Məhkəmə qərarları › İş №3(3-6)-2708/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2708/2026

28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2708/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Şikayətçi Tolga Küçükavşarın nümayəndəsi LCG Vəkil Bürosunun vəkili Əliyev İsmayıl Əlimusa oğlunun, X8 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Tolga Küçükavşarın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından X8 Xidmətinin Hüquq İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Həmid Ədhəmov tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tolga Küçükavşarın nümayəndəsi Əliyev İsmayıl Əlimusa oğlu məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilən ## ### 2026- cı il tarixli MN seriyalı ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Fuad Axundov) şikayət qismən təmin edilmiş, Tolga Küçükavşarın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması qərara alınmışdır. X8 Xidmətinin Hüquq İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Həmid Ədhəmov həmin qərardan apellyasiya qaydasında şikayət verərək, qərarın ləğv edilməsini və X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Tekfen İnşaat və Tesisat Anonim Şirkəti Azərbaycan Nümayəndəliyinin direktoru Tolga Küçükavşar tərəfindən əmək hüquqları pozulan Məmmədov Elşən Nuru oğlunun DƏMX-in Azərbaycan Respublikası Baş Prokurorluğunun müraciətinə əsasən müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165 və 172.4-cü maddələrinin tələbləri pozularaq iş vaxtından artıq saatlara görə əmək haqqına əlavə ödəniş hesablanmamış və son haqq-hesabın hesablanması zamanı bunlar nəzərə alınmamış, həmçinin 2025-ci ilin mart, aprel və may aylarının bayram və qeyri-iş günlərində işə cəlb olunmuşdur. Belə olduğu halda Tekfen İnşaat və Tesisat Anonim Şirkəti Azərbaycan Nümayəndəliyinin direktoru cənab Tolga Küçükavşarın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində göstərilən inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Sadalananlara əsasən Tekfen İnşaat və Tesisat Anonim Şirkəti Azərbaycan Nümayəndəliyinin direktoru cənab Tolga Küçükavşar tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinin pozulması faktı və DƏMX-in Bakı şəhər İdarəsi tərəfindən qanunvericiliyin tələblərinə tam əməl olunması öz təsdiqini tapır. Məhkəmə iclasında X1 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tolga Küçükavşarın nümayəndəsi Əliyev İsmayıl Əlimusa oğlu apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli Qərarında İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Qanunvericiliyin yuxarıda qeyd olunan normalırını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Tolga Küçükavşarın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın mövcud olub-olmamasının müəyyən edilməsi üçün səlahiyyətli orqan tərəfindən əlavə araşdırma aparılmasına zərürət vardır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X2 tərəfindən ## ### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Məmmədov Elşən Nuru oğlunun əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verildiyi, işə götürən tərəfindən təqdim olunmuş ##.##.2025ci tarixli haqq-hesab vərəqəsinə əsasən ##.##.2025-ci tarixdə E.Məmmədova işdən çıxarma müavinatı, aylıq əmək haqqı, bayram və istrahət günlərində işə cəlb edilməsinə görə kompensasiya daxil olmaqla son haqq-hesab ödənildiyi, lakin E.Məmmədova müvafiq ödənişlər ##.##.2025-ci il tarixdə ödənildiyindən işdən çıxarma müavinatı hesablanarkən həmin ödənişlərin nəzərə alınmadığı müəyyən edilərək Tolga Küçükavşarın Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Razılıq ərizəsi-izahat”dan görünür ki, Məmmədov Elşən Nuru oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ##.##.2025-ci il tarixdə işdən çıxarılmağına orta aylıq əmək haqqının 2 (iki) misli və 9 təqvim həfdəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqımın 2 (iki) misli ödənilmək şərtilə etiraz etməmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli ərizədən görünür ki, Məmmədov Elşən Nuru oğlu xəbərdarlıq müddəti əvəzinə iki misli əmək haqqı ödənilməklə ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan “TEKFEN” İnşaat və Təsisat A.Ş.-nin Azərbaycan Nümayəndəliyinin ##.##.2025-ci il tarixli ***/K nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Yeni İnzibati Binası layihəsində minik maşını sürücüsü vəzifəsində çalışan Məmmədov Elşən Nuru oğlunun əmək müqaviləsinə layihənin ləğv olunması və işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsasında ##.##.2025-ci il tarixdən xitam verilmiş, əmrin əsası kimi isə işçinin razılıq ərizəsi göstərilmişdir. İş materiallarında olan ##.##.2021-ci il tarixli ərizədən görünür ki, Məmmədov Elşən Nuru oğlu Azərbaycan Respublikasının Mərkəzi Bankının Yeni İnzibati Binasi layihəsi üzrə istehsalat zərurəti yarandığı hallarda istirahət günlərində, iş günü hesab edilməyən bayram günlərində və digər qeyri iş günlərində işləməyə razılıq vermişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Ücret, Çıkış Tazminatı ve Senelik İzin Hesap Tablosu” və ona əlavə edilmiş “Bayram ve X5”ndan görünür ki, işçiyə bayram və bazar günlərində gördüyü işlərə görə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq gündəlik əməkhaqqının iki misli həcmində əlavə əməkhaqqı hesablanmış və ödənilmişdir. Həmin sənədlərdən görünür ki, bayram və bazar günlərində görülmüş işlərə görə işçiyə ümumilikdə 3.681,64 (üç min altı yüz səksən bir manat 64 qəpik) manat məbləğində ikiqat əməkhaqqı ödənilmiş və bu məbləğ yekun hesablaşmaya daxil edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mübahisləndirilən qərarında sərgilədiyi mövqe ilə razılaşır ki, səlahiyyətli orqan tərəfindən inzibati araşdırma zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün hallar tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamış, iş materiallarında mövcud olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi işçinin istirahət və bayram günlərində işə cəlb olunmasına dair razılıq ərizəsinin mövcud olmamasını əsas gətirərək, işçiyə həmin günlərə görə əməkhaqqının qanunvericiliyin tələblərinə uyğun qaydada ödənilib-ödənilməsinin müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir. Lakin birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında ##.##.2021-ci il tarixli, işçinin istirahət, iş günü hesab edilməyən bayram və digər qeyri-iş günlərində işləməsinə razılığını ifadə edən yazılı ərizə mövcuddur. Belə olan halda, səlahiyyətli orqanın razılıq ərizəsinin mövcud olmaması barədə gəldiyi nəticə iş materiallarında olan sənədlərlə təkzib edilir və həmin sənədə inzibati araşdırma zamanı ümumiyyətlə hüquqi qiymət verilmədiyi müəyyən olunur. Bundan başqa, razılıq ərizəsində ödənişin konkret olaraq neçə misli həcmində aparılacağı ayrıca göstərilməmiş olsa da, iş materiallarında olan ##.##.2025ci il tarixli “Ücret, Çıkış Tazminatı ve Senelik İzin Hesap Tablosu” və ona əlavə edilmiş “Bayram ve X5”ndan görünür ki, işçinin bayram və istirahət günlərində gördüyü işlərə görə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq gündəlik əməkhaqqının iki misli həcmində əməkhaqqı hesablanmış və ödənilmişdir. Deməli, ödənişin faktiki olaraq qanunla müəyyən edilmiş həcmdə aparılıb-aparılmaması yalnız razılıq ərizəsinin məzmunu ilə deyil, həm də ödəniş sənədləri və hesablaşma cədvəlləri ilə müəyyən edilməli olduğu halda səlahiyyətli orqan həmin sənədləri qarşılıqlı əlaqədə qiymətləndirməmiş, nəticədə natamam araşdırmaya əsaslanan hüquqi nəticəyə gəlmişdir. Göründüyü kimi, iş materiallarında Tolga Küçükavşarın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən kifayət qədər sübutlar mövcud deyil. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə onu da qeyd edir ki, apellyasiya şikayəti kifayət qədər əsaslandırılmamış, əlavə dəlillər təqdim edilməmiş və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi üçün hər hansı əsaslar müəyyən edilmir. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şəraitdən başqa, həm də inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Belə ki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən, məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən, bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən, hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, şikayət qismən təmin edilməli, Tolga Küçükavşarın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsilə inzibati xəta törətməsinə dair inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və İnzibati Xətalar Məcəlləsilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması nəticəsinə haqlı olaraq gəlmişdir. Göründüyü kimi, Tolga Küçükavşarın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə əlavə araşdırılmalı və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməldir. Hazırkı vəziyyətdə inzibati xətanın mövcud olması və ya olmaması ilə bağlı işin obyektiv araşdırılması mümkün deyildir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X8 Xidmətini tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar