Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2744/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026- cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından Elyasov İlham Ərşad oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-c il tarixli *(*-**)-****/**** nömrəli qərarından Elyasov İlham Ərşad oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Elyasov İlham Ərşad oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixində AR DİN BDYPİ Mərkəzi İnformasiya sistemi tərəfindən İXM-in 327.1-1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Bildirmək istəyir ki, ##.##.2026-cı il tarixində şəxsi avtomobili ilə Bakı şəhəri Nizami rayonu Ziya Bünyadov küçəsi ilə hərəkət etmiş, daha sonra Bəşir Bünyadov küçəsi istiqamətində hərəkətimi dəyişdirərək yoluma davam etmişdir. Bəşir Bünyadov küçəsi istiqamətində hərəkətdə olarkən hərəkətini yolun sağ zolağına yaxın dəyişərkən yolun sağ kənarında ardıcıl olaraq məlumatverici-göstərici nişanlardan ilkin olaraq 5.8.3 zolağın başlanğıcı daha sonra 5.9 marşurut nəqliyyat vasitələri üçün zolaq nişanlarını görmüşdür. Yalnız yerdə 1.11 üfüqi nişanlarıma xəttinin olması həmin nişanlanma xəttinin təsir dairəsində olduğu ərazidən keçərək avtobus yoluna daxil olub sonra sağa (küçənin adı yoxdur) dönməyə yol olduğuna görə və Koroğlu metrostansiyasının arxa hissəsindən keçən yolla hərəkətimi davam etdirməyi qərara almışdır. Belə ki, əvvəllər də daimi olaraq hər zaman həmin küçədən şəxsi avtomobili ilə istifadə edərək hərəkət etmişdir. Amma dönməmişdən qabaq uzaqdan həmin yolda təkrar quraşdırılmış 5.9 marşurut nəqliyyat vasitələri üçün zolaq nişanının üzərinin ağacın budağı ilə görünməsi məhdudlaşdığı üçün görə bilməmişdir. Həmin küçəyə (küçənin adı yoxdur) sağa dönərkən isə artıq yolda 5.9 marşurut nəqliyyat vasitələri üçün zolaq nişanının tətbiq olunduğunu görmüşdür. Yolayırıcıda geriyə hərəkətin qadağan olunduğunu bilərək, məcbur irəli hərəkət etməyə davam etmişdir. AR DİN BDYPİ Mərkəzi İnformasiya sistemi tərəfindən cərimə olunarkən məlumatlandırma foto çəkilişində Bəşir Bünyadov küçəsindən artıq sağa dönmə əməliyyatı edərkən olan fotonu təqdim etmişdirlər. Ancaq həmin zolağa dönməzdən öncə 1.11 üfüqi nişanlanma xəttinin olduğu hissəni çəkilişə düşməmişdir. Qeyd edilənlərə görə adıçəkilən ərazidə 1.11 üfüqi nişanlanms alaraq inzibati xəta törətməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Elyasov İlham Ərşad oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətin təmin edilməməsi, həmin qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan Elyasov İlham Ərşad oğlu apellyasiya qaydasında şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ##.##.2026-cı il tarixində keçirilən iclasda AR DİN BDYPİ-nin əməkdaşı da iştirak etmişdir. İclas zalında nümayəndəyə yerdə 1.11 üfüqi nişanlanma xəttinin təsir dairəsində olan ərazidən sağa manevr edilməsinin qadağan olduğunu bildirmişdir. Ancaq, "Yol hərəkəti haqqında" qanunun 69-cu maddəsinin VI hissəinin 11ci bəndinə əsasən 1.11-yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir. Məhəkəmə iclas zalında mənim 1.11 üfüqi nişanlanma xəttinin hüdudlarında sağa manevr edərək avtobus zolağına girməyim və təkrarlanan avtobus nişanının üstünün ağacla örtülməsi təqdim etdiyim video materialda açıq şəkildə görülmüşdür. Qeyd edilənlərə əsasən məhəkəmə yekun qərarında "Yol hərəkəti haqqında" qanunun 327.1. maddəsinə əsasən qırx manat məbləğində cərimə edilməsini də nəzərdən keçirməmişdir. Beləki, bu qanuna əsasən məhəkəmə əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə məni həmin maddənin tələblərinə uyğun cəzalandırılmam haqqında qərar qəbul edə və ya inzibati orqana geri qaytararaq yenidən işə baxılaraq doğru qərarın qəbul edilməsi haqqında istiqamət verə bilərdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə vaxtında və lazımı qaydada məlumat verilməsinə baxmayaraq proses iştirakçıları məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiya məhkəməsi, məhkəmə iclasının proses iştirakçılarının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini inzibati işin materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin olunmamalı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “KİA Carens minik” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Elyasov İlham Ərşad oğlu Bakı şəhəri Nizami rayonu Koroğlu metrostansiyasının ərazisində ## #### 2026-cı il tarixdə, saat 03:29-da “5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi”nə görə, Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolaqlarında rejimin qaydaları "Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsində nəzərdə tutulur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin IV bəndinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Həmin Qanunun 69-cu maddəsinin 11-ci bəndinə əsasən 1.11 — yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir; Göründüyü kimi, zolaq 1.1 bütöv nişanlanma xətti ilə digər hərəkət zolaqlarından ayrılmışdırsa, həmin zolağa heç bir halda keçmək olmaz. Yalnız yoldan çıxış və yola giriş yerlərində 1.11 nişanlanma xətti ilə işarələnən yerlərdə bu zolağa qismən daxil olub oradan müvafiq manevri etməyə icazə verilir. Giriş-çıxış yerlərində digər nəqliyyat vasitələrinin sürücüləri 1.11 xətti ilə işarələnməyən yerlərdə bu zolağa keçərlərsə, yaxud bu zolaqdan çıxarlarsa, onlar İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, həm nişanlanma xəttinin tələbini pozduqlarına, həm də nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarını pozduqlarına görə cərimə edilməsi qanunidir. Digər nəqliyyat vasitələrinin sürücüləri giriş-çıxış yerlərində tətbiq edilmiş 1.11 xəttini kəsərək həmin zolağa daxil olduqda mütləq yoldan çıxmalıdırlar. Həmin zolağa daxil olub girişçıxış yerini düz keçərək bu zolaqla hərəkəti davam etdirmək, o cümlədən növbəti 1.11 xətti olan yerdə həmin zolağı tərk edənədək davam etdirmək qadağandır. İnzibati xəta hadisəsini özündə əks etdirən müvafiq fotolar işə əlavə edilmiş və həmin sübutlardan aydın olur ki, Elyasov İlham Ərşad oğlu ## #### 2026-cı il tarixdə, saat 03:29-da Bakı şəhəri Nizami rayonu Koroğlu metrostansiyasının ərazisində “KİA Carens minik” markalı, **- KF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qanunda nəzərdə tutulmuş müstəsna hallara riayət edilmədən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olmuş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin IV bəndində nəzərdə tutulan tələblərə riayət etməmişdir. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Elyasov İlham Ərşad oğlu barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq şikayəti təmin etməmişdir Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, qərara aldı: Elyasov İlham Ərşad oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026- cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından Elyasov İlham Ərşad oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-c il tarixli *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2744/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2744/2026
03.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver