Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2629/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclas katibi X1, şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət vermə müddəti buraxıldığından şikayət geri qaytarılmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət vermişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətində göstərilmişdir ki, tərəfindən heç bir prosesual müddət ötürülməmişdir. İnzibati xəta haqqında qərarı və protokolu rəsmi surətdə ##.##.2026-cı il tarixdə almışdır. Hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş müddət çərçivəsində şikayəti məhkəməyə təqdim etmişdir. Müddətin başlanğıcı da protokol və qərarı rəsmi surətdə aldığı tarixdən hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə uyğun çıxış etmiş, şikayətin təmin edilməsini xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində şikayətçi hakimin, səlahiyyətli orqanın gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi İXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İşə baxan birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi qənaətinə gəlmişdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların məhkəmə təminatı bütövlükdə insan hüquq və azadlıqlarının müdafiə sisteminin əsasını təşkil etməklə, ən etibarlı və yüksək hüquqi qüvvəyə malik müdafiə mexanizmidir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin məhkəməyə müraciət etmək hüququnun olmasını təmin edir. Bu yalnız məhkəmə araşdırmasını başlatmaq hüququnu deyil, həmçinin mübahisələrin məhkəmələr tərəfindən ədalətli həll edilməsi hüququnu ehtiva edir. Məhkəmə araşdırması aparılmadığı təqdirdə prosessual təminatların, o cümlədən məhkəmə baxışının açıqlığı, ədalətliliyi və çevikliyi kimi prinsiplərin heç bir hüquqi əhəmiyyəti yoxdur. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 2-ci maddəsi). İXM-in 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. İXM-in 57.5-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı vaxtdan da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 57.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə elektron qərar, habelə bu Məcəllənin 124.4-1-ci maddəsində qeyd olunan yuxarı səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar və bu Məcəllənin 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada tərtib olunan inzibati tənbeh vermə haqqında qərar nəqliyyat vasitəsinin istifadəçisi (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üçün internet informasiya ehtiyatında yaradılmış elektron kabinetə yerləşdirilməklə rəsmi qaydada verilir. Həmin qərarlar aşağıdakı vaxtdan rəsmi qaydada verilmiş hesab edilir: 57.6.3. bu Məcəllənin 57.5-1.1-ci və 57.5-1.2-ci maddələrində nəzərdə tutulmuş vaxtdan; İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayətçi inzibati tənbeh vermə haqqında qərarı ##.##.2026-cı il tarixdə aldığını iddia etmiş, iş materiallarında qərarın şikayətçiyə İXM-in 57-ci maddəsində müəyyən edilmiş qaydada verilməsini təsdiq edən sübutlar olmamışdır. Əksinə, işdə olan ərizədən görünür ki, şikayətçi səlahiyyətli orqana müraciət edərək ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın təqdim edilməsini xahiş etmiş, qərarın surətində qərarın DİN-in DYP Web Portalından ##.##.2026-cı il tarixdə çap edildiyi görünmüşdür. Göründüyü kimi, birinci intansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarın şikayətçiyə İXM-in 57-ci maddəsində müəyyən edilmiş qaydada verilməsini təsdiq edən sübutları səlahiyyətli orqandan tələb edib tədqiq etmədən erkən nəticəyə gəlmişdir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından şikayət əsaslı olduğundan təmin edilməli, qərardad ləğv edilməli və inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və İXM-in 134.1.2, 135.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin və inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsinə qaytarılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2629/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2629/2026
18.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver