Məhkəmə qərarları › İş №3(3-6)-2695/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2695/2026

25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2695/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclas katibi X3, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli saylı qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) (##.##.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan) şikayəti təmin edilmiş, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 555.1-ci maddəsi ilə təqsirli bilinib 2200 (iki min iki yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin halları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri *** nömrəli tam orta məktəbin işçisi X4 ##.##.2026-cı il tarixdə səhhətinin pozulması ilə bağlı işəgötürən tərəfindən hadisə baş verdiyi gün X5 Xidmətinə məlumat verilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Qərardan şikayət verən orqan (şəxs) İXM-in 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 2200 (iki min iki yüz) manat cərimə edilmişdir Qərardan Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət edərək ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan X5 Xidməti şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## #### 2026cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, həm İXM-nin 555.1-ci maddəsinin dispozisiyasına, həm də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə nəzər yetirsək görərik ki, qanun “İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması” anlayışı ilə “hadisə” anlayışını bir-birindən fərqləndirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsində nəzərdə tutulan dərhal hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat vermək öhdəliyi hadisənin ağırlıq dərəcəsindən asılı olmayaraq istehsalatla bağlılığının araşdırılması üçün müəyyən edilmişdir. Yəni, İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün nəinki hadisənin ağırlıq dərəcəsi, ümumiyyətlə hadisənin istehsalatda baş verən bədbəxt hadisə olması belə mütləq deyil. Sözügedən maddə üzrə inzibati xəta hadisə barədə araşdırmanın yekun nəticəsi ilə yox, hadisə baş verdikdən sonra araşdırılma aparılması məqsədi ilə bağlıdır. Hadisənin istehsalatla bağlı olub-olmaması, təqsirin müəyyənləşdirilməsi və s. Xidmətin səlahiyyətindədir. Nə vəzifəli şəxsin, nə də məhkəmənin hadisənin istehsalatla bağlılığını araşdırmağa çalışması qanuna uyğun deyil. Bu “araşdırma” nəticəsində gəlinən nəticələrin hüquqi qüvvəsinin olmaması ilə yanaşı, İXM-nin 555.1-ci maddəsinə münasibətdə əhəmiyyətsizdir. Həmçinin, ziddiyyətli halların araşdırılmaması o halda inzibati tənbeh vermə haqqında qərarın ləğvinə səbəb ola bilər ki, həmin ziddiyyət aydınlaşdırıldıqda nəticəyə təsir edə və ya onu dəyişə bilsin. Hazırkı işdə hadisənin baş verdiyi saat göstərilmiş hər iki halda da İXM-nin 555.1-ci maddəsinin təsir dairəsinə düşdüyündən, nəticəyə təsir göstərməyəcəyi üçün inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsas ola bilməz. Belə ki, Nazirlər Kabinetinin “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” ## ###### 2000-ci il tarixli Qərarının 1.2-ci bəndində İşçilərin səhhətinin pozulmasının hansı hallarda təhqiq edilməsi müəyyənləşdirilmişdir. Həmin hallardan biri kimi müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələrdə daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt qeyd olunur. Yəni, işçi işə başlamazdan əvvəl, yaxud iş vaxtı baş verməsindən aslı olmayaraq araşdırmanın predmetinə daxil olduğundan işəgötürən tərəfindən dərhal hadisə baş verən gün Xidmətə məlumat verilməli idi. Qərardan şikayət verən orqan (şəxs) hadisə barədə məlumatlı olmaması səbəbindən Xidmətə məlumat verməməsinə münasibətdə bildiririk ki, inzibati xətanın qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi müvafiq inzibati xətanı tənzimləyən maddənin dispozisiyasında müəyyənləşdirilir. İXM-nin 555.1-ci maddəsində xətanın qəsdən, yaxud ehtiyatsızlıqdan törədilməsi istisna edilməmişdir. Həmçinin, inzibati xətalara münasibətdə məsuliyyəti istisna edən hallar qanunvericilikdə dəqiq müəyyənləşdirilir. İXM-nin 555.1-ci maddəsində inzibati xəta üzrə təqsirin növü fərqləndirilmədiyindən, nə də məsuliyyətdən azad edən istisna hal müəyyənləşdirilmədiyindən şəxsin məlumatlı olub-olmaması onu məsuliyyətdən azad etmir. Məhkəmə inzibati orqanın qanunla onun səlahiyyətlərinə aid edilmiş hissədə inzibati tənbeh vermək haqqında qərar qəbul etmə səlahiyyətinə müdaxilə edə bilməz, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığını yoxlaya bilər. Hazırkı halda məhkəmənin mövqeyi həm qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsinin formalaşdırdığı yanaşmaya ziddir. Məhkəmə tərəfindən araşdırma aparılmamış, sadəcə bir tərəfin, qərardan şikayət vermiş şəxsin özünümüdafiə xarakterli mülahizələrinə əsaslanaraq birtərəfli qaydada qərar çıxarmışdır. Həmçinin qeyd etmək lazımdır ki, Xidmətin Bakı şəhər İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarından şəxs tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılarkən məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın tələblərinə riayət olunmamışdır. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 555.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə məhkəmə iclasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi X2 iştirak etmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65-ci maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və qərar qəbul edilmişdir. Xidmətin Bakı şəhər İdarəsi tərəfindən İXM-in 555.1-ci maddəsi ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslıdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi İXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək inzibati tənbeh vermə haqqında qərarı ləğv etmiş və şikayəti təmin etmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların məhkəmə təminatı bütövlükdə insan hüquq və azadlıqlarının müdafiə sisteminin əsasını təşkil etməklə, ən etibarlı və yüksək hüquqi qüvvəyə malik müdafiə mexanizmidir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin məhkəməyə müraciət etmək hüququnun olmasını təmin edir. Bu yalnız məhkəmə araşdırmasını başlatmaq hüququnu deyil, həmçinin mübahisələrin məhkəmələr tərəfindən ədalətli həll edilməsi hüququnu ehtiva edir. Məhkəmə araşdırması aparılmadığı təqdirdə prosessual təminatların, o cümlədən məhkəmə baxışının açıqlığı, ədalətliliyi və çevikliyi kimi prinsiplərin heç bir hüquqi əhəmiyyəti yoxdur. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-nin 2-ci maddəsi). İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olubolmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Təsvir olunan normaların tələblərini, apellyasiya müraciətlərinin dəlillərini baxılan işin materialları, o cümlədən iş üzrə qəbul edilmiş qərarla müqayisə etməklə yoxladıqda aşağıdakılar müəyyən olunur. Apellyasiya şikayətinin dəlilləri; a) İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün nəinki hadisənin ağırlıq dərəcəsi, ümumiyyətlə hadisənin istehsalatda baş verən bədbəxt hadisə olması belə mütləq deyil. b) İXM-nin 555.1-ci maddəsində xətanın qəsdən, yaxud ehtiyatsızlıqdan törədilməsi istisna edilməmiş, şəxsin məlumatlı olub-olmaması onu məsuliyyətdən azad etməmişdir. Məhkəmə şikayətçinin inzibati xətanın tərkibinin yaranması üçün hadisənin ağırlıq dərəcəsinin, ümumiyyətlə hadisənin istehsalatda baş verən bədbəxt hadisə olmasının mütləq olmaması ilə bağlı dəlilləri ilə razılaşır və hesab edir ki, bu mövqe Əmək Məcəlləsinin 217-ci maddəsinin, İXM-in 555.1-ci maddəsinin, Nazirlər Kabinetinin “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” ## ###### 2000ci il tarixli Qərarının tələblərinə uyğundur. Məhkəmə həmçinin, şikayətçinin İXM-in 555.1-ci maddəsində xətanın qəsdən, yaxud ehtiyatsızlıqdan törədilməsinin istisna edilməməsi dəlili ilə də razılaşır. Bununla belə, məhkəmə qeyd edir ki, istehsalatda baş vermiş bədbəxt hadisə barədə müəyyən edilmiş müddətdə məlumat verilməməsi, İXM-in 555.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət məsələsini yarada bilər. Lakin, həmin normanın tətbiqi üçün yalnız hadisənin baş verməsi və dövlət orqanına məlumatın verilməməsi faktının müəyyən edilməsi kifayət etməmişdir. Yuxarıda sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, inzibati məsuliyyətin yaranması üçün inzibati xətanın bütün zəruri hüquqi əlamətləri, o cümlədən şəxsin təqsiri müəyyən edilməlidir. Bu baxımdan, İXM-in 555.1-ci maddənin tətbiqi zamanı yalnız hadisənin baş verməsi və dövlət orqanına məlumatın verilməməsi faktından çıxış edərək məsuliyyət məsələsinin həlli hüquqi baxımdan kifayət hesab edilə bilməz. Hazırki iş üzrə qəsdin mövcud olmaması və sübuta yetirilməməsi mübahisəsizdir. Çünki, işdən vəzifəli şəxsə istehsalatda baş vermiş bədbəxt hadisə barədə məlumatın verilməməsi, vəzifəli şəxsin həmin gün bədbəxt hadisənin baş verdiyini bilməməsi, hadisənin baş verdiyi barədə ona hər hansı məlumat çatdırılmaması, hadisəni gizlətmək barədə iradə ifadə etməməsi, mövcud olmayan və ya ona çatdırılmayan məlumat əsasında hər hansı hərəkət etmək imkanına malik olmaması görünür. Bununla da, vəzifəli şəxsin hadisənin mövcudluğunu bilmədiyi halda onun həmin hadisəni qəsdən gizlətməsi və ya qəsdən məlumat verməməsi barədə nəticəyə gəlmək hüquqi baxımdan mümkün deyildir. Hazırkı iş üzrə xətanının ehtiyatsızlıqdan törədilməsi də avtomatik qəbul edilməməlidir. Burada, vəzifəli şəxsin hadisə barədə məlumat almamışdırsa, onun həmin hadisəni vaxtında bilməli və görə bilməli olduğu hüquqi və faktiki şəraitin mövcud olub-olması önəm kəsb etmişdir. Qərardan şikayət verən orqan (şəxs) hadisə barədə məlumat almaq vəzifəsi mövcud olmuş, həmin məlumatın ona çatdırılmasını təmin edən real və işlək mexanizm də mövcud olmuşdur. Təhlil olunan vəziyyətdə məlumatın dövlət orqanına verilməməsinin birbaşa səbəbi vəzifəli şəxsin məlumat verməkdən imtina etməsi deyil, hadisə barədə ona ilkin məlumatın çatdırılmamasıdır ki, vəzifəli şəxsin sonrakı məlumat verməməsi onun müstəqil iradi davranışının nəticəsi kimi qiymətləndirilə bilməz. Çünki şəxsin öhdəliyi faktiki olaraq onu yerinə yetirmək imkanına malik olduğu anda aktuallaşır. Şəxsə hadisə barədə heç bir məlumat çatdırılmadığı halda ondan həmin hadisə haqqında məlumat verməsini tələb etmək, faktiki olaraq şəxsin bilmədiyi faktı bilməsini tələb etmək deməkdir. Belə yanaşma isə təqsir görə məsuliyyət prinsipindən uzaq olmaqla nəticəyə görə məsuliyyət prinsipinə əsaslanır. Beləliklə, hadisə barədə Qərardan şikayət verən orqan (şəxs) məlumat verilmədiyi, hadisədən xəbərsiz olduğu, onun hadisəni gizlətməsi müəyyən edilmədiyi, məlumat verməmək barədə iradə ifadəsi olmadığı, hadisəni bilməyə real imkanının olduğu konkret faktlarla sübut edilmədiyi, məlumatın verilməməsində rəhbərin diqqətsizliyini və ehtiyatsızlığını göstərən konkret hallar müəyyən edilmədiyi halda subyektiv cəhətdən onun təqsirli olduğunu təsdiq edən yetərli hüquqi əsas mövcud olmamışdır. Eyni zamanda, Qərardan şikayət verən orqan (şəxs) hadisədən xəbərsiz olmasının onun lazımi diqqət və ehtiyatlılıq göstərməməsi nəticəsində baş verdiyini təsdiq edən konkret faktlar müəyyən edilmədiyi halda, ehtiyatsızlıq formasında təqsirin mövcudluğunu da yalnız vəzifə statusuna əsasən prezumpsiya etmək yolverilməzdir. Odur ki, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar