Məhkəmə qərarları › İş №3(3-6)-2715/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2715/2026

25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2715/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclas katibi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ X1 İdarəsi tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli saylı qərarı ilə, ##.##.1984-cü ildə Bərdə rayonu, Lənbəran kəndin anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayonu, Lənbəran ərazi dairəsi, Lənbəran kəndində qeydiyyatda olan Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İşin halları: Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində saat 13:29-da ünvan 1 ünvanında “Kia Optima minik” markalı, **-UM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə İXM-in 342.9-cu maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, idarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamış, Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan inzibati xəta haqqında protokol olmuş hansı ki, bilavasitə səlahiyyətli vəzifəli şəxs olan YPX inspektoru aşkar etdiyindən xüsusi texniki vasitə ilə qeyd alınmasının vacibliyi İXM-də nəzərdə tutulmamışdır. Hakimin mövqeyinə görə təqdim edilmiş videogörüntü və şikayətçinin izahatı birlikdə onu göstərir ki, şarlar avtomobilin arxa hissəsindən dekorativ məqsədlə iplə sallanmış, hərəkət zamanı küləyin təsiri nəticəsində arxa dövlət qeydiyyat nişanının üzərinə düşmüşdür. Bununla razılaşmayaraq xüsusilə qeyd etməyi lazım bilirlər ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol boyu nəqliyyat vasitəsinin təhlükəsizliyini təmin etməyə borcludur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin l-ci hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun * saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Buna baxmayaraq həmin faktı YPX inspektoru aşkar edərək sürücüyə onun mahiyyətini izah edərək inzibati xəta haqqında protokol tərtib etmişdir. İşin faktiki hallarından göründüyü kimi sürücü Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə saat 13:29-da ünvan 1 ünvanında “Kia Optima minik” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsi halına yol verdiyi müəyyən edilmiş, nəticədə Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə hüquqi əhəmiyyət kəsb edən əsas məsələ dövlət qeydiyyat nişanının görünüşünün örtük və ya qurğu vasitəsilə çətinləşdirilibçətinləşdirilməməsidir. İş materiallarından və inzibati xəta protokolundan görünür ki, belə hal səlahiyyətli vəzifəli şəxs tərəfindən birbaşa aşkar edilmiş və müvafiq prosessual sənədlərlə rəsmiləşdirilmişdir. Məhkəmə isə işə baxarkən inzibati xəta haqqında protokolda əks etdirilmiş halları, həmin halları aşkar etmiş vəzifəli şəxsin mövqeyini və inzibati xəta üzrə toplanmış digər materialları tam və hərtərəfli qiymətləndirməli olduğu halda, iş üzrə sübutların məcmu qiymətləndirilməsinə lazımi əhəmiyyət verməmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi İXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı, hadisənin görüntüsünü sübut növü kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək şikayəti təmin etmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Şikayətdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edildiyi göstərilmişdir. Şikayətçi bunu inkar etmiş, yeni doğulmuş övladını xəstəxanadan çıxaran zaman avtomobilin arxa baqajına şar bağladıqlarını, avtomobili sürdükləri zaman külək vasitəsilə şarın nömrənin üstünə düşdüyünü göstərmişdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların məhkəmə təminatı bütövlükdə insan hüquq və azadlıqlarının müdafiə sisteminin əsasını təşkil etməklə, ən etibarlı və yüksək hüquqi qüvvəyə malik müdafiə mexanizmidir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin məhkəməyə müraciət etmək hüququnun olmasını təmin edir. Bu yalnız məhkəmə araşdırmasını başlatmaq hüququnu deyil, həmçinin mübahisələrin məhkəmələr tərəfindən ədalətli həll edilməsi hüququnu ehtiva edir. Məhkəmə araşdırması aparılmadığı təqdirdə prosessual təminatların, o cümlədən məhkəmə baxışının açıqlığı, ədalətliliyi və çevikliyi kimi prinsiplərin heç bir hüquqi əhəmiyyəti yoxdur. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-nin 2-ci maddəsi). İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar Məcəlləsinin 75ci maddəsi). Apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutlarla şikayətçinin dəlillərini yoxlamış, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirmişdir. Məhz bu qiymətləndirmənin nəticəsi olaraq apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, səlahiyyətli orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Belə ki, şikayətçidən alınmış izahatı, sənədləri işin müəyyən edilmiş sayılan halları və Qərardan şikayət verən orqan (şəxs) təqsirli bilindiyi İXM-in 342.9-cu maddəsinin dispozisiyası, xətanın tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan, sözügedən xətanın tərkibinin əlamətləri ilə şərtləndirilən hallarla uzlaşmadığı, sübuta yetirilmədiyi aydın olur. İXM-in 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə – inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi güzgün olaraq vurğulamışdır ki, “Kia Optima minik” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa dövlət qeydiyyat nişanının üzərinə xüsusi örtük, texniki qurğu və ya dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirmək üçün nəzərdə tutulmuş hər hansı vasitə deyil, avtomobilin arxa hissəsindən dekorativ məqsədlə iplə sallanan şar dəstəsi düşmüşdür. Həmin görüntüdə avtomobilin üzərində bayram xarakterli bəzəklərin olması da görünür ki, bu hal şikayətçinin yeni doğulmuş uşağın xəstəxanadan çıxarılması ilə əlaqədar avtomobilin adətənənəyə uyğun bəzədilməsi barədə izahatı ilə uyğunluq təşkil edir. Hazırkı halda iş materiallarında Qərardan şikayət verən orqan (şəxs) dövlət qeydiyyat nişanını gizlətmək və ya onun görünüşünü çətinləşdirmək məqsədilə hərəkət etməsini, bu məqsədlə xüsusi örtükdən, qurğudan və ya digər vasitədən istifadə etməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Avtomobilin qabaq dövlət qeydiyyat nişanının açıq şəkildə görünməsi, nəqliyyat vasitəsinin ümumi görünüşünün bayram bəzəkləri ilə əlaqədar olması, şarların xüsusi olaraq dövlət qeydiyyat nişanını örtmək üçün yerləşdirilməməsi və iş materiallarında bunun əksini təsdiq edən hər hansı sübutun olmaması şikayətçinin dövlət qeydiyyat nişanını gizlətməklə yol hərəkəti qaydalarının pozulmasını pərdələməsi və ya məsuliyyətdən yayınmağa yönəlmiş hər hansı məqsəd daşıması barədə nəticəyə gəlməyə əsas vermir. Səlahiyyətli orqanın nümayəndəsinin birinci instansiya məhkəməsində iştirakın təmin edilməməsi ilə bağlı məhkəmə bildirir ki, hazırda baxılan inzibati xəta haqqında iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, mübahisəli məsələyə dair xətanın mövcudluğunu təsdiq edən sübutların məhkəməyə təqdim etmək imkanı təmin olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Apellyasiya qaydasında şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar