Məhkəmə qərarları › İş №3(3-6)-2721/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2721/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2721/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Zərərçəkmiş şəxsin nümayəndəsi – Nümayəndə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Quliyev İman Bahadur oğlunun, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, ## ### 1965-ci il tarixdə Füzuli rayonu, Divanallar kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Füzuli rayonu, Divanallar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Quliyev İman Bahadur oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından müdafiəçi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Quliyev İman Bahadur oğlunun İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Zamiq Bağırov) Quliyev İman Bahadur oğlu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Quliyev İman Bahadur oğlunun barəsində inzibati həbslə bağlı olmayan yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş ödəniş sənədlərindən görünür ki, ##.##.2025-ci il tarixdə Quliyev İman Bahadur oğlunun kredit ödənişi üzrə 10.000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Qəbzdə ödənişin təyinatı “Komitə qərarına əsasən kredit ödənişi Quliyev İman Bahadur oğlu” kimi göstərilmiş, ödəyən şəxs qismində isə X3 qeyd edilmişdir. ##.##.2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, Quliyev İman Bahadur oğlu tərəfindən 200 manat məbləğində kredit ödənişi edilmişdir. Digər qəbzlərə əsasən, ## ##### 2026-cı il tarixdə 500 manat, ## #### 2026-cı il tarixdə 2.000 manat, ## #### 2026-cı il tarixdə isə 1.000 manat olmaqla, ümumilikdə 3.500 manat məbləğində ödəniş edilmişdir. Nəzərə alınmalıdır ki, 2026-cı ilin iyun ayında 2 halda, ##.##.2026-cı ildə 2.000 manat, ##.##.2026-cı ildə 1.000 manat, cəmi 3.000 manat ödəniş edilmişdir. Təəssüf ki məhkəmə bu reallığı və faktiki halı nəzərə almamışdır. Qeyd etdiyim bu ödənişlər məhkəməyə qədər baş vermişdir. Bundan başqa 2025-ci ildə İman Quliyevin Bank kartından 2400 manat birbaşa bank tərəfindən tutulmuşdur. Əlavə olaraq 1500 manat və 800 manat ödənişlər edilməsinə baxmayaraq çox təəssüf ki, 4.700 manat ödəniş barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Binəqədi Rayon Məhkəməsi tərəfindən ədalətsiz qərar qəbul edilmişdir. Belə ki təqsirkar şəxin şəxsiyyəti, ailə və maddi vəziyyəti, səhətində ciddi problemlərin olması (ürək əməliyyatı keçirməsi) (tibbi sənəd əlavə edilir) və sair zəruri hallar nəzərə alınmamışdır. Şəxsin cərimə olunması qanunvericilikdə ilkin nəzərdə tutulduğu halda məhkəmənin daha sərt, həbslə bağlı qərar qəbul etməsi anlaşılan deyildir. Belə ki, inzibati xəta törətmiş şəxs ilk dəfə olaraq məhkəmə qarşısına çıxarıldığı, 3.500 manat deyil 13.700 manat ödəniş etməsi, əlavə olaraq 4.700 maanat ödənişlər etdiyi nəzərə alınmadan barəsində azadlığının məhdudlaşdırılmasına, inzibati həbs olunmasına dair qərar qəbul etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən halları nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Quliyev İman Bahadur oğlu və müdafiəçisi Vəkil şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə, iş materiallarını araşdırıb, proses iştirakçılarının çıxışını dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-***/**** nömrəli icra vərəqindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs ASC ilə cavabdeh Quliyev İman Bahadur oğlu arasında bağlanmış ##.##.2014-cü il tarixli, ***HOME****** nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdeh Quliyev İman Bahadur oğlundan 227.802,97 manat əsas, 37.149,17 manat faiz, 4.000 manat cərimə olmaqla, cəmi 268.952,14 manat məbləğində borc, habelə 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs ASC-nin xeyrinə tutulmalı, tutma Quliyev İman Bahadur oğlunun mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,1020 ha torpaq sahəsinə və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə yönəldilməli, həmin əmlaklar açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına qeyd edilən borc məbləği ödənilməli, ödənişlər həyata keçirildikdən sonra satışdan əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Quliyev İman Bahadur oğluna qaytarılmalı, satışdan əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Quliyev İman Bahadur oğlundan tutulmalı, hərraca çıxarılarkən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,1020 ha torpaq sahəsinin və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinin ilkin satış qiyməti 250.000 manat müəyyən edilməli, həmin əmlak açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər Quliyev İman Bahadur oğlu və X1 əmlakdan çıxmadıqları təqdirdə onlar məcburi qaydada çıxarılmalıdırlar. İş materiallarında olan ##.##.2020-cı il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-***/**** nömrəli sənədinə əsasən icraata başlanmışdır. İş materiallarında olan “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin ##.##.2020-ci il tarixli Satış protokolundan görünür ki, ##.##.2020-ci il tarixdə keçirilmiş hərrac üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsi sifarişçi (satıcı), “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC hərracın təşkilatçısı olmuş, Quliyev İman Bahadur oğluna məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,1020 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi satışa çıxarılmış, əmlakın ilkin satış qiyməti 250.000 manat müəyyən edilmiş, keçirilmiş iki hərrac baş tutmadığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Zərərçəkmiş şəxs ASC həmin əmlakı 159.375 manat məbləğində əldə etmiş, həmin Qanunun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan Zərərçəkmiş şəxs ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-*/**** nömrəli qərardadından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2019-cu il tarixli icra sənədi üzrə borclu Quliyev İman Bahadur oğlundan cəmi 268.952,14 manat məbləğində borc və 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs ASC-nin xeyrinə tutulmalı olduğu halda, tələbkar Zərərçəkmiş şəxs ASCnin ##.##.2022-ci il tarixli ərizəsinə əsasən icra sənədi üzrə 90.625 manat borcun qaldığı, borclu tərəfindən borcun ödənilmədiyi, “Elektron-icra” sisteminə əsasən borclunun adına tələbin yönəldilə biləcəyi əmlak və pensiya növünün aşkar edilmədiyi müəyyən edilmiş, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən icra məmurunun təqdimatı təmin edilərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2019-cu il tarixli icra sənədi tam icra olunanadək borclu Quliyev İman Bahadur oğlunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin ##.##.2023-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Quliyev İman Bahadur oğlu və X1 məcburi qaydada Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-*/**** nömrəli qərardadından görünür ki, borclu Quliyev İman Bahadur oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-*/**** nömrəli qərardadından borclu Quliyev İman Bahadur oğlu tərəfindən verilmiş şikayət təmin edilmiş, ##.##.2023-cü il tarixli, *(***)-*/**** nömrəli qərardad ləğv edilmiş və qərardadda göstərilən məsələlərlə bağlı sonrakı prosessual hərəkətlər edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin ##.##.2024-cü il tarixli borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-*/****-*** nömrəli qərardadı ilə borclu Quliyev İman Bahadur oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, sonradan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-*/****-*** nömrəli qərardadı ilə həmin qərardad ləğv edilərək göstərilən məsələlərlə bağlı sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün iş Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş, bununla əlaqədar ##.##.1965-ci il təvəllüdlü Quliyev İman Bahadur oğlunun üzərindən ölkədən getmək hüququna tətbiq edilmiş müvəqqəti məhdudiyyətin götürülməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qərardaddan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Məhəmməd Qaragözov tərəfindən borclu Quliyev İman Bahadur oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilmişdir. Məhkəmə təqdimatı təmin edərək, həmin icra sənədi üzrə borclu Quliyev İman Bahadur oğlunun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərardad qəbul etmişdir. Beləliklə, əvvəlki məhdudiyyətin götürülməsindən sonra borclunun ölkədən getmək hüququna məhdudiyyət ##.##.2024-cü il tarixli yeni məhkəmə qərardadı ilə yenidən tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin ##.##.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2019-cu il tarixli icra sənədi üzrə borclu Quliyev İman Bahadur oğlu barəsində axtarış elan edilmiş və qərarın icra edilməsi üçün Füzuli Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərardadından görünür ki, borclu Quliyev İman Bahadur oğlunun nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin Quliyev İman Bahadur oğluna münasibətdə hissəhissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə borc məbləğinin nəzərə alınaraq qətnamənin borclunun xahiş etdiyi qaydada hissə-hissə icra edilməsinin məhkəmə qərarının uzun müddət ərzində icra olunmaması ilə nəticələnəcəyini, bunun isə tələbkarın mənafeyinə zidd olmaqla icra sənədinin ağlabatan müddətdə icra edilməli olması tələbinə uyğun olmadığını nəzərə alaraq, ##.##.2019-cu il tarixli, *(***)-***/**** nömrəli qətnamənin hissə-hissə icra olunması barədə Quliyev İman Bahadur oğlunun nümayəndəsi və vəkili Vəkil ərizəsini təmin etməmişdir. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, ##.##.2025-ci il tarixdə Quliyev İman Bahadur oğlunun kredit ödənişi üzrə 10.000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Qəbzdə ödənişin təyinatı “Komitə qərarına əsasən kredit ödənişi Quliyev İman Bahadur oğlu” kimi göstərilmiş, ödəyən şəxs qismində isə X3 qeyd edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, Quliyev İman Bahadur oğlu tərəfindən 200 manat məbləğində kredit ödənişi edilmişdir. İş materiallarında olan digər qəbzlərə əsasən, ## ##### 2026-cı il tarixdə 500 manat, ## #### 2026-cı il tarixdə 2.000 manat, ## #### 2026-cı il tarixdə isə 1.000 manat olmaqla, ümumilikdə 3.500 manat məbləğində ödəniş edilmişdir. Qəbzlərdə ödənişlərin Quliyev İman Bahadur oğlunun borcu ilə əlaqədar müvafiq hesaba mədaxil edildiyi, ödəyən şəxs qismində isə X2 göstərildiyi müəyyən olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Quliyev İman Bahadur oğlunun barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş material əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün araşdırma aparmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin sanksiyasından da göründüyü kimi, həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə həm cərimə, həm də inzibati həbs növündə tənbeh tədbirləri nəzərdə tutulmuş, inzibati həbs növündə tənbehin tətbiq edilməsi əsası kimi cərimə növündə tənbeh tədbirinin tətbiqinin inzibati tənbehin məqsədlərini təmin etmək baxımından kifayət sayılmaması və xətanı törədənin şəxsiyyətinin nəzərə alınmalı olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Quliyev İman Bahadur oğlu barəsində inzibati tənbeh növünü və həddini seçərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh tətbiq etmişdir. Şikayətin dəlillərinə münasibətdə inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli şəkildə təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarının tələblərinə əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Quliyev İman Bahadur oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar