Məhkəmə qərarları › İş №3(3-6)-2771/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2771/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2771/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Məhkəmə iclas katibi X1 iştirakları ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protocol və toplanmış materialın AR İqtisadiyyat Nazirliyi yanında yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər İdarəsinə geri qaytarılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli *(*-**)-****/**** nömrəli qərardadından Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə materiala Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: “xxxx” MMC-nin Azərbaycan Respublikasının İXM-in 405-1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə “xxxx MMC”-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405- 1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə geri qaytarılması qərara alınmışdır. Həmin qərardan narazı qalan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati orqanın qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, qeydiyyat orqanı tərəfindən ##.##.2026cı il tarixində barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxsin nümayəndəsi ilə əlaqə saxlanılmaq mümkün olmadığından onun iştirakının təmin edilməsi və izahatının alınması mümkün olmamışdır. Beləliklə, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş, daha sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barədə tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı protokolun surəti ##.##.2026-cı il tarixli, 3-21-2-2-1/2-48328 /**** nömrəli məktubla Cəmiyyətin həm elektron kabinetinə, həm də poçt ünvanına (SS939852715AZ) göndərilmişdir. Nümayəndənin iştirakının təmin edilməməsi səbəbilə sonuncunun izahatının alınmaması qeydiyyat orqanının hərəkətsizliyindən deyil, qanunla müəyyən edilmiş qısa prosessual müddət və nümayəndə ilə həmin müddət ərzində əlaqə saxlanılmasının mümkün olmaması ilə əlaqədar olmuşdur. Həmçinin iş materiallarından müəyyən edilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsi tərəfindən həmin materiallar inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması üçün qanunvericiliyin tələblərinə uyğun və kifayət qədər əsaslandırılmış vəziyyətdə deyildir. Apellyasiya qaydasında verilmiş şikayətlə bağlı işin materiallarını araşdırıb hesab edirəm ki, qanunverici inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılmasından əvvəl iş materiallarının prosessual və faktiki baxımdan qanunla müəyyən edilmiş tələblərə cavab verməsini təmin etməyi zəruri hesab etmişdir. Bu mərhələdə məqsəd inzibati xəta haqqında protokolun və onu təsdiq edən digər materialların qanuni, düzgün və tam şəkildə tərtib edilməsini təmin etməklə iş üzrə obyektiv və əsaslandırılmış qərarın qəbul edilməsi üçün lazımi prosessual şərait yaratmaqdır. Xüsusilə nəzərə alınmalıdır ki, aşkar edilmiş çatışmazlığın məhkəmə tərəfindən işə baxılarkən aradan qaldırılması faktiki olaraq yeni məlumatların və ya sənədlərin sonradan formalaşdırılmasını, protokolda əks etdirilməli olan halların əlavə edilməsini və ya ilkin prosessual sənədin məzmununun dəyişdirilməsini tələb edir. Bu isə məhkəmənin işə baxan subyekt kimi protokol tərtib edən orqanın vəzifəsini öz üzərinə götürməsi ilə nəticələnə bilər. Məhkəmənin vəzifəsi inzibati xəta haqqında protokolu tərtib edən orqanın buraxdığı prosessual çatışmazlıqları onun əvəzinə aradan qaldırmaq deyil, təqdim edilmiş materiallar əsasında işə qanunauyğun və obyektiv baxılmasını təmin etməkdir. Buna görə də iş materiallarında mövcud olan və işə baxılarkən aradan qaldırılması mümkün olmayan çatışmazlıqların protokolun tərtib edilməsi mərhələsində aradan qaldırılması zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tətbiqi üçün protokolun mütləq olaraq bütün hallarda etibarsız hesab edilməsi tələb olunmur. Həmin norma, digər şərtlərlə yanaşı, protokolun və ya digər materialların düzgün tərtib edilməməsini və ya təqdim edilmiş materialların natamam olmasını, bu çatışmazlıqların isə işə baxılarkən tamamlana bilməməsini geri qaytarma üçün hüquqi əsas kimi müəyyən edir. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya qaydasında şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar