Məhkəmə qərarları › İş №3(3-6)-2609/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2609/2026

24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2609/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, hüquqi şəxs “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqdim edilmiş materialdan görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən apellyasiya qaydasında şikayət verilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində protokola uyğun inzibati tənbeh tədbirinin tətbiq edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə qərarında qeyd edir ki, inzibati xəta haqqında protokolda göstərilənlərin əksinə, "sterlingcigar” adlı "Instagram" səhifəsində paylaşılmış şəkillər tütün məmulatlarının, onların ləvazimatlarının va alışqanların reklamı məqsədilə yerləşdirilmiş paylaşımlar deyil. Edilən paylaşımlar reklam xarakteri daşımadığı üçün "X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Hesab edir ki, Səbail Rayon Məhkəməsinin sözügedən qərarı əsassızdır. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.6-cı maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının və bu Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir. Həmin Qanunun 28-ci maddəsinə əsasən tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır. Həmçinin bildirir ki, tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları və alışqanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısına daxildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən bu Məcəllənin 428.1-428.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə müvafiq məsuliyyət tədbirləri müəyyən edilmişdir. Təcrübədə və qanunvericiliyin tətbiqi praktikasında sosial şəbəkələrdə (o cümlədən “Instagram” platformasında) brendlərin, məhsulların, onların xüsusiyyətlərinin vizual olaraq təqdim edilməsi istehlakçıların diqqətini cəlb etməyə və məhsulun satışını stimullaşdırmağa yönəldiyi üçün reklam xarakteri daşıyır və yuxarıda göstərilən qadağaları ehtiva edir. Göstərilənlərə əsasən bildirir ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idarə olunan “sterlingcigar” adlı “Instagram” sosial şəbəkə səhifəsində tütün məmulatlarının (siqarlar və digər tütün məhsulları), onların xüsusiyyətlərinin, qiymətlərinin və çeşidlərinin açıq şəkildə nümayiş etdirilməsi, təbliği və tanıdılması həyata keçirilir. Həmin səhifədə yerləşdirilən materiallar Azərbaycan Respublikasının qüvvədə olan reklam qanunvericiliyinin tələblərini birbaşa pozur və qanunsuz reklam hesab edilir. Eyni zamanda məhkəmə qərarında göstərmişdir ki, qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla əlaqədar olaraq, məhkəmə işə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 112.1.4cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göründüyü kimi hakim inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxs və ya səlahiyyətli nümayəndəsinin gəlməməsi səbəblərini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilməsi mümkündür. Bununla da ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmişdir. Lakin Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Agentliyinə işə baxılmasının vaxtı və yeri barədə heç bir rəsmi bildiriş daxil olmamışdır. Bildirişin gəlməməsi səbəbindən Dövlət Agentliyinin məhkəmə iclasının vaxtından və ümumiyyətlə işdən əvvəlcədən xəbəri olmamışdır. Bu hal Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin müvafiq prosessual normalarının tələblərinin kobud şəkildə pozulması ilə yanaşı, Agentliyin qanunla qorunan müdafiə və ədalətli araşdırma hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X1 şikayətin dəlillərini müdafiə edərək, dəlillərə uyğun çıxış edərək, məhkəmədən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmədən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməlidir. Inzibati xəta haqqında protokola əsasən “sterlingcigar” adlı “Instagram” səhifəsində tütün məmulatlarını, onların ləvazimatlarını və alışqanları reklam etmişdir. Bununla da, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyinin ## ##### 2026-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən reklam bazarında aparılmış monitorinqlər zamanı “sterlingcigar” adlı “Instagram” sosial şəbəkəsində tütün məmulatlarının və onların ləvazimatlarının, habelə alışqanlarının reklam edildiyi müəyyən edilmişdir. Bununla əlaqədar bildirilir ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.6-cı maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının və bu Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir. Həmin Qanunun 28-ci maddəsinə əsasən tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, paylaşılmış şəkillər reklam məqsədilə hazırlanmış materiallar deyil, xidmət göstərilmiş müştərilər tərəfindən təqdim edilmiş fotoşəkillərdən ibarətdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda göstərilənin əksinə olaraq, “sterlingcigar” adlı “Instagram” səhifəsində paylaşılmış şəkillər tütün məmulatlarının, onların ləvazimatlarının və alışqanların reklamı məqsədilə yerləşdirilmiş paylaşımlar deyil. Məhkəmə qeyd etmişdir ki, edilən paylaşımlar reklam xarakteri daşımadığı üçün “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati işi üzrə araşdırmanı düzgün və tam aparmamış, işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normasını düzgün tətbiq etməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan əsassız qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.6-cı maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının, nikotin tərkibi olmayan elektron siqaretlərin və bu Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir. Həmin Qanunun 28-ci maddəsinə əsasən tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır. Tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları və alışqanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısına daxildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati orqan tərəfindən təqdim edilən sübutlarla “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin tütün məmulatlarının reklam məqsədilə sosial şəbəkədə yayımlaması təsdiq edilmişdir. “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idarə olunan “sterlingcigar” adlı “Instagram” sosial şəbəkə səhifəsində tütün məmulatlarının (siqarlar və digər tütün məhsulları), onların xüsusiyyətlərinin, qiymətlərinin və çeşidlərinin açıq şəkildə nümayiş etdirilməsi, təbliği və tanıdılması həyata keçirilir. Həmin səhifədə yerləşdirilən materiallar Azərbaycan Respublikasının qüvvədə olan reklam qanunvericiliyinin tələblərini birbaşa pozur və qanunsuz reklam hesab edilir. Buna görə də məhkəmənin gəldiyi, nəticə işin faktiki halları və qanunvericiliyin tələbləri baxımından əsaslı hesab edilə bilməz. “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində əməlində Inzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri yaranmışdır. Beləliklə, məhkəmənin sözügedən işin faktiki hallarına düzgün qiymət verməməsi nəticədə yanlış qərarın qəbul edilməsinə gətirib çıxarmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iş üzrə yüngülləşdirici və ağırlaşdırıcı halları müəyyən etmir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə təqsirli bilinərək, barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələri rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş şikayət təmin edilsin. Hüquqi şəxs “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Hüquqi şəxs “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 1.000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar