq və vəzifələri izah edilməmiş və inzibati orqanın bu qanunsuz əməli onu İnzibati Xətalar Məcəlləsinin təməl prinsiplərindən olan – protokola izahat yazmaq, mülahizə bildirmək və qeydlər əlavə etmək hüququndan məhrum etmişdir. Göstərilən hallar barədə işə inzibati orqan tərəfindən baxılarkən ətraflı məlumat verilsə də, sözügedən qanunsuz protokol əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən barəsində ## ###### 2026cı il tarixli, MN Ns ******* saylı inzibati tənbeh vermə haqqında qanunsuz qərar qəbul edilmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol verilərək yuxarıda sadalanan mühüm hüquqi əhəmiyyət kəsb edən halların heç birinə obyektiv hüquqi qiymət verilməmişdir. Məhkəmə gəldiyi nəticəni heç bir fakta və ya digər mötəbər sübuta söykənmədən yalnız məhkəmə iclasında şahid qismində dindirilmiş müfəttişlərin həqiqətə uyğun olmayan izahatlarına, həmin şəxslər tərəfindən məhkəmə iclasında təqdim edilmiş, lakin nə zaman, harada və hansı şəraitdə çəkildiyi məlum olmayan foto görüntüyə və inzibati xəta haqqında protokola istinadla əsaslandırmışdır. Mülkiyyətində bir neçə nəqliyyat vasitəsi mövcuddur və Ford Transit markalı nəqliyyat vasitəsi şəxsi ehtiyaclara istifadə məqsədi ilə əldə olunmuşdur. Dostunu hava limanında mülkiyyətində olan nəqliyyat vasitəsinə əyləşdirərək şəhər istiqamətində hərəkət etməsi sırf şəxsi ehtiyac xarakterli daşımadır, qanun pozuntusu hesab oluna bilməz və hər hansı inzibati məsuliyyət yaratmır. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ilkin qərarı ləğv edilmiş və iş materiallarında sübutların yetərsiz olduğu vurğulanaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin dindirilməsi, nəqliyyat vasitəsində “sərnişin” qismində daşındığı ehtimal edilən şəxslərin dindirilməsi və müvafiq videokameralardan videoyazıların tələb edilərək baxış keçirilməsi barədə qəti və məcburi göstərişlər vermişdir. Lakin işə baxan Bakı şəhəri Səbail Rayon Məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunmuş göstərişlərə tam olaraq əməl etməmiş, “sərnişin" qismində daşındığı ehtimal olunan şəxsi dəvət edərək dindirməmiş, müvafiq texniki vasitələrlə qeydə alınmış videogörüntüləri tələb edərək baxış keçirməmiş, əvəzində şahid qismində işə cəlb edilmiş inzibati orqanın əməkdaşı (müfəttiş) X1 tərəfindən təqdim edilən, mənbəyi, yaranma tarixi, yeri və şəraiti qeyri-müəyyən olan, üzərində nəyin təsvir edildiyi bilinməyən foto görüntü sübut kimi qəbul edilmişdir. Eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin sübutla tanış edilməmiş, ona həmin sübutu təkzib etmək və müdafiə hüququnu həyata keçirmək üçün şərait yaradılmamış, bununla da onun məhkəmə iclasında çəkişmə və bərabərlik prinsipi əsasında dinlənilmək hüququ kobud şəkildə pozulmuşdur. Həmçinin həmin materialın sübut kimi iş materiallarına əlavə edilib edilmədiyi bildirilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərinə zidd olaraq inzibati orqanın protokol tərtib etmiş əməkdaşlarını (müfəttişlərini) məhkəmə iclasına şahid qismində dəvət etmiş və onlardan məhz şahid statusunda izahat almışdır. Qanunvericiliyin tələblərinə əsasən həmin şəxslər iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər deyil, inzibati icraatı həyata keçirən və protokol tərtib edən səlahiyyətli vəzifəli şəxs qismində çıxış etdiklərindən həmin şəxslərin şahid qismində dindirilməsi yolverilməzdir. Məhkəmənin həmin şəxsləri şahid kimi dindirməsi və onların ifadələrinə istinad etməsi qanunsuz olmaqla yanaşı, işin obyektiv, hərtərəfli və qərəzsiz araşdırılması prinsipi ilə birə-bir ziddiyət təşkil edir. İşdən məlum olduğu kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mülkiyyətində olan və idarə etdiyi nəqliyyat vasitəsi “Mercedes Sprinter” deyil, "Ford Transit" markalı nəqliyyat vasitəsidir və hava limanı ərazisinə daxil olarkən həmin nəqliyyat vasitəsinin içərisində sərnişin olmamışdır. Birinci instansiya məhkəməsi müfəttiş T.Qadaşovdan qanunsuz olaraq şahid qismində izahat almaqdan əlavə onun izahatındakı açıq-aşkar və kobud ziddiyətləri ümumiyyətlə araşdırmamış və yekun qərarın qəbul edilməsi üçün həmin ziddiyətli və şübhəli ifadəyə əsaslanmışdır. Sübutların qiymətləndirilməsi qaydalarının kobud şəkildə pozulması iş üzrə qanuni və ədalətli olmayan qərar çıxarılması ilə nəticələnmişdir. Bundan əlavə məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi nümayəndə1 verdiyi izahatında kamera görüntülərinin mövcudluğuna münasibət bildirərək qeyd etmişdir ki, hadisədən uzun müddət keçdiyindən kamera görüntüləri qalmamışdır. İş üçün əhəmiyyət kəsb edən videogörüntülərin qanunvericiliyin imperativ tələblərinə zidd olaraq icraat tam başa çatanadək saxlanılmaması və təmin edilməməsi prosessual qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Sübutların qəsdən və ya səhlənkarlıqla qorunub saxlanılmaması, barəsində icraat aparılan şəxsin müdafiə hüququnu məhdudlaşdırır. İşin hallarına birbaşa təsir edən videogörüntülərin texniki səbəblərdən və ya subyektiv amillərdən dolayı silinərək məhkəməyə təqdim olunmaması halları birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamış və bu barədə yekun qərarda heç bir hüquqi mövqe ifadə olunmamışdır. Məhkəmənin sübutların təmin edilməməsi və obyektiv həqiqətin müəyyənləşdirilməsinə mane olan bu hallara münasibət bildirməməsi qərarın əsassız və qanunsuz olduğunu açıq şəkildə nümayiş etdirir. Bundan əlavə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı prosessual müddətlər pozulmaqla ##.##.2026-cı il tarixdə ona təqdim olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən inzibati hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları yanlış tətbiq edilmiş, həmçinin iş üzrə qanuni və əsaslandırılmış qərarın qəbul edilməsi üçün zəruri olan prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Yol verilmiş bu fundamental qanun pozuntuları qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını tamamilə şübhə altına alır ki, bu da müvafiq qanunvericiliyin tələblərinə əsasən, həmin qərarın apellyasiya qaydasında ləğv edilməsi üçün qeyd-şərtsiz əsasdır. İnzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Yalnız izahatlara və inzibati xəta haqqında protokola əsaslanaraq qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olması ilə bağlı heç bir mötəbər sübut yoxdur. İddiaçı öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İddiaçının təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mülkiyyətində olan mikroavtobıısla hava limanına gedərək öz dostunu və ailəsini qarşılaması inzibati xəta hesab oluna bilməz. Hazırkı işdə maddi sübut kimi xüsusi texniki vasitələrin göstəriciləri mövcud deyildir. Protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim olunmadığından izahatı protokolda göstərilməmişdir. Protokol yerində tərtib olunmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqları və vəzifələri izah edilməmişdir. Protokol yerində tərtib olunmadığından və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmədiyindən protokol barəsində izahat və mülahizələrini təqdim etmək və digər qeydləri edə bilməmişdir. Protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra deyil, daha sonra tərtib olunmuşdur. Məhkəmə işə birtərəfli qaydada baxmış, tərəflərin bərabərliyi prinsipini pozmuş inzibati orqanın mənafeyini üstün tutmuşdur. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, digər zəruri sübutları toplamamış, əlavə məlumat və sübutlar tələb etməmişdir. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut edilməmişdir. Məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və bununla da düzgün olmayan qərar qəbul etmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Əliyev İlqar İrşad oğlu apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli Qərarında İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Qanunvericiliyin yuxarıda qeyd olunan normalırını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat Əliyev İlqar İrşad oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tədqiq edilmiş sənədlərlə, inzibati xəta haqqında protokolla, habelə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Bununla belə apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi bir sıra hallara diqqət yetirilməklə öz münasibətini bildirməyi zəruri hesab edir. Belə ki, apellyasiya instansiya İlqar Əliyevə işin halları barədə sual verərkən, xüsusilə “dostu” barədə soruşularkən, həmin “dostunun” kimliyi, onun aeroportdan götürməli olduğu ailəsi barədə sorğu-sual edilərkən, İlqar Əliyev elementar suallara belə cavab verə bilməmişdir ki, bu da onun hər hansı bir “dostunun” dalınca aeroporta getməsinin deyil, məhz buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınması ilə məşğul olmasının aşkar təzahürüdür. Bundan başqa, birinci instansiya məhkəməsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi aparıcı hüquqşünas nümayəndə1 izahatında bildirdi ki, şəxsin verdiyi ifadələr üst-üstə düşmür. Belə ki, digər ifadədə vurğulamışdır ki, əməkdaşlar yaxınlaşan zaman qarşıladığı şəxs maşında əyləşmiş, əməkdaşlar yaxınlaşıb soruşmuşlar və şəxs etiraf etmişdir ki, qarşılamağa gəlmişdir. Bu Qanun avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, həmçinin avtomobil nəqliyyatının infrastruktur obyektləri ilə əlaqədar dövlət orqanları (qurumları), daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və avtomobil nəqliyyatı xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərə tətbiq olunur. Bu qanuna görə həmin şəxs özü subyekt sayılır, çünki şəhərdaxili (rayondaxili) sərnişin daşımaları – şəhərin (rayonun) inzibati-ərazi hüdudları daxilində yerinə yetirilən sərnişin daşımaları və şəhərlərarası (rayonlararası) sərnişin daşımaları – ayrı-ayrı şəhərlərin (rayonların) inzibati ərazisində yerləşən yaşayış məntəqələri arasında yerinə yetirilən sərnişin daşımalarıdır. Müntəzəm sərnişin daşımaları – işin başlanması və başa çatması vaxtları, sərnişinlərin avtomobil nəqliyyatına minməsi və ondan düşməsi yerləri, habelə tariflər müəyyən edilməklə, müvafiq cədvəl (hərəkət intervalı) və marşrut üzrə yerinə yetirilən sərnişin daşımaları, qeyri-müntəzəm sərnişin daşımaları - sifarişçi ilə bağlanmış müqavilə (sifariş) əsasında daşıyıcı tərəfindən yerinə yetirilən və müntəzəm daşımalara aid olmayan sərnişin daşımalarıdır. Ölkədaxili yük daşımaları – Azərbaycan Respublikasının hüdudları daxilində yerinə yetirilən yük daşımaları, ölkədaxili sifarişli daşımalar – taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyrimüntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları hesab olunur. Bu məsələ qeyrimüntəzəm sərnişin daşımaya aiddir, çünki ford tranzit avtobus sinifinə aid olan nəqliyyat vasitəsidir. Bu maşınlar 13 və daha artıq şəxsin daşınması üçün buraxılır. Buna görə də buraxılış kartı olmalıdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, sərnişin daşıma faktını İlqar Əliyevin öz izahatı və protokol tərtib etmiş şəxs təsdiq edir. Protokolu tərtib etmiş şəxsin və onun yanında iştirak etmiş şahidin məhkəmə çağırılmasını təklif etdi. Hadisədən uzun müddət keçdiyindən hava limanında olan kamera görüntüləri qalmayıb. Qeyd olunanlara əsasən qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, həmin vaxt hava limanı ərazisində xidmətdə idi. Bu zaman 1-ci terminalın 3-cü xətti ilə ** GR *** nömrəli, Ford Tranzit markalı maşın terminalın qarşısına gələrək sərnişinləri endirmişdir. Onlar da yaxınlaşaraq maşının foto-şəkillərini çəkmişlər. Bort kompüter tərəfindən çəkilmiş fotoşəkildə sərnişinlərin daşınması aşkar görünür. Sərnişinlər düşərkən etiraz etdiklərindən, şəkillərini çəkmək mümkün olmur. Sonra onlar həmin şəxsə yaxınlaşaraq sənədlərini istəmişlər, İlqar Əliyev də sənədlərini təqdim etmişdir. Buraxılış kartı olmadığı üçün 50 manat məbləğində cərimə olunacağını bildirmişlər. Elektron formada protokol tərtib edilmişdir. Suallara cavab olaraq bildirdi ki, protokolu həmin gün şəxsin iştirakı olmadan tərtib etmişlər, maşından 3-4 nəfər düşmüş və maşında yük olmuşdur. Birinci instansiya məhkəməsində iştirak edən şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, xidməti formada olarkən müşahidə aparmışlar. Ford tranzit markalı ** GR *** nömrəli maşın yaxınlaşaraq hava limanı daxilində sərnişinləri endirmişdir. Onlar da həmin vaxt yaxınlaşaraq maşının şəklini bort kompüter vasitəsilə çəkmişlər. Sərnişinlərin etirazı olduğuna görə onları çəkə bilməmişlər. Vətəndaşa yaxınlaşaraq sənədləri təqdim etməsini tələb etmişlər. Yoxlama aparılan zaman buraxılış kartı olmadığı üçün 50 manat məbləğində cərimə olunacağı İlqar Əliyevə bildirilmişdir. Birinci instansiya məhkəməsində şahid X1 tərəfindən təqdim edilmiş bort kompüterdə olan foto görüntüdən görünür ki, ** GR *** markalı Ford Transit avtomaşınında sərnişin arxa oturacaqda oturmuş, əlavə olaraq avtomobil dayandırılaraq onun yük yerinə təkərli yük arabası yükün boşaldılması üçün yaxınlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Yerüstü Nəqiyyat Agentliyinin Bakı Regional İdarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əliyev İlqar İrşad oğlu ## ###### 2026-cı il tarixdə saat 14:00 radələrində “FORD” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı mikroavtobus ilə buraxılış kartı olmadan qeyri-müntəzəm sərnişin daşıması həyata keçirmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Nəticədə sonuncu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 (əlli) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun, həmçinin Nazirlər Kabinetinin 2009-cu il ## ######## *** nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması” Qaydalarına görə fiziki və hüquqi şəxslər daşıma həyata keçirərkən təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Həmin Qaydaların 8.1-1-ci yarım bəndinə əsasən qeyri-müntəzəm sərnişin daşımalarına turizm və ekskursiya, kütləvi tədbirlər və istirahət yerlərinə yerinə yetirilən, habelə müntəzəm sərnişin daşımalarına aid olmayan sərnişin daşımaları aiddir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 15.2-ci maddəsinə əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazə verildikdə daşıyıcıya elektron qaydada avtonəqliyyat vasitələrinin sayına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən buraxılış kartı verilir. Avtonəqliyyat vasitələrinin sayı artdıqda, yaxud avtonəqliyyat vasitəsi başqası ilə əvəz olunduqda, hüquqi şəxs və ya fərdi sahibkar yeni buraxılış kartının verilməsi haqqında müraciət etməlidir. Buraxılış kartı daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə sərnişin və yük daşımalarını həyata keçirmək üçün icazəyə malik olduğunu təsdiq edir. Buraxılış kartının hüquqi qüvvəsinin dayandırılması, bərpası, ləğvi və yeni buraxılış kartının verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qeyri-müntəzəm sərnişin daşınması (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar vasitəsilə rəsmiləşdirilir. Formulyarın formasını Azərbaycan Respublikası Nazirlər Kabineti təsdiq edir. Formulyarı doldurmadan qeyri müntəzəm sərnişin daşınmasının həyata keçirilməsinə yol verilmir. Qeyri-müntəzəm sərnişin daşımaları üçün formulyarın elektron qaydada tərtib edilməsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş AYNA infomasiya sistemi haqqında Əsasnaməyə uyğun olaraq AYNA informasiya sistemi vasitəsilə təmin edilir və formulyar üzrə məlumatlar informasiya sisteminə daxil edilir. Qeyd olunan icazə növləri və müvafiq sənədlər Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsinə əsasən buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə –əlli manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən məsələ üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati orqanın əməkdaşının izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Şikayətin dəlilləri, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir əsas vermir. Odur ki, qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, inzibati iş üzrə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Əliyev İlqar İrşad oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Azərbaycan Yerüstü Nəqiyyat Agentliyinin Bakı Regional İdarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2608/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2608/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver